Məhkəmə qərarları › İş №2(011)-4894/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4894/2022

16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4894/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlaka dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının əmlakına dəymiş 430 manat ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 460 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 iyun 2022-ci il tarixdə saat 08.05 radələrində iddiaçıya məxsus olan “Toyota” markalı, **-VK-*** dövlət nişanlı avtomobillə Gəncə prospektində hərəkət edərkən qabaqda hadisə olduğu üçün dayanmışdır. Onun yanında “Opel” markalı, AZ **-UA-*** dövlət nömrə nişanlı avtomobil geriyə hərəkət edərək onun avtomobilini qabaq və arxa qapılarını vuraraq əzmişdir. Hadisədən sonra AZ **-UA- *** dövlət nömrə nişanlı, “Opel” markalı avtomobilin sürücüsü şəxsiyyət vəsiqəsini iddiaçıya verərək avtomobili öz hesabına təmir etdirəcəyini bildirmişdir. Lakin cavabdehlər hadisə yerindən yayınmışlar. İddiaçı 102 çağrı xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Cavabdehlər tərəfindən iddiaçının avtomobilə dəymiş zərər qüsur aktına əsasən 430 manat məbləğində dəyərləndirilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddiaçının əsl iddiaçı olan X3 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı əsl iddiaçı olan X3 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 30 iyun 2022-ci il tarixdə saat 08:45 radələrində “Opel Astra” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 yol hərəkəti qaydalarını pozaraq iddiaçıya məxsus olan və onun tərəfindən idarə olunan “Toyota Corolla” markalı, **-VK-*** dövlət nişanlı avtomobilin qabaq və arxa qapılarını vuraraq əzmişdir. Bakı şəhər DYPŞ inspektoru tərəfindən tərtib olunmuş 30 iyun 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və 30 iyun 2022-ci il tarixli, TP5104981 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən **-UA-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobilin sürücüsü Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş və AR İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə zamanı “Toyota Corolla” markalı, **-VK-*** dövlət nişanlı avtomobilə dair verilmiş qüsur aktına əsasən 430 manat məbləğində maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh2 idarə etdiyi “Opel Astra” markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə 30 iyun 2022-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı X2 məxsus olan və onun tərəfindən idarə olunan “Toyota Corolla” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Həmin hal tərəflərin izahatı və iş materialları ilə təsdiq olunur. Bu hal təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə Cavabdeh2 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddia tələbindən göründüyü kimi iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsini tələb edərkən həmin maddi zərəri 430 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 pulun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Belə ki, hazırkı işin halları baxımından vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdeh2dur. Digər Cavabdeh1 “Opel Astra” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ etibarnamə əsasında verilmişdir. Cavabdeh1 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşımır. Belə ki, iş materialları ilə Cavabdeh2 həmin avtomobili etibarnaməsi olmadan idarə etməsi və ya avtomobilin sahibliyindən hüquqa zidd götürülməsində Cavabdeh1 təqsirli olması kimi hallar müəyyən olunmamış, məhkəməyə bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə qeyd olunanlar kontekstində hesab edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş maddi zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsi Cavabdeh2 öhdəsinə qoyulmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 430 manat maddi ziyan tutularaq X2 ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 430 (dörd yüz otuz) manat maddi ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar