Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-49/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Amal-2015 MMC-yə qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş ziyana görə pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. X3 ilə cavabdehlə arasında xx.xx.2022-ci il tarixdə mənzil tikintisi barədə müqavilə (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqaviləyə görə cavabdeh ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun, 16-cı mərtəbəsində, 81,85 kv.m. sahədən ibarət 8-D saylı mənzili (bundan sonra – Mənzil) alıcıya təhvil verməyi, alıcı isə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdələrinə götürmüşlər. Müqavilədə Mənzilin 1 kv.m-nin qiymətinin 1050 manat, sahəsinin isə mənzilin kontur divarlarının arası, balkon, lociya, terras, şüşəbənd və eyvanlar daxil olmaqla, oxdan-oxa hesablanması müəyyən edilmişdir.
2. Mənzilə dair X2 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona Çıxarış (qeydiyyat nömrəsi: **********) verilmişdir. Çıxarışda Mənzilin ümumi sahəsi 71.50 kv.m. olaraq göstərilmişdir.
3. X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Vüqar Baxşıyevin iki vərəsəsi – anası (iddiaçı) İddiaçı və övladı X4 (Bakhsıeva Aınur) – var. xx.xx.2023-cü il tarixdə Bakı 6 saylı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, şəhadətnamədə Vüqar Baxşıyevdən miras qalmış əmlakın Mənzildən (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 57A, M16, m8 olaraq göstərilmişdir) ibarət olması və hər birinə miras əmlakdan ½ irs alması qeyd edlmişdir.
4. Mülki iş icraata qəbul edildikdən sonra X3 xx.xx.2022-ci il tarixdə öldüyündən (iddia ərizəsi Vüqar Baxşıyevin xx.xx.2022-ci il tarixdə verdiyi etibarnamə və xx.xx.2022-ci il tarixdə verilmiş order əsasında onun vəkili və nümayəndəsi tərəfindən imzalanmış, ölüm haqqında şəhadətnamə isə xx.xx.2022-ci tarixdə verilmişdir) mülki işin icraatı Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarda ilə dayandırılmış, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə təzələnmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı X2 xeyrinə 10867 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçının vəkili və nümayəndəsi sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 8347,5 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbəsində yerləşən 81,85 kv.m-dən ibarət 8-D saylı mənzil iddiaçıya təhvil verilmiş, müqabilində isə həmin mənzilin hər bir kv.m sahəsi üçün 1050 manat olmaqla, ümumilikdə 85.950 manat pul vəsaiti cavabdehə ödənilmiş, iddiaçı öhdəliyini yerinə yetirmişdir. Həmin müqaviləyə əsasən satıcı qismində cavabdeh tərəfin bir sıra öhdəlikləri nəzərdə tutulmuşdur ki, bunlardan biri kimi satıcı tərəfindən (hazırki iş üzrə cavabdehi) binanın, o cümlədən mənzilin istilik sistemi ilə təmin edilməsidir. İddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə ona çıxarış verilmiş, lakin çıxarışda mənzilin ümumi sahəsinin 71,50 kv.m olduğu qeyd edilmişdir. Bu fakt isə iddiaçının mənzil üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı tarixdə məlum olmuşdur.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan qəbul etmirlər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 1-ci bəndinə əsasən satıcı ünvan 2 ünvanında inşa edilən Cavabdeh çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun 15-cı mərtəbəsində ümumi sahəsi 81,85 kv.m olan 8-D saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında satıcıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə üzrə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mənzilin sahəsinə yaşayış, yardımçı, eyvan sahələri və divaraltı sahə daxildir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdehin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin sonuncu məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
16. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. Maddə 443.2. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Şəhərsalma və Tikinti Məcəlləsi
22. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
23. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
25. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”
26. Bənd 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir.
27. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
32. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
33. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
34. Tərəflər arasındakı mübahisənin xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını, əsasən Mülki Məcəllənin 21, 385 və 443-cü maddələrinin təşkil edir.
35. Belə ki, mərhum Vüqar Baxşıyevlə cavabdeh arasında mənzil tikintisi ilə bağlı yazılı podrat müqaviləsi bağlanmışdır. Mübahisə isə iddiaçıya görə cavabdeh tərəfindən öhdəliklərinin tam yerinə yetirilməməsi ilə bağlıdır. İddiaçı iddia edir ki, cavabdeh Mənzili müqavilədə razılaşdırılmış ölçüdə tikərək təhvil verməmişdir, çünki mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə Çıxarışda Mənzilin sahəsi az, 71,50 kv.m. göstərilmişdir. Cavabdeh isə Mənzilin sahəsinin hesablanması ilə bağlı müqavilədə konkret müddəa olduğuna istinad edərək öhdəliyini tam yerinə yetridiyini bildirir.
36. İddiaçının varisi olduğu Vüqar Baxşıyevlə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış mənzil tikintisi barədə müqavilədə Mənzilin sahəsinin hesablanması qaydasına dair müddəlar göstərilmişdir. Belə ki, Müqavilənin 1.1-ci bəndinin sonuncu cümləsində qeyd edilir ki, mənzilin sahəsinə yaşayış, yardımçı, eyvan sahələri və divar altı sahə daxildir. Eləcə də, Müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə ilə müəyyən edilmiş mənzilin sahəsi onun kontur divarları arası, balkon, lociya, terras, şüşəbənd və eyvanlar daxil olmaqla, oxdan-oxa hesablanır.
37. Məhkəmə qeyd edir ki, mənzillər qanunun müəyyən etdiyi təsnifata uyğun olaraq (özünə məxsus xüsusiyyətləri nəzərə alınamqla) fərdi-müəyyən əşya hesab edilir. Mənzillərin fərdi-müəyyən əşya kimi özünə məxsus xüsusiyyəti onların müəyyən bir ölçü çərçivəsində bir və ya bir neçə otaqdan və yardımçı sahələrindən ibarət olmaqla inşa edilərək, vahid əşya kimi insanların yaşayışı üçün nəzərdə tutulmasında ifadə olunur.
38. Mənzillərin sahəsinin müəyyən edilməsi və ölçülməsi qaydası Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın yuxarıda qeyd edilən müddəlarında konkret göstərilmişdir. Həmin müddəalardan da görünür ki, mənzillərin ümumi sahəsinə həm yaşayış otaqlrı, həm də həmin otaqlara bağlı olmaqla onlara xidmət etmək üçün inşa edilmiş yardımçı sahələr daxildir. Daha dəqiq, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsində yaşayış binalarındakı mənzillərin ümumi sahəsinə hansı hissələrinin daxil edildiyi, 59.3-cü bəndində isə mənzillərin ümumi sahəsi hesablanarkən hansı hissələrin nəzərə alınmaması, həmçinin, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nda müvafiq əmsallar tətbiq edilməsi yolu ilə mənzillərin ümumi sahəsinin hesablanması qaydası konkret göstərilmişdir. Bu qaydaların müəyyən edilməsində məqsəd isə tikinti fəaliyyətinin yerinə yetirilməsində dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsindən ibarətdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 1.2-ci bəndində də göstərilir ki, bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir.
39. Cavabdeh də etirazında Mənzilin sahəsinin hesablanmasına dair tərəflər arasında bağlanmış müqavilədə razılaşma olduğuna və onun sahəsinə yaşayış, yardımçı, eyvan sahələri və divaraltı sahənin daxil olmasına istinad edərək iddianı qəbul etmədiyini bildirmişdir. Lakin məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, yaşayış binalarında mənzillərin hesablanması qaydası barədə yuxarıda ətraflı şərh edilmişdir. Mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavildə isə qanunvericiliklə müəyyən edilmiş qayda pozulmaqla, hətta Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsində bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmamasının imperativ olaraq göstərilməsinə baxmayaraq, Müqavilədə mənzilin ümumi sahəsinə divar altı sahə hesablanmışdır.
40. Bundan başqa, Müqavilənin 2.2-ci bəndində göstərilir ki, bu müqavilə ilə müəyyən edilmiş mənzilin sahəsi onun kontur divarları arası, balkon, lociya, terras, şüşəbənd və eyvanlar daxil olmaqla, oxdan-oxa hesablanır. Məhkəmə hesab edir ki, Müqavilənin həmin bəndi qeyri-müəyyən formada ifadə edilmiışdir. Belə ki, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8. bəndinə görə mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Müqavilənin göstərilən bəndində Mənzilin balkon, lociya, terras, şüşəbənd və eyvan sahələri hesablanarkən qanunla müəyyən edilmiş əmsalların tətbiq edilməklə hesablaması müəyyən edilmir. Digər bir tərəfdən, Mənzilin sahəsinin qeyd edilən sahələr nəzərə alınmaqla oxdan-oxa hesablanması qeyd edilsə də, hesablanmanın hansı nöqtədən (oxdan) hesablanmalı olması da müqavilədə dəqiq göstərilməmişdir.
41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mənzilin sahəsinin müəyyən edilərək müqavilidə dəqiq göstərilməsi bu tipli müqavilələr üçün mühüm şərtdir, çünki mənzilin ümumi dəyəri, əsasən həmin sahəyə uyğun olaraq müəyyən edilir. Buna görə də, müqavilənin həmin mühüm şərtləri dəqiq və anlaşılan şəkildə (ifadələrlə) göstərilməldir ki, tərəflər öhdəliklərini həmin şərtlər daxilində düzgün icra edə bilsinlər. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir.
42. Məhkəmə yuxarıda şərh edilənləri əsasən belə qənaətə gəlir ki, cavabdeh Mənzilin sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablamamaqla öhdəliyini pozmuş və bununla da iddiaçıya maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onda ifadə olunur ki, o, 81,85 kv.m olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da real olaraq daha kiçik ölçüdə mənzilə görə ödənilmiş pul nisbətində əmlakından məhrum olmuşdur.
43. Mənzilin real sahəsinə gəldikdə isə, məhkəmə bununla bağlı ekspert rəyini daha mötəbər sübut hesab edir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10/1364 saylı, xx.xx.2024-cü il tarixli rəyində Mənzilin müvafiq azalma əmsalları tətbiq edilmədən, habelə bayır və ara divarlarının altı nəzərə alınmadan mövcud (real) sahəsinin 73,9 kv.m olduğu müəyyən edilmişdir.
44. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
45. Beləliklə, iddiaçıya dəymiş zərər Mənzilin sahəsinin hər kv. m-inin qiyməti, Müqavilədə göstərildiyi kimi 1050 manat nəzərə alınmaqla, Müqavilədə göstərilən 81,85 kv.m-dən ekspert rəyində müəyyən edilmiş real sahəsi – 73,9 kv.m çıxılmaqla hesablanmalıdır. Bu halda, iddiaçıya dəymiş maddi zərərin 8347,5 manat (81.85 kv.m. – 73,9 kv.m = 7,95 kv.m; 7,95 kv.m x 1050 manat = 8347,5 manat) olduğu müəyyən edilir.
46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 8347,5 manat pul və 103,47 manat dövlət rüsumu “Amal-2015 MMC-dən tutularaq İddiaçı ödənilsin. 50 manat ekspertiza xərci "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı