Məhkəmə qərarları › İş №2(011)-491/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-491/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-491/2022 11.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh1, X1 iştirakları ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X4 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli MK-00175-14/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 05 oktyabr 2021-ci il tarixinə ödənilməmiş 4.899,73 manat əsas borc, 309.25 manat faiz borcu, 279 manat dəbbə borcu, ümumilikdə 5.487,98 manat məbləğində borcun, ödənilmiş 74.88 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli, MK-00175-14/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh1 27 fevral 2020-ci il tarixdə iddiaçı ilə MKYG-00175-14/20A saylı girov müqaviləsi bağlayaraq özünə məxsus “Kişi geyimlərini” 27 fevral 2020-ci il tarixli MK-00175-14/20A saylı kredit müqaviləsinin təminatı olaraq girova qoyulmuşdur. Cavabdeh X6 27 fevral 2020-ci il tarixdə iddiaçı ilə MKZ-00175-14/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür. Cavabdehlərə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq onlar öhdəliklərini icra etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ekspert X5 öz izahatında bildirdi ki, o, müqavilə müddəti bitdikdən sonra ödənilmiş vəsaitləri 20 faiz ilə hesablamış, digər ekspert isə müqavilə müddəti bitəndən sora illik 5 faizlə hesablamışdır. Məbləğlərin arasındakı fərq bununla izah olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin və ekspertin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli, MK-00175- 14/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 22 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh1 27 fevral 2020-ci il tarixdə iddiaçı ilə MKYG-00175-14/20A saylı girov müqaviləsi bağlayaraq özünə məxsus “Kişi geyimlərini” 27 fevral 2020-ci il tarixli MK-00175-14/20A saylı kredit müqaviləsinin təminatı olaraq girova qoyulmuşdur. Cavabdeh X6 27 fevral 2020-ci il tarixdə iddiaçı ilə MKZ-00175- 14/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür. Yaranmış borcla əlaqədar cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 Bank "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə digər cavabdehin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 Bank "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər cavabdeh X6 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Beləliklə yuxarıda müəyyən edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər icra etmədikləri öhdəliklərə görə məsuliyyət daşıyırlar və onlardan kredit məbləği tutulmalıdır. Məbləğin hansı həcmdə tutulması ilə bağlı məsələyə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə iki müxtəlif ekspert rəyi mövcuddur. Məhkəmə iclasında dinlənilmiş ekspertin izahatlarına əsasən, birinci ekspertiza keçirilən zaman müqavilə müddəti bitəndən sonra cavabdehin ödədiyi məbləğlərin silinməsi zamanı faizə münasibətdə Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edilməklə faizin həcmi 5 faiz müəyyən edilmişdir. İkinci ekpsertiza keçirilən zaman faiz məbləğlərinin silinməsi 22 faizə, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsinə uyğun hesablanmışdır. Məhkəmə hər iki sübuta qiymət verərək hesab edir ki, iki ekspertiza rəyindən birincisi (xx.xx.2022-ci il tarixli rəy) sübut kimi qəbul edilməli və məhkəmənin yekun qərarında istinad olunan ekspert rəyində müəyyən edilmiş məbləğlər cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə müddəti bitdikdən sonra tərəfdən faizin tutulması illik 5 faiz həcmində olmalıdır. Yenə də mülki qanunvericiliyə əsasən müqavilə müddətində nəzərdə tutulmuş faiz məbləğlərinin borcludan tələb edilməsi üçün müqavilə müddəti bitəndən sonra tərəflər arasında bununla bağlı razılaşma olmalıdır. Beləliklə, hər iki ekspert rəyinə əsasən cavabdehin müqavilə müddətinin sonuna, yəni 27 fevral 2021-ci il tarixə 9.052,22 manat əsas, 86.38 manat məbləğində faiz borcu mövcud olmuşdur. Müqavilə müddəti bitəndən sonra tərəf 6909,87 manat məbləğində ödənişlər etmişdir, o ödənişlər həm əsas, həm faiz borcuna silindikdən sonra cavabdehlərin 02 noyabr 2021-ci il tarixə 2.428,23 manat əsas, 13.49 manat məbləğində faiz borcu olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2.428,23 manat əsas, 13.49 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 279 manat cərimənin 70 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə bildirdiyindən və həmin müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında bağlanmış 27 fevral 2020-ci il tarixli MK-00175-14/20A saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 2.428,23 manat əsas, 13.49 manat faiz borcu və 70 manat cərimə borcu olmaqla, cəmi 2.511,72 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 74.88 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 40.88 manat məbləğində rüsum və 0.40 manat bank xidməti haqqı tutularaq iddiaçıya ödənilməli, qalan 34 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 54 manatı cavabdehlərdən, qalan 46 manatı isə iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə iddiaçı Bank "xxxx" ASC arasında bağlanmış 27 fevral 2020-ci il tarixli MK-00175-14/20A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 2.428,23 (iki min dörd yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manat əsas, 13.49 (on üç manat qırx doqquz qəpik) manat faiz borcu və 70 (yetmiş) manat cərimə borcu olmaqla, cəmi 2.511,72 (iki min beş yüz on bir manat yetmiş iki qəpik) manat pul vəsaiti, 40.88 (qırx manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qalan 34 (otuz dörd) manat dövlət rüsumu iddiaçı Bank "xxxx" ASC-nin özünə aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 54 (əlli dörd) manatı cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada, qalan 46 (qırx altı) manatı isə iddiaçı Bank "xxxx" ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar