Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-493/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Akif oğluna qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh Akif oğluna qarşı – cavabdehdən iddiaçıya qaytarmalı olduğu 3500 manat məbləğində pulun və 2021-ci ilin iyul ayından etibarən ona dəymiş maddi zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 1000 manat olmaqla, cəmi 4500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yaşayır. Cavabdeh Akif oğlunun usta olduğunu güman edərək həmin evi təmir etmək üçün ona 4000 manat məbləğində pul vermişdir. Həmçinin həmin evin açarını da ona vermiş, cavabdeh isə evinə başqa şəxsləri salaraq orada narkotik vasitələrdən istifadə etmişdir. Bu barədə iddiaçı Sabunçu RPl-nə müraciət etmişdir. Lakin Sabunçu RPİ-nin 12-ci PŞnin 16 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Həmçinin cavabdeh onun evini standartlara uyğun təmir etməmiş, orada ümumilikdə 500 manat dəyərində təmir işləri görmüşdür. Qalan təmir işlərini isə yerinə yetirməmişdir. Bundan başqa, cavabdehin səhlənkarlığı nəticəsində o, iddiaçının evini təmir etməməklə ona maddi ziyan vurmuşdur. Belə ki, iddiaçı hər ay 200 manat məbləğində olmaqla evini kirayəyə verib, gəlir əldə etmişdir. Lakin evi 2021-ci ilin iyul ayından təmir üçün cavabdehə təhvil verdiyindən, həmin kirayə haqqından da məhrum olmuşdur. Bir neçə dəfə cavabdehdən pul tələb etmişdir, lakin cavabdeh pulun qalan hissəsini qaytarmamışdır. Buna görə də, Cavabdeh Akif oğlundan iddiaçıya qaytarmalı olduğu 3500 manat məbləğində pul və 2021-ci ilin iyul ayından etibarən ona dəymiş 1000 manat məbləğində əldən çıxmış fayda ondan tutulmalıdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh Akif oğlu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinə əsasən, cavabdehin gəlməməsi barədə məlumat olmadığından işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin 16 sentyabr 2021-ci il tarixli qərarına əsasən İddiaçı DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin 01 oktyabr 2021-ci il tarixli qərarına əsasən X1 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi yaradacaq əsas və səbəblər olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı, X3, X2 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Sadalanan xüsusatlardan, işin materiallarından və iddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehə evin təmirinə görə ümumilikdə 4000 manat məbləğində pul verdiyini və cavabdehin həmin 3500 manat pulu qaytarmadığına, həmçinin 1000 manat məbləğində əldən çıxmış faydanın mövcud olmasına əsaslanaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.3-ci maddəsinə əsasən, podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Lakin tərəflər arasında həqiqətən podrat müqaviləsinin bağlanmasını, 4000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsini, həmçinin bu podrat münasibəti ilə əlaqədar cavabdehin işini vaxtında yerinə yetirməməsinə görə iddiaçıya əldən çıxmış fayda qismində 1000 manat məbləğində zərərin vurulmasını təsdiq edən heç bir mötəbər sübut məhkəmə araşdırılması zamanı təqdim edilməmiş və həmin hal məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Göründüyü kimi, iddiaçının tələbi işin hər hansı halı ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında podryat müqaviləsinin bağlanması, cavabdeh tərəfindən iddiaçıdan 3500 manat pul vəsaitinin alınması və 1000 manat maddi zərərin vurulması öz təsdiqini tapmadığından, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd edilən Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının iddiasını əsaslandırdığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, iddia təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh Akif oğluna qarşı – cavabdehdən 3500 manat məbləğində pulun və 2021-ci ilin iyul ayından etibarən ona dəymiş maddi zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 1000 manat olmaqla, cəmi 4500 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-493/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-493/2022
08.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver