Məhkəmə qərarları › İş №2(011)-4937/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4937/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4937/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Səma” fərdi firmasının Cavabdeh qarşı “borcun ödənilməsi” barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Səma” fərdi firması Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 79.556 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “Səma” fərdi firmasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş ümumi yurisdiksiyalı məhkəməyə aid deyildir. Buna görə də iş aidiyyatı məhkəməyə göndərilməlidir. Belə ki, iddia ərizəsi və iş materiallarından görünür ki, iddiaçı “Səma” fərdi firması Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicisi (VÖEN: **********) olaraq qeydə alınmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs, Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi (VÖEN: **********) olaraq qeydə alınmış fərdi sahibkar kimi fəaliyyət göstərir. Hazırkı iş üzrə tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyət dairəsi müəyyən edilmişdir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsinə ümumi yurisdiksiyalı məhkəmədə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi, mövcud mübahisə üzrə aidiyyət Bakı Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində borcun silinməsini tələb etdiyi ünvan qeyri-yaşayış sahəsi olduğundan, ərizə əsaslıdır. Buna görə də, ərizə təmin edilərək, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Səma” fərdi firmasının Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddiasına dair iş baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar