Məhkəmə qərarları › İş №2(011)-4944/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4944/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4944/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Behbudov Elşən Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı əsas borc üzrə 566,73 manat, faiz borcu üzrə 921,64 manat, cərimə üzrə 878,41 manat, cəmi 2366,78 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 018A********** saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehə aylıq faiz dərəcəsi 3.0833% olmaqla, 18 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçının xx.xx.2020-ci il tarixdə verdiyi maliyyə arayışına görə cavabdehin xx.xx.2020-ci il tarixə 566,73 manat əsas, 921,64 manat faiz borcu, cərimə üzrə 878,41 manat olmaqla, cəmi 2366,78 manat, xx.xx.2020-ci il tarixdə verdiyi maliyyə arayışna görə isə xx.xx.2016-cı il tarixə 566,73 manat əsas, 87,83 manat faiz borcu, cərimə üzrə 123,05 manat olmaqla, cəmi 777.61 manat borcu vardır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 018A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 3.0833% olmaqla, 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 433,27 manat ödəniş etmiş və onun iddiaçıya 566,73 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 1556 gün üçün hesablanmış faiz borcu 921,64 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 1556 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 878,41 manat təşkil edir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək ərizəsində qeyd etmişdir ki, bankla arasında xx.xx.2015-ci ildə bağlanmış 018A********** saylı kredit müqaviləsi əsasında 18 ay müddətinə, yəni xx xxxxxx 2017-ci il tarixədək qaytarılması şərtilə 1000 manat kredit almışdır. Kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2016-cı ildə ödəniş etməyinə baxmayaraq, Bank müqavilə müddəti bitdikdən 3 il sonra, yəni xx.xx.2020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da 1556 gün ərzində 921 manat şişirdilmiş faiz və 878,41 manat cərimə hesablanmasına nail olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 018A********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmçinin, işina halları ilə o da müəyyən olunur ki, cavabdehin xx.xx.2016-cı il tarixə 566,73 manat əsas, 87,83 manat faiz borcu, cərimə üzrə 123,05 manat olmaqla, cəmi 777.61 manat borcu vardır (xx.xx.2020-ci il tarixli maliyyə arayışna əsasən). Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsinin bağlanmasını və cavabdehin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməməsini təkzib edəcək hər hansı hallar iş materialları ilə müəyyən olunmur. Lakin məhkəmə hesab edir ki, mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi kredit müqaviləsi xx.xx.2015ci il tarixdə 18 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək bağlanmışdır. Həmçinin, iş materiallarında olan hesabdan çıxarışa əsasən cavabdeh müqavilə üzrə 74 manat aylıq ödənişi sonuncu dəfə xx.xx.2016-cı il tarixdə etmişdir. Bu halda, iddiaçı müqavilənin icra müddəti başa çatdıqdan sonra 3 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək iddia ərizəsi ilə məhhəməyə müraciət etməli olduğu halda, xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. İddia müddəti ilə bağlı Mülki Məcəllənin 372.1-ci maddəsində deyilir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir . Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dairRespublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında deyilit ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddia müddətinin tətbiqinə dair ayrıca yazılı ərizə təqdim etdiyindən və iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən iddia müddətinin ötürülməsi əsasına görə iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar