Məhkəmə qərarları › İş №2(011)-496/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-496/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-496/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlavə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi iddiasında dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavadeh X1 1500 (min beş yüz) manat məbləğində pulun, 35 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 iri qabaritli yük maşınının sürücüsüdür. O, ölkə daxilində və ölkə xaricinə yük daşınması ilə məşğuldur. Uzun müddətdir ki, onların dostluq münasibətləri vardır. O, bu ilin iyul ayının 6-sı whatsapp vasitəsilə iddiaçı ilə əlaqə saxlayaraq Rusiya Federasiyasına yük apardığını, lakin yükü ona verən şirkətə daşıma haqqını yalnız yükü Rusiya Federasiyasında təhvil vermə məntəqəsinə çatdırdıqdan sonra ödəyəcəyini bildirdi. Lakin idarə etdiyi yük avtomobilinə pulu olmadığı üçün yanacaq doldura bilmədiyini, ona görə də Azərbaycanın Samur gömrük keçid məntəqəsində qaldığını bildirdi. İddiaçıya bunun üçün 1500 manat pul lazım olduğunu, həmin pula yanacaq alaraq Rusiya Federasiyasına gedib oradan apardığı yükə görə aldığı puldan 1 həftəyə ən geci 10 günə aldığı pulu qaytaracağını bildirdi. Onunla tanışlıqları və münasibəti olduğu üçün onun göndərdiyi kart hesab nömrəsinə (Rabitəbank **********489030) 1500 (bir min beş yüz manat) manat məbləğində pul göndərmişdir. Pulu göndərəndən sonra da iddiaçıya həmin pulu 1 həftəyə ən geci 10 günə qaytaracağını bildirmişdir. Həmin vaxtdan 10 gün də tamam olsa da, cavabdeh hər dəfə kimdənsə pulu alacağını bundan sonra borcunu qaytaracağını bildirir, borcunu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirir. Cavabdeh borcunu qaytarmamışdır. Cavabdehə pulun verilməsinə dair səs yazıları və ödəniş qəbzi mövcuddur. Göründüyü kimi, Cavabdeh 1 həftəyə qaytarmaq adı ilə aldığı 1500 manat hazıra kimi qaytarmayaraq verdiyi vədinə əməl etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmdan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı Cavabdeh qısa müddətə qaytarmaq şərtilə 1500 manat məbləğində borc pul vermişdir. Bu hal "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubu və iddiaçının məhkəməyə təqdim etdiyi səs yazıları ilə öz təsdiqini tapmışdır. Belə ki, "xxxx" ASC-nin məktubundan görünür ki, İddiaçı məxsus **********786848 saylı plastik kartdan xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə aid **********489030 saylı plastik karta 1500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Maddə 742. Borcun qaytarılması 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsn izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçıdan borc pul almışdırlar və kredit məbləğini iddiaçıya qaytarılmasına dair vəzifənin daşıyıcısı olmuşdurlar. Lakin, cavabdeh borc pul vəsaitini geri ödənilməsinə dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdirlər. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia 1500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 35 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, istinad edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 35 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın hüquqi yardımın göstərilməsinə dair ödənilmiş 50 manat mbələğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi yardımın göstərilməsinə dair 50 manat məbləğində pul vəsaiti ödədəyini iddia etsə də, buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 1500 (min beş yüz manat) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar