Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4970/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı Qəribova Raifdə Rövşənovnanın, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilərək artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilərək artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi təqdim edildiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 28 dekabr 2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində tutulması və ilkin mediasiya sessiyası üçün ödənilmiş 55 manat rüsumun cavabdehdən tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin 2(029)- 265/2015 nömrəli, 10 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı iddiası qismən təmin olunaraq, Cavabdeh ilə İddiaçı aralarında olan nikaha xitam verilmiş, birgə nikahdan anadan olmuş 28 dekabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək İddiaçı himayəsinə verilmişdir və uşaq üçün ayda 70 (yetmiş) manat olmaqla sabit pul məbləğində aliment təyin edilmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-481/2020 saylı qətnaməsinə əsasən isə aliment miqdarı artırılaraq aylıq 120 (yüz iyirmi) manat təyin olunmuşdur. Yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda ayda 120 manat uşağı dolandırmaq üçün heç nəyə kifayət etmir və həmin məbləğlə uşağın maddi ehtiyaclarını ödəmək çətindir. İddiaçı məhkəməyə ərizə ünvanlanaraq işə onun olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2016-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(029)- 265/2015 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 28 sentyabr 2011-ci il tarixdə Qusar RİHB-nın Köhnə Xudat kənd inzibati ərazi üzrə nümayəndəliyinə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması, Cavabdeh 16 fevral 2015-ci il tarixdən başlayaraq hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq 28 dekabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 3(067)-100/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışın surətindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. 55 manat mediasiya xərcini İddiaçı Röşənovna ödəmişdir. İş materiallarına əlavə olunmuş Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(029)-481/2020 saylı qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(029)-265/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, 28 dekabr 2012-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh İddiaçı Rövşənovananın xeyrinə hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında həmçinin göstərilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Azərbaycan Respublikası AM-nin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş materiallarından göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, təyin edilmiş alimentin miqdarının artırılması ilə bağlı iddia tələblərinin əsaslı olması ilə razılaşsa da, daha əvvəl 120 manat məbləğində tutulmalı olan alimentin miqdarının hər ay üçün 100 manat artırılaraq 220 manat məbləğində müəyyən edilməsini əsaslı hesab etmir. Belə ki, cavabdehin maddi və ya ailə vəziyyətində alimentin miqdarının hər ay 100 manat artırılmasına əsas verən dəyişikliyin baş verməsi iş materialları ilə öz təsdiqini tapmır. İş materialları ilə də görünür ki, alimentin miqdarı tədricən artırılaraq, Qusar Rayon Məhkəməsinin 2(029)-265/2015 nömrəli, 10 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən 70 (yetmiş) manat, həmin Məhkəmənin 2(029)-481/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən hər ay 120 (yüz iyirmi) manat miqdarında təyin olunmuşdur. Məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşağın, həm də cavabdehin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçının yanında yaşayan hər uşaq üçün ödənilməli olan alimentin məbləği 120 manat məbləğindən artırılaraq 180 manat miqdarda müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikan MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki halda isə iddiaçının iddia ərizəsini məhkəməyə təqdim edərkən, dövlət rüsumunu ödənilməsindən azad olunması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləği cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməli, mediasiya xərclərinə aid 55 manat məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-481/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Mediasiya xərcinə ödənilmiş 55 (əlli beş) manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4970/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4970/2023
11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver