Məhkəmə qərarları › İş №2(011)-4971/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4971/2023

07.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4971/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:

1. İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixində rəsmi nikaha daxil olmuşdurlar və birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir.

2. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-294/2021 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4352/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği artırılaraq 193 manat müəyyən edilmişdir.

4. Lakin həmin məbləğ uşağın tələbatlarını ödəməyə kifayət etmir. Həmçinin tərəflərin birgə nikahdan olan azyaşlı övladı mütəmadi olaraq xəstələndiyinə görə, iddiaçı onun müalicəsi üçün lazımi dərman və peraparatları ala bilmir. İddiaçı dəfələrlə cavabdehdən azyaşlı uşağının saxlanması üçün maddi kömək tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır.

İddiaçının tələbi:

5. Cavabdeh ilə iddiaçının birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş aliment məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin iddiaya münasibəti:

6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, alimentin artırılmasını istəyir, o təkbaşına uşağa baxa bilmir. Belə ki, uşaq böyüdükcə, onun xərcləri də artır, aldığı geyimlər bir müddət sonra uşağa balaca gəlir. Həmçinin iddiaçı bildirmişdir ki, uşağın sağlamlıq problemləri var və göz əməliyyatı olunmuşdur, lakin cavabdeh övladı ilə maraqlanmamışdır.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, o cavabdehin atasıdır, iddiaçı evdən gedəndə ondan uşağı necə dolandıracağını soruşmuş, iddiaçı isə cavabında hətta uşağı üçün süpürgəçi işləməyə belə razı olduğunu demişdir. Cavabdehin nümayəndəsi qeyd etmişdir ki, hazırda ən çoxu 200 manat məbləğində aliment ödəyə bilər. Oğlu Qarabağ döyüşlərində iştirak edib, baxmayaraq ki, 800 manata yaxın maaş alır özü də mütəmadi müalicə alır, həm ona, həm anasına baxmalıdır. Onun yaşı pensiya üçün azdır, işə düzələ bilmir, oğlu onlara baxır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. xx.xx.2023-cü il tarixli 150 nömrəli arayışa əsasən, İddiaçı həqiqətən Bakı şəhəri, Xətai rayon, 27 saylı MKİS-nin ərazisində yerləşən 8 Noyabr (keçmiş Zığ yolu) küçəsində 36 nömrəli evin 92 nömrəli mənzilində qeydiyyatsız yaşayır.

10. AZ-İ № 396158 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X5 və Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 317 № ilə qeyd edilmişdir.

11. AZ-T № 181858 saylı doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2019-cu il təvəllüdlü X3 anası X5, atası isə Cavabdehdur;

12. xx.xx.2022-ci il tarixli, 2(011)-4352/2022 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 29050)-294/2021 saylı qətnaməsi ilə Cavabdeh X2 xeyrinə tutulmuş alimentin miqdarının artırılması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat olmaqla sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir;

13. xx.xx.2022-ci il tarixli, 369 nömrəli arayışa əsasən, X3 hər iki gözünə müştərək çəpgözlük diaqnozu qoyulmuş, xx.xx.2022-ci il tarixində müştərək çəpliyin korreksiyası əməliyyatı icra olunmuşdur.

14. xx.xx.2022-ci il tarixli Dövlət tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsi;

15. xx.xx.2023-cü il tarixli MŞB/16/-00925 nömrə ilə Bakı şəhər 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmiş, Cavabdeh isə iştirak etməmişdir;

16. Elektron Məhkəmə və İnformasiya Sistemindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Cavabdeh "xxxx" MMC-də mexanik vəzifəsində işləyir və əmək haqqı 841.14 manat məbləğindədir;

17. İş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

19. Uşaq hüquqları haqqında 1989-cu il BMT Konvensiyası:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

20. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya:

8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1. İddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

25. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı. Məhkəmənin mövqeyi:

28. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

29. Belə ki, iddiaçının tələbi tərəflərin yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılmasından ibarətdir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§21). Qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.

30. Məhkəmə qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin əmək haqqının az olması və əlavə xərclərinin olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (§27). Məhkəmə hesab edir ki, cavabdehin başqa xərclərinin olması aliment ödədiyi övladı üçün alimentin artırılmaması üçün əsas kimi çıxış etməməlidir. Belə ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir (§27). Cavabdeh öz etirazını əsaslandırarkən qeyd etmişdir ki, o ən çoxu 200 manat miqdarında aliment ödəyə bilər. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Elektron Məhkəmə və İnformasiya Sistemindən çıxarışa əsasən, Cavabdeh "xxxx" MMC-də mexanik vəzifəsində işləyir və əmək haqqı 841.14 manat məbləğindədir. Məhkəmə hesab edir ki, cavabdehin əmək haqqı onun birgə nikahdan olan uşağı üçün Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı təmin etməyə kifayət edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin mütəmadi müalicə aldığını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

31. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (§27).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§26).

33. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§19). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§20), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.

34. Məhkəmə hesab edir ki, dəyişən yaşayış minumumuna mütənasib şəkildə alimentin miqdarı da dəyişdirilməlidir. Çünki Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu fonunda müəyyən edilir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, normal şəraitdə böyütmək hər iki valideynin borcudur.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4352/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 193 manat aliment miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləği Cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.

36. Aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. (§20) 28 mart 2016-cı il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir (§27).

Məhkəmə xərcləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq (MPM-in 112.1.3-cü maddəsinə əsasən 220-193=27; 27x12=324), yəni 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-4352/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin.

3. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın.

4. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin.

5. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar