Məhkəmə qərarları › İş №2(011)-5004/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5004/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5004/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2019-cu il tarixli RPF-00830-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 26 oktyabr 2020-ci il tarixinə ödənilməmiş 2.077,18 manat əsas borc, 12.59 manat faiz borcu, ümumilikdə 2.089,77 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında 22 avqust 2019-cu il arixli RPF-00830-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 2.266,61 manat məbləğində krediti illik 1 faizlə 1 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış FM- 02002-16/14U saylı 01 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 22 avqust 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00830-16/19A saylı 22 avqust 2019-cu il tarixli Kredit müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanmış 22 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faizlə 2.266,61 manat məbləğində kredit verilmişdir. Cavabdehin hazırda Bank "xxxx" ASC-yə cəmi 2.089,77 manat borcu qalmışdır. Yaranmış borcla əlaqədar cavabdehə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Bank "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iddia tələbinin cavabdehdən tələb olunan kredit borcunun tutulması hissəsini araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə bildirdiyindən və həmin müddətdə cavabdehdən cavab almadığından, iddiaçı müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən cavabdehdən 30 manat məbləğində rüsum və 0.40 manat bank xidməti haqqı tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanmış 22 avqust 2019-cu il tarixli RPF-00830-16/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 2.077,18 manat əsas, 12.59 manat faiz borcu olmaqla, cəmi 2.089,77 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat və 0.40 manat bank xidməti haqqı iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə Bank "xxxx" ASC arasında bağlanmış 22 avqust 2019-cu il tarixli RPF- 00830-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2.077,18 (iki min yetmiş yeddi manat on səkkiz qəpik) manat əsas, 12.59 (on iki manat əlli doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2.089,77 (iki min səksən doqquz manat yetmiş yeddi qəpik) manat pul vəsaiti, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat və 0.40 (qırx qəpik) manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar