Məhkəmə qərarları › İş №2(011)-5007/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5007/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5007/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh1 və X2 qarşı - Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.07.2019-cu il tarixli RPF-00440-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 26.10.2020-ci il tarixinə ödənilməmiş 9327.69 manat əsas borc, 66.34 manat faiz borcu, ümumilikdə 9394.03 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və X1 iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin ilə Cavabdeh1 arasında 04.07.2019-cu il tarixli RPF-00440-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" 9353,20 manat məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq etməklə 60 (altmış) ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-01031- 06/15U saylı 18.08.2015-cı il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 04.07.2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin ilə Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində 04.07.2019-cu il tarixli RPF- 00440-16/19A saylı Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 04.07.2019-cu il tarixdə iddiaçı ilə RPFZ-00440-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.07.2019cu il tarixli RPF-00440-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 26.10.2020-ci il tarixinə ödənilməmiş 9327.69 manat əsas borc, 66.34 manat faiz borcu, ümumilikdə 9394.03 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.07.2019-cu il tarixli RPF-00440-16/19A nömrəli Kredit Müqaviləsinə əsasən Bank kredit alana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə, 9353,2 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanılmış 04.07.2019-cu il tarixli RPFZ-00440-16/19A nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin borcverən qarşısında borcalanın RPF-00440-16/19A saylı illik 1 faizlə, 9353,2 manat məbləğdə 60 ay müddətinə Kredit Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyi öz üzərinə götürür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 26.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04.07.2019-cu il tarixli müqavilə üzrə 9327,69 manat əsas borcu, 66,34 manat faiz borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xəbərdarlıqdan görünür ki, cavabdehlərdən borcunu qısa vaxt ərzində "xxxx" Banka ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən və təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04.07.2019-cu il tarixli, RPF-00440- 16/19A saylı "Kredit müqaviləsi"nin ləğv edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04.07.2019-cu il tarixli, RPF-00440- 16/19A saylı "Kredit müqaviləsi" üzrə əsas borca görə 9327,69 (doqquz min üç yüz iyirmi yeddi manat, altmış doqquz qəpik) manat, 66,34 (altmış altı manat otuz dörd qəpik), ümumilikdə 9394,03 (doqquz min üç yüz doxsan dörd manat üç qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, bank xidmət haqqının əvəzi olaraq 0,40 (qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar