Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5015/2023 28.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC tərəfindən törədilmiş təqsirli əməllər nəticəsində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189 ünvanında yerləşən iki otaqlı, ümumi sahəsi 41.2 kv.m olan mənzilə dəymiş ziyanın qarşılanmasına görə 20.000 (iyirmi min) manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşin halları:
2. İddiaçı iddia ərizəsində qeyd etmişdir: Biz ailədə 4 uşaq olmuşuq. Ata və anamız ailə münasibətlərinə son qoyduqdan sonra mən və qardaşım Çingiz Əbiyev atamın yanında, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 189 ünvanında iki otaqlı, ümumi sahəsi 41.2 kv.m olan tikilidə yaşamışıq. Hal-hazırda da həmin ünvanda həyat yoldaşım və uşaqlarımla qeydiyyatdayıq. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 187 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın bünövrəsi atılan zaman həmin bünövrədən cəmi bir metr aralıda olan və içində azyaşlı övladlarımız ilə yaşadığımız evin həm tavanında, həm də otaqlar arasındakı divarlarda ciddi( qabarıq) çatlar yaranmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq, həmin şəraitdə yaşamağa davam edirik. "xxxx" MMC tərəfindən tikinti sferasının genişləndirilməsi, bizim yaşadığımız ərazinin də bura daxil edilməsi ilə bağlı maraq bizə bildirilmişdir. Lakin ağlabatan bir təklif edilmədiyindən müsbət cavab verməmiş və bununla razılaşmamışıq. Təklifə müsbət cavab verilmədiyindən "xxxx" MMC tərəfindən qeyri-etik və qanunsuz strategiyalar ilə sahənin əldə edilməsinə çalışılmışdır.
3. Bu yaxınlarda qardaşım X1 ilə "xxxx" MMC arasında müəyyən məbləğdə razılaşma əldə edilmişdir. Razılaşmada onların evdən köçmələri, köçərkən isə mütləq şəkildə evin bir hissəsini sökmələri iləbağlı tələb də öz əksini tapmışdır. Ailə üzvləri arasında münasibətlər müxtəlif səbəblərdən münaqişəli olduğundan və bu məsələdən tikinti şirkətinin də məlumatı olduğundan şirkət qohumlardan istifadə edərək istəklərinə nail olmağa çalışmışdır. X1 şirkət rəhbərliyinin istəyinə uyğun olaraq mənzili tərk edərkən mən evdə olmayanda söküntü işlərini həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə başlanan bu söküntü fəaliyyəti nəticəsində də mənzilə çox ciddi ziyan dəymişdir.
Tərəflərin izahatı:
4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;
Məhkəmənin mövqeyi:
6. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron məhkəmə informasiya sistemindən və AR İN yanında Dövlət Vergi Xidmətinin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ev 14 mənzil 49 ünvanıdır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.
7. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində deyil, Nərimanov rayonu ərazisində olduğundan, iş ərazi aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.
8. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(011)-5015/2023 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.
2. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova