Məhkəmə qərarları › İş №2(011)-5016/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5016/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5016/2020 29.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Babaşov Emin Söhbət oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin sabiq ticarət nümayəndəsi Cavabdeh 27.560,57 manat vurulmuş zərər, 5.010,66 manat faiz və 3000 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 35.571,23 manat pul vəsaitinin və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-yə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və Mülki Məcəllənin tələblərinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və tam maddi məsuliyyət daşıması haqqında müqavilə bağlanmışdır. Lakin cavabdeh öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq işdən azad edilmişdir. Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, nəticədə hesabında qalan pul vəsaitini ödəməsi istənilsə də, o, hər dəfə Cəmiyyətə gəlib vaxt istəyərək borcunu ödəyəcəyini bildirmiş və sənədlərinin hüquq mühafizə orqanlarına verilməməsini xahiş etmişdir. Lakin cavabdeh borcunu ödəmədiyindən onun 27.560,57 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, cavabdeh xx xxxx 2007-ci il tarixdə ticarət nümayəndəsi vəzifəsinə işə götürülmüş və xx xxxxxx 2017-ci il tarixdə öz istəyi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün onun iddiaçıya 27.560,57 manat borcu yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ticarət nümayəndəsi kimi işə götürdüyü Cavabdeh malları verərək qarşılığında yığımı ondan tələb etdiyindən, cavabdeh isə iddiaçıdan aldığı malları müştərilərə satmaqla, onlardan pulun yığılmasına nəzarət etməyi, yığım edə bilmədiyi halda iddiaçıya vurulmuş maddi məsuliyyətə görə cavabdehlik daşımağı öhdəsinə götürdüyündən, iddiaçı verdiyi mallara görə qaytarılmamış qalan pul məbləğini Cavabdeh tələb etməkdə haqlıdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia qalıq borcun tutulması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aralarında bağlanmış müqaviləyə əsasən mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında satılan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh müqavilə əsasında iddiaçıdan mallar almasına dair hüququndan istifadə etmiş, malların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qalıq borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia təmin edilərək, Cavabdeh 27.560,57 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 5.010,66 manat məbləğində faiz borcunun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onunla cavabdeh arasında razılaşmaya əsasən, xx xxxxxx 2016-cı il tarixinə qədər cavabdeh alınmış malların dəyərini ödəmişdir. Lakin həmin tarixdən etibarən cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı malların dəyərini ödəməmişdir. Bu səbəbdən də xx xxxxxx 2016-cı il tarixi əsas götürülməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx xxxxxxxx 2020-ci il tarixinə qədər cavabdeh tərəfindən 27.560,57 manat pul məbləğinin ödənilməsini gecikdirdiyini nəzərə alaraq illik beş faiz olmaqla cəmi 5.010,66 manat faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda kimi 3.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə qiymət verərək belə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Göründüyü kimi, qanunverici əldən çıxmış faydanı onu tələb edən şəxsin hüququnun pozulmaması halında adi mülki dövriyyədə əldə edə biləcəyi gəlirlər olaraq müəyyən etmişdir. Lakin, iddiaçı 3.000 manat məbləğində əldən çıxmış faydanı hansı şəkildə hesablamasını əsaslandırmamış və bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı əldən çıxmış faydaya görə tələb etdiyi pul məbləğini hansı qaydada hesabladığını və pul məbləğinin miqdarını necə müəyyən etdiyini sübut etmədiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin sabiq ticarət nümayəndəsi Cavabdeh 27.560,57 manat vurulmuş zərər, 5.010,66 manat faiz borcu olmaqla, ümumilikdə 32.571,23 manat pul vəsaiti İddiaçı MMCnin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30.40 manat dövlət rüsumu ödəmişdir, cavabdehdən 30.40 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 27.560,57 (iyirmi yeddi min beş yüz altmış manat əlli yeddi qəpik) manat vurulmuş zərər, 5.010,66 (beş min on manat altmış altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 32.571,23 (otuz iki min beş yüz yetmiş bir manat iyirmi üç qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar