Məhkəmə qərarları › İş №2(011)-5016/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5016/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5016/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və əlavə xərclərə görə sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, aliment miqdarının artırılaraq, Cavabdeh 27 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 220 manat alimentin tutulması və 27 yanvar 2017-ci il təvəllüdlü X1 xəstəliyinin müalicə olunması üçün əlavə xərclərə görə hər ay sabit məbləğdə 300 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 06 may 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq nikah haqqında 100 nömrəli şəhadətnamə almışlar. Tərəflərin birgə nikahından 27 yanvar 2017-ci il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdehlə birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşamışlar, sonradan münasibətləri pozulmuşdur. Buna görə də Cavabdeh nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(011)-6453/2019 saylı qətnaməsi ilə iddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, 27 yanvar 2017-ci il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılmış, 27 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27 noyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh tərəfindən 27 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi iddiaçıya ödənilən aliment onun minimum xərclərinə belə çatmır. Bu səbəbdən də iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(011)- 6453/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılaraq, Cavabdeh 27 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 220 manat alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçının qızının bir böyrəyi yoxdur. Onun müalicəsinə iddiaçı hər ay xərc çəkir. Qızı Elif ancaq iddiaçının maddi vəsaiti ilə qismən müalicə olunur. Qızı Elifın müalicəsi üçün lazım olan tam vəsait isə iddiaçıda yoxdur. Cavabdeh iddiaçıya qızının müalicəsinə heç bir maddi köməklik etmir. Buna görə məhkəmədən 27 yanvar 2017-ci il təvəllüdlü X1 xəstəliyinin müalicə olunması üçün əlavə xərclərə görə hər ay sabit məbləğdə 300 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını istəyir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(011)- 6453/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 27 yanvar 2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməsi, 27 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 noyabr 2019-cu il tarixdən başlayaraq iddiaçı Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, tərəflərin övladı 27 yanvar 2017ci il təvəllüdlü X2 tək böyrəklidir və bu səbəbdən sonuncu mütəmadi olaraq həkim müayinəsindən keçir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 42-ci maddənin 2-ci bəndinə əsasən, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın təmin edilərək, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iddia tələbinin cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmamış övladının xəstəliyi barədə müvafiq müayinə arayışını, reseptləri təqdim etsə də onun xəstəliyi ilə bağlı xərc çəkməsini, çəkdiyi xərclərin nədən ibarət olmasını, xərcin məbləğini təsdiq edəcək hər hansı digər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi cavabdehin əlavə xərclərə cəlb olunması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(011)- 6453/2019 saylı qətnaməsi əsasında 27 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 27 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(011)- 6453/2019 saylı qətnaməsi əsasında 27 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 27 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat olmaqla (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar