Məhkəmə qərarları › İş №2(011)-504/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-504/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-504/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlə aralarında bağlanmış 25.12.2019-cu il tarixli, 121084-CNS- 7787/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 25.10.2021-ci il tarixinə Banka borclu olduğu 3046,65 manat məbləğində əsas, 2.25 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3048,90 manat pulun və 50,49 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin həcminin azaldaraq cavabdehlə aralarında bağlanmış 25.12.2019-cu il tarixli, 121084-CNS-7787/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 22.12.2021-ci il tarixinə 2809,90 manat məbləğində pulun və 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə, cavabdehlə iddiaçı arasında 25.12.2019-cu il tarixdə 121084-CNS-7787/1 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% olmaqla, 3423,11 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən kreditin aylıq ödənişi ilk 12 ay müddətinə güzəşt edilməklə, sonrakı müddət üçün 72,78 manat müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqaviləyə əsasən öhdəliyini yerinə yetirərək ona 3423,11 manat məbləğində kredit vermiş, lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka 3046,65 manat məbləğində əsas borc, 2.25 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3048,90 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək ‘Kredit alan’ın vəzifəsidir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddianın təmin edilməsini, cavabdeh isə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, tərəflər arasında kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək razılaşdırılmış pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh aldığı pul məbləğini müqavilədə nəzərdə tutulmuş müddət ərzində iddiaçıya qaytarmamaqla öhdəliyini pozmuşdur. İddiaçının təqdim etdiyi Maliyyə arayışında da cavabdehin kredit müqaviləinə əsasən 25.10.2021-ci il tarixə cavabdehin 3046,65 manat əsas, 2,25 manat faiz borcu olmaqla, cəmi 3048,90 manat borcunun olması qeyd edilmişdir. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyini pozaraq aldığı kredit vəsaitini tam ödəmədiyindən iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 224-5 və 224-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25.12.2019-cu il tarixli, 121084-CNS-7787/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 22.12.2021-ci il tarixinə 2809,90 manat borc və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar