Məhkəmə qərarları › İş №2(011)-506/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-506/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-506/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şahadət oğlu və Cavabdeh4 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şahadət oğlu və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC–nin xeyrinə 8518,67 manat məbləğində kredit borcu, 827,67 manat məbləğində faiz borcu və 1752,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11098,69 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi G.Ə.İsmayılova iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə 21.01.2013-cü il tarixdə bağladığı 14L000003384 saylı kredit müqaviləsi əsasında 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır, həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunması barədə tərəflər razılığa gəlmişlər, tərəflər arasında bağlanmış 21.01.2019-cu il tarixli 14L000003384S saylı sazişə əsasən kredit xətti müqaviləsinin 192 ay, məbləği 500000 ABŞ dolları və illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz müəyyən edilmişdir, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 bankla bağladığı 21.01.2019-cu il tarixli 014R********** saylı sazişə əsasən 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 manat məbləğində kredit götürmüşdür, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.01.2020-ci il tarixinədən banka qaytarmamışdır, Cavabdeh1 götürdüyü kredit borcundan 11481,33 manat ödəniş etmiş və onun 8518,67 manat məbləğində kredit borcu qalmışdır, kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır, bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır, qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 28.08.2020-ci i il tarixə hesablanmış faiz borcu 827.67 manat təşkil edir, həmin faiz borcu kredit müqaviləsinin qüvvədə olduğu dövr üzrə faiz borcunu ehtiva edir, kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir, 28.08.2020-ci il tarixədək 220 gün üçün hesablanmış cərimə 1752,35 manat təşkil edir. G.Ə.İsmayılova həmçinin bildirdi ki, kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və ona hesablanmış faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir, yuxanda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 Şahadət oğlu və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər, onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 16.10.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 ərizə təqdim etmiş və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, bank tərəfindən 827,67 manat məbləğində faiz borcu, 1752,35 manat məbləğində cərimə borcu ümumilikdə isə 11098,69 manat məbləğində pul əsassız qaydada hesablanmışdır, əsas borc hissəsində iddia tələbini qəbul edir, faiz və cərimə borcunun məbləği artıq hesablanmışdır, digər hissələrdə borc məbləğləri şişirdildiyindən ekpertiza ilə həmin məbləğlərin müəyyən edilməsində zərurət vardır.. Sonda Cavabdeh1 dediklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şahadət oğlu və Cavabdeh4 məhkəmənin 10.02.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 21.01.2013-cü il tarixli 14L000003384 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə, 50000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 21.01.2019-cu il tarixli 14L000003384S saylı saziş bağlanmışdır. Sazişə əsasən kredit xətti müqaviləsinin 192 ay, məbləği 500000 ABŞ dolları və illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz olaraq müəyyən edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.01.2019-cu il tarixli 014R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 014R********** saylı 21.01.2019-cu il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə borc 8518.67 manat, faiz üzrə borc 827.67 manat, cərimə borcu 1752.35 manat, gecikdirilən günlərin sayı 220 gün, cəmi borc 11098.69 manat təşkil edir. İş materiallarında olan 10.01.2014-cü il tarixli 14S000008485 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi üzrə Accessbank” QSC-nın “Bakıxanov” filialı ilə Cavabdeh3 Şahadət oğlu arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC-nın “Bakıxanov” filialı ilə Cavabdeh3 Şahadət oğlu arasında bağlanmış “zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 21.01.2019-cu il tarixli 14S000008485S saylı Sazişdən görünür ki, həmin kredit müqaviləsi üzrə, zamin bank qarşısında götürdüyü öhdəliklərin, kredit xətti müqaviləsinin məbləği 500000 ABŞ Dolları, kredit xətti müqaviləsinin müddəti 192 ay, faiz dərəcəsinin yuxarı həddi 28 faiz yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.01.2013-cü il tarixli 14S000006528 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSC-nın “Bakıxanov” filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC-nın “Bakıxanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış “zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 21.01.2019-cu il tarixli 14S000006528S saylı Sazişdən görünür ki, həmin kredit müqaviləsi üzrə, zamin bank qarşısında götürdüyü öhdəliklərin, kredit xətti müqaviləsinin məbləği 500000 ABŞ Dolları, kredit xətti müqaviləsinin müddəti 192 ay, faiz dərəcəsinin yuxarı həddi 28 faiz yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.04.2015-ci il tarixli 014S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSC-nın “Bakıxanov” filialı ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC-nın “Bakıxanov” filialı ilə Cavabdeh4 arasında bağlanmış 21.01.2019-cu il tarixli 014S**********02S saylı Sazişdən görünür ki, zamin bank qarşısında götürdüyü öhdəliklərin, kredit xətti müqaviləsinin məbləği 500000 ABŞ Dolları, kredit xətti müqaviləsinin müddəti 192 ay, faiz dərəcəsinin yuxarı həddi 28 faiz yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şahadət oğluna və Cavabdeh4 ünvanlanmış 26.08.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, tərəflər kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27.11.2020-ci il tarixli, 9/4921 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 21.01.2019-cu il tarixli, 014R********** saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh1 28.08.2020-ci il tarixə İddiaçı QSC-yə olan borcu 9536,48 manat, o cümlədən əsas borc üzrə 8343.36 manat, faiz borcu üzrə 1193,12 manat müəyyən edilir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 50000 ABŞ kredit verilməsini nəzərdə tutan 21.01.2013-cü il tarixli 14L000003384 saylı kredit müqaviləsi imzalanmışdır, Cavabdeh2, Cavabdeh3 Şahadət oğlu və Cavabdeh4 tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində zamin durmuşlar, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir, Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, faiz borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə həmin məbləğ barədə ekspertin nəticəsi ilə razılaşmayaraq iddianı idda ərizəsində göstərdiyi 827.67 manat həddində müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, faiz borc məbləği 827,67 manat həddində müəyyən edilməlidir. Məhkəmə, əsas borc məbləği hissəsində, ekspertizasının rəyini sübut kimi qəbul edərək, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq, həmin rəyin nəticə hissəsində əsas borc kimi hesablanmış 8343,36 manat cavabdehin əsas borcunun miqdarının həddi kimi müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği 8343,36 manat həddində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 400 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şahadət oğlundan və Cavabdeh4 müştərək qaydada 8343,36 manat əsas borc, 827,67 manat faiz borcu və 400 manat cərimə borcu olmaqla ümumilikdə 9571.03 manat məbləğində kredit borcu alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və ekspertizanın dəyərini təşkil edən 100 manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şahadət oğluna və Cavabdeh4 müştərək qaydada aid edilməli, onlardan 30 manat alınaraq iddiaçıya, 100 manat isə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc kimi 8343,36 manat, cərimə borcu kimi 400 manat, faiz borcu kimi 827,67 manat, ümumilikdə 9571 (doqquz min beş yüz yetmiş bir) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar