Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5060/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı MMC-yə və Cavabdeh2 MMC-yə qarşı fərdi məlumatların işlənməsi və ötürülməsi ilə əlaqədar araşdırma aparılması və cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi məlumatların işlənməsi və ötürülməsi ilə əlaqədar araşdırma aparılması və cərimə məbləğinin silinməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı MMC-dən 500 manat məbləğində istehlak krediti almışdır. Hazırda kreditin ödənişində gecikmə qeydə alınmaqdadır. Kreditin şərtləri, 17,5 faizlə verilmiş kredit üzrə xidmət haqqının məbləği, 5 faiz verilmiş kredit məbləğindən istifadəyə görə haqq, 60,85 illik faiz dərəcəsi və gecikdirilən hər günə görə 0,85 faiz cərimə məbləği müəyyən edilməklə 1 ay üddətinə təyin olunmuşdur. Kreditin şərtləri ilə bağlı narazılıq məktubunu Mərkəzi Banka göndərdikdən sonra Manato.az-dan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda krediti 612,50 manat ödəməklə hər hansı cərimə tələb olunmadan bağlaya biləcəyi qeyd olunmuşdur. Tələb olunan 612,50 manat məbləğin 300 manatı tərəfindən 2025-ci ilin yanvar ayında ödənilmiş, 1 ay sonra kredit üzrə borcun tələb hüququ Cavabdeh2 adlı hüquqi şəxsə ötürülmüşdür. Məsələ ilə bağlı sms qaydasında bildiriş göndərilsə də, fərdi məlumatların üçüncü şəxsə ötürülməsinə dair hər hansı razılığı olmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC iddiaya qarşı yazılı etiraz edərək, iddianın rədd eilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, İddiaçı cərimə ödəmədən, yalnız 612,50 manat məbləği ödəmək tələklif edilir. Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı MMC iddiaya qarşı yazılı etiraz edərək, iddianın rədd edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdehlə bağlanan müqavilənin 1.7-ci bəndinə əsasən onların borcalanın razılığı olmadan tələb hüququnu hər hansı üçüncü şəxsə yönləndirmək hüquqları vardır. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, kredit müqaviləsindən görünür ki, Cavabdeh1 BOKT MMC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixədək 500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.14-cü bəndinə əsasən öhdəliyin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85 faiz həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 1.17-ci bəndinə əsasən BOKT müqavilə üzrə tələbləri borcalanın razılığı olmadan öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə yönləndirmək hüququna malikdir. xx.xx.2024-cü il tarixli şəxsi məlumatların toplanması və emal edilməsinə razılıq ərizəsindən görünür ki, cavabdeh həmin ərizəni imzalamaqla razılaşmışdır ki, şirkət onun şəxsi məlumatlarını kredit bürolarından almaq, emal etmək və ötürmək hüququna malikdir. AR Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bank olmayan kredit təşkilatları haqqında” AR Qanununun 3.4-cü maddəsinə əsasən bank olmayan kredit təşkilatı tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə komissiya və xidmət haqlarının məbləği AR Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla BOKT ilə borcalan arasında bağlanılan müqavilə ilə müəyyən olunur. xx.xx.2025-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə əlavədən görünür ki, Cavabdeh1 BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış tələb hüququ Cavabdeh1 BOKT MMC tərəfindən Cavabdeh2 MMC-yə ötürülmüşdür. xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 BOKT MMC ilə İddiaçı arasında bağlanmış **********002 saylı müqavilə üzrə hesablanmış cərimə məbləği 0 manatdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. 199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bank olmayan kredit təşkilatları haqqında AR Qanunu: 3.4. BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur. 15.2. Kreditlərin verilməsi üçün lisenziya almış BOKT aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər: 15.2.1. borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);. Məhkəmənin mövqeyi: İş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 BOKT MMC ilə İddiaçı arasında tərəflərin qarşılıqlı razılığı ilə kredit müqaviləsi bağlanmış, eləcə də, müqavilənin 1.14-cü bəndinə əsasən gecikdirilmə faizlərinin müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 BOKT MMC-nin İddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə tələb hüququnu və bununla əlaqədar borcalan barədə fərdi məlumatları faktorinq müqaviləsinə əsasən üçüncü şəxsə ötürməsi yuxarıda sadalanan qanunvericilik aktlarının və tərəflər arasında bağlanmış müqavilənin (müqavilənin 1.17-ci bəndi və şəxsi məlumatların toplanması və emal edilməsinə cavabdehin razılıq ərizəsi) tələblərinə uyğun olmuşdur. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, tələbin ötürülməsi ilə bağlı ona sms qaydasında bildiriş göndərilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi icazəsiz qaydada məlumatların işlənməsi və ötürülməsi faktı ilə əlaqədar araşdırma aparılması hissəsində təmin edilə bilməz. Tələb hüququ Cavabdeh1 BOKT MMC tərəfindən Cavabdeh2 MMC-yə ötürüldüyündən, məhkəmə hesab edir ki, cavabdehin ümumiyyətlə, hazırki halda cərimə məbləğinin silinməsi ilə bağlı Cavabdeh1 BOKT MMC-yə qarşı iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Cavabdeh2 MMC-yə münasibətdə isə məhkəmə bir daha qeyd edir ki, kredit müqaviləsinə əsasən gecikdirilmə faizlərinin müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan başqa, Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda cavabdehdən cərimə məbləğinin tələb edilməməsi qeyd edilir, kredit müqaviləsi üzrə borcun məbləğinə dair sonuncu çıxarışda da cərimə borcunun 0 manat olması görünür. Odur ki, cərimənin silinməsi hissəsində də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-5060/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5060/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver