Məhkəmə qərarları › İş №2(011)-5082/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5082/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5082/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları:

1. İddiaçı xx.xx.2021-ci il tarixində cavabdeh X2 1500 manat məbləğində pul vəsaiti vermişdir. Belə ki, cavabdeh pula ehtiyacı olduğunu və əldə etdiyi məbləği 3 ay müddətində iddiaçıya qaytaracağını vəd etmişdir. xx.xx.2021-ci il tarixində ona lazım olan 1500 manat məbləğində pul vəsaitini İddiaçı ona verdiyini cavabdeh öz əlyazması ilə təsdiq etmiş və 3 ay müddətində hər ayın 4-cü günündə hissə-hissə geri ödəməyi öhdəsinə götürmüşdür. X1 verdiyi vədə və əlyazmasına sadiq qalmamış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

İddiaçının tələbi:

2. Cavabdeh 1500 manat məbləğində borcun, 75 manat məbləğində iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərcin və iddia ərizəsi verilərkən ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin iddiaya münasibəti:

3. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək İddiaçı 800 manat məbləğində borcunun olduğunu bildirmiş, lakin borc məbləği üzrə faiz ödəməklə razılaşmadığını qeyd etmişdir. İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ondan 1500 manat məbləğində borc pul istəmiş, iddiaçı həmin məbləği cavabdehə vermiş, lakin Cavabdeh aldığı borc məbləğini geri qaytarmamışdır. İddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında qeyd etmişdir ki, onlara pul lazım olmuş, daha sonra arvadı lombarda getmiş və orada Zümrüd adlı xanım İddiaçı onlara pulu verəcəyini bildirmişdir. İddiaçıdan 1500 manat pul əldə etmiş, həmin puldan 700 manatını ödəmiş, hal-hazırda iddiaçıya 800 manat borcu qalmışdır. Həmçinin, cavabdeh bildirmişdir ki, iddiaçı ondan 300 manat götürərək 1200 manat vermişdir, borc məbləğindən 700 manatı onun arvadı əlbəəl olaraq iddiaçıya ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

6. xx.xx.2021-ci il tarixli cavabdehin əlyazmasına əsasən, Cavabdeh İddiaçı oğlunun təcili əməliyyat olunması ilə bağlı 1500 manat məbləğində borc pul verməsini xahiş etmiş, aldığı borc məbləğini iki ay müddətinə ödəyəcəyini bildirmişdir. Əlyazmanı Cavabdeh özü və arvadı imza etmişdir.

7. xx.xx.2023-cü il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nin baş ə/m Polis mayoru Səfər Səfərov tərəfindən verilmiş arayışa əsasən, İddiaçı 2020 və 2021-ci tarixlərdə Aynurəyə 1500, Əhiyəddinə 1500, Fərhada 500, Niyaza 1000, Vüqara 800, Söhraba 1000 və Elvin adlı şəxsə 700 manat lombarddan pul verməsinə baxmayaraq, bugünkü günə qədər borclarını qaytarmaması barədə məlumat vermişdir, qeyd olunanlarla bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların mülki xarakterli olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi barədə vətəndaşa rəsmi məlumat verilmişdir.

8. Cavabdeh tərəfindən Xətai RPİ-nin 34-cü PŞ-də verilmiş izahata əsasən, Cavabdeh İddiaçı 1500 manat pul borc almışdır. Övladının xəstəliyi ilə əlaqədar olaraq imkanı olmadığından borcu qaytara bilməmişdir. Yaxın zamanda borcunu ödəyəcəyini bildirmişdir.

9. xx.xx.2023-cü il tarixli, 55-1/2-A-1825 saylı məktuba əsasən, İddiaçı şikayət ərizəsinə baxıldığı bildirilmiş, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunmuşdur.

10. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində sürücü olaraq işləyir və onun aylıq əmək haqqı 1219 manatdır.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

14. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. Mülki araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli borc müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2) və həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh qarşılıqlı razılığa əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.

16. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh İddiaçı 1500 manat məbləğində borc pul verməsini xahiş etmiş, aldığı borc məbləğini iki ay müddətinə ödəyəcəyini bildirmiş, lakin İddiaçı olan 1500 manat məbləğində borcunu geri qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 1500 manat məbləğində pul götürdüyünü, həmin puldan 700 manatını ödədiyini, hal-hazırda iddiaçıya 800 manat borcu qaldığını bildirmişdir.(§5) Məhkəmə qeyd edir ki, cavabdeh 700 manatı ödəməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə bu məsələni əsaslı hesab edə bilməz. Belə ki, AR MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. (MM m. 443.1, 448.1 və 448.2).

18. İddiaçının digər tələbi iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 75 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsidir. Məhkəmə iddiaçının bu tələbini əssasız hesab edir. Belə ki, iddiaçı çəkilən xərcləri sübut edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. AR MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 1500 manat tutularaq İddiaçı ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar