Məhkəmə qərarları › İş №2(011)-5083/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5083/2024

16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5083/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında meşələrin inkişafı xidmətinin 14 saylı X1 mərkəzinin “maddi ziyanın ödənilməsi, sığırxananın sökülməsi və meşə ərazisinin əvvəlki vəziyyətə qaytarılması” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında meşələrin inkişafı xidmətinin 14 saylı X1 mərkəzi Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi, sığırxananın sökülməsi və meşə ərazisinin əvvəlki vəziyyətə qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, 14 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən meşələrin qorunub mühafizə olunma vəziyyətini araşdırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Qalakənd meşəbəyliyinin 5 saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Vətəndaş Cavabdeh özünə məxsus 20 (iyirmi) baş iri buynuzlu mal-qaranı meşə ərazisində otardığı və mal-qara saxlanması üçün sığırxana tikdiyi üçün təqsirli bilindiyinə görə barəsində akt tərtib edilmişdir. Bununla da o, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 31 yanvar 2019-cü il tarixli 30 saylı qərarının 3-cü əlavəsinin 3.2.1 bəndinin tələblərini pozduğuna əsasən dövlət meşə fonduna 440,00 (dörd yüz qırx) manat məbləğində ziyan vurmuşdur. İddiaçı Cavabdeh dövlət meşə fonduna vurmuş olduğu 440,00 manat ziyanın ödənilməsi və meşə ərazisində quraşdırılmış mal-qara saxlanılması üçün sığırxananın sökülməsi, meşə ərazisinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsi üzrə tələbə məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, maddi ziyanın ödənilməsi barədə iddia tələblərinə münasibətdə məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydası”nın 4-cü bəndinə görə meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxslər meşə qanunvericiliyinin tələblərinə fiziki və hüquqi şəxslər tərəfindən əməl edilməməsini aşkar edərkən bu barədə müvafiq qaydada akt tərtib edirlər və hüquqpozmalar nəticəsində meşə təsərrüfatına dəyən zərəri və itkiləri müəyyən olunmuş nırx dərəcələri və cərimələr üzrə hesablayaraq, ümumi məbləğin ödənilməsinə sərəncam verirlər. Həmin Qaydanın 5-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər meşə təsərrüfatına dəyən zərər və itkilər barədə tərtib olunmuş aktla razılaşmadıqları halda mövcud qanunvericiliyə uyğun aidiyyəti məhkəməyə şikayət edə bilərlər. Həmin Qaydanın 6-cı bəndinə əsasən meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədar müəyyən olunmuş zərərin və itkilərin dəyəri müvafiq meşə təsərrüfatına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.1.2-cü bəndinə əsasən Meşələrin inkişafı xidməti inzibati orqandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Sadalanan xüsusatlar və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, Şəmkir X1 Mərkəzi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi inzibati orqan olaraq dövlət meşə fonduna vurulmuş zərərin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri” əsasında hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq pul tələbinin icraya yönəldilməsi haqqında qərar qəbul edib, həmin qərarı məcburi qaydada icra edilməsi üçün müvafiq rayon icra şöbəsinə göndərməlidir. Buna görə də, iddiaçı Şəmkir X1 Mərkəzinin cavabdehə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyinə görə icraata qubul edilməsindən imtina edilməli və iddiaçıya əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Meşə ərazisində quraşdırılmış mal-qara saxlanılması üçün sığırxananın sökülməsi və meşə ərazisinin əvvəlki vəziyyətə qaytarılması barədə iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə iddia tələblərinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, Azərbaycan Respublikasında yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 3.0.109-cu bəndinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmini müəyyən etmək və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsinə, habelə pozuntuların aradan qaldırılmasına dair tələb irəli sürmək və ya məhkəməyə iddia təqdim etmək nazirliyin əsas vəzifələrindən biridir. Nazirlik öz vəzifələrini bilavasitə və ya strukturuna daxil olan qurumlar vasitəsilə həyata keçirir. Qanunvericiliyin istinad edilən tələblərindən məlum olur ki, meşə fondunun qanunauyğun şəkildə istifadə sahəsində nəzarətin həyata keçirilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üzrə yaranan hüquq münasibətləri həmin münasibətlərin tərəfləri və xarakterinə görə, sərbəst mülki dövriyyə münasibətləri kimi deyil, bir tərəfin (inzibati orqan) digər tərəf (yer təkinin istifadəçiləri) üzrində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan münasibətlərdir. Başqa sözlə, meşə fondunun qorunmasına nəzarət ilə bağlı yaranan huquq münasibətlərində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan kimi çıxış edir. İnzibati Prosessual Məcəllənin 21-ci maddəsində göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında məhkəmələrə izah olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, tərəflər xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmədiklərindən və tərəflər arasında münasibətlər inzibati xarakterli olduğundan, qeyd edilmiş iddia tələblərinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırkı iddia tələbi ilə bağlı sökülməsi tələb edilən obyektin yerləşdiyi ərazi üzrə səlahiyyətli inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında meşələrin inkişafı xidmətinin 14 saylı X1 mərkəzinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi, sığırxananın sökülməsi və meşə ərazisinin əvvəlki vəziyyətə qaytarılması” barədə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında meşələrin inkişafı xidmətinin 14 saylı X1 mərkəzinə izah olunsun ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi inzibati orqan olaraq dövlət meşə fonduna vurulmuş zərərin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “nırx dərəcələri” əsasında hesablayaraq ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək səlahiyyətinə malik olduğundan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinin tələbinə uyğun olaraq pul tələbinin icraya yönəldilməsi haqqında qərar qəbul edib, həmin qərarı məcburi qaydada icra edilməsi üçün müvafiq rayon icra şöbəsinə göndərə bilər. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında meşələrin inkişafı xidmətinin 14 saylı X1 mərkəzinə izah olunsun ki, meşə ərazisində quraşdırılmış mal-qara saxlanılması üçün sığırxananın sökülməsi və meşə ərazisinin əvvəlki vəziyyətə qaytarılması barədə iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, həmin iddia tələbləri ilə bağlı sökülməsi tələb edilən obyektin yerləşdiyi ərazi üzrə səlahiyyətli inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar