Məhkəmə qərarları › İş №2(011)-5084/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5084/2023

14.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5084/2023 14.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7682/2021 saylı 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Həsənova (Hacıyeva) Günel Azay qızının Cavabdeh qarşı iddiası təmin edilmiş, iddiaçı Həsənova (Hacıyeva) Günel Azay qızı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsində 1207 nömrə ilə qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2011-ci il təvəllüdlü X1 anası Həsənova (Hacıyeva) Günel Azay qızının yanında qalması, Cavabdeh birgə nikahdan anadan olmuş, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Həsənova (Hacıyeva) Günel Azay qızına verilməsi, alimentin tutulmasına 29 sentyabr 2021-ci il tarixdən başlanılması qət edilmişdir. Qeyd olunan qətnamə ilə tutulması qət edilən aliment məbləği hazırda uşağın yaşayış minimumunu təmin etmir. Həmin qətnamənin qəbulundan keçən müddət ərzində uşağın yaşının artması ilə əlaqədar təlabatları da artmışdır. Eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artması qət edilən aliment məbləğinin artırılması zərurətini yaratmışdır. Bununla bağlı cavabdehlə mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilsə də, bu mümkün olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. Hesab edir ki, məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu həddində artırılmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7682/2021 saylı 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində tutulan alimentin miqdarının 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün qanunla müəyyən edilmiş həddə artırılaraq, hər ay 220 manat həddində müəyyən edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, onun aylıq əmək haqqı 468 manat təşkil edir. Maddi imkanı yoxdur. İddiaçının özü də hazırda işləyir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7682/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 1207 nömrə ilə qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2011-ci il təvəllüdlü X6 anası X2 yanında qalması, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi, aliment tutulmasına 29 sentyabr 2021-ci il tarixdən başlanılmasına qət edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 660917 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 aprel 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X5r. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X11” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, PHŞ-6-12/3-71/2023 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən hal-hazıradək X11 X3 bölməsinin Mühafizəçisi vəzifəsində çalışır. Aylıq gəliri 468.50 manat təşkil edir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı “X9” Publik Hüquqi şəxsində peşəkar tibbi bacısı vəzifəsində işləyir, aylıq əmək haqqı 588 manat təşkil edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 261 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, cavabdehin aylıq əmək haqqı 468.50 manat təşkil edir, həmin məbləğdən müvafiq vergilər və övladı üçün 170 manat məbləğində aliment çıxılır. İddiaçının aylıq əmək haqqı 588 manat təşkil edir və o, övladının saxlanılması üçün cavabdehdən 170 manat məbləğində aliment alır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, nəzərə alaraq ki, valideynlər uşaqların saxlanması ilə bağlı bərabər vəzifə və öhdəliklər daşıyır, iddiaçı həmin vəzifəni daşımaq üçün maddi imkana malikdir, eyni zamanda nəzərə alaraq ki, iddiaçı alimentin artırılması üçün cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar