Məhkəmə qərarları › İş №2(011)-5116/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5116/2022

27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5116/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “Ford Connet” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3.338 manat məbləğində pulun və ödənilmiş 53.38 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 may 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolunda iddiaçının idarə etdiyi “Ford Connet” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə X4 idarə etdiyi və Cavabdeh MMC-yə məxsus “Toyota Prius” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə ilə əlaqədar Suraxanı RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X5 tərəfindən araşdırma aparılmış və 12 may 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. “Toyota Prius” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Suraxanı RPİ DYPŞ-nə göndərilmişdir. Hadisə zamanı iddiaçı sağ qabırğaaltı nahiyyənin və döş qəfəsinin şişkinlik və qançırı (hematoması), döş qəfəsinin, hər iki budun qançırları, sol dirsək oynağının sıyrığı, sol topuq nahiyyəsinin şişkinliyi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır. Sağlamlığa yüngül zərərvurmaya görə 750 manat məbləğində zərər sığorta tərəfindən ödənilmişdir. Eyni zamanda iddiaçının idarə etdiyi “Ford Connet” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi maddi zərər dəymişdir. "xxxx" Dövlət Sığorta Şirkətinin tərtib etdiyi ilkin müayinə aktına əsasən iddiaçının avtomobilinə dəymiş zərərin ilkin məbləği ümumilikdə 8338 manat təşkil edir. Həmin məbləğin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Dəymiş zərərin qalan hissəsi bu günə qədər iddiaçıya ödənilməmişdir. Baş vermiş yolnəqliyyat hadisəsinə görə Toyota Prius” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 Rayon Məhkəməsinin 3(010)-2441/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. X4 idarə etdiyi “Toyota Prius” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-yə məxsus olmuşdur. X6 avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Məhkəmə iclasında iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı iddia tələbinin əsasını baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə işin hallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək belə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh MMC iddiaya cavab verməli olan tərəf deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 07 aprel 2022-ci il tarixdə “Toyota Prius” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9, mülkiyyətçinin etibarnaməsi əsasında avtomobili istismar edən Cavabdeh MMC və icarəçi yol vərəqəsi əsasında avtomobili idarə etmə hüququ müəyyən edilən X6 arasında birgə fəaliyyət haqqında üçtərəfli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh MMC avtomobili mülkiyyətçisindən etibarnamə əsasında alaraq onu yol vərəqəsi əsasında icarəçiyə müddətli istifadəyə vermişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, sürücünün Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunu ilə müəyyən edilən qaydalara əməl etməli olduğu və bu qaydaların pozulmasına görə yalnız özünün məsuliyyət daşıyacağı müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobil onu yol vərəqəsi əsasında idarə edən X6 tərəfindən idarə olunmuşdur. X1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olması qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilmişdir. Lakin iddiaçı maddi ziyanın müqavilə əsasında nəqliyyat vasitəsini mülkiyyətçisindən etibarnamə əsasında alıb onu icarəyə verən Cavabdeh MMC-dən tutulmasını tələb edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X6 tərəfindən avtomobil qanuni əsasla idarə edildiyindən vurulmuş ziyana görə avtomobili etibarnamə əsasında əldə edərək onu icarəyə vermiş Cavabdeh MMC hər hansı maddi məsuliyyət daşımır və avtomobilə vurulmuş maddi ziyan cavabdehdən deyil, yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə edən X3 tutula bilər. Məhkəmə prosesinin gedişatında iddiaçıya cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif olunsa da, o, bundan imtina etmişdir. İddiaçı öz izahatında bildirmişdir ki, Cavabdeh MMC əslində “Uber” taksi şirkətidir, X6 da onun şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərir. Onların arasında işçi-işəgötürən münasibətləri mövcuddur. Ona görə də işçisinin vurduğu zərərə görə cavabdeh məsuliyyət daşımalıdır. Məhkəmə iddiaçının dəlilinə qiymət verərək hesab edir ki, iddiaçı bu halları sübuta yetirəcək hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, onun dəlili əsassızdır. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə cavabdeh iddiaya cavab verməli olan tərəf olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 53.38 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 53.38 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı -iddiaçıya məxsus “Ford Connet” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3338 manat məbləğində pulun və ödənilmiş 53.38 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 53.38 (əlli üç manat otuz səkkiz qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar