Məhkəmə qərarları › İş №2(011)-5136/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5136/2022

27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5136/2022 27.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəklili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh Mayis oğlu ilə 2017-ci il tarixdə “Sədərək” Ticarət Mərkəzində dəftərxana ləvazimatlarının topdan satışı mağazasının sahibi kimi işlədiyi üçün həmin vaxtdan yanında işçi kimi malları mağazalara paylamaq və pullarını yığıb ona gətirib verməklə məşqul olurmuş, kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Belə ki, 2017-ci il tarixdə o, “Sədərək” Ticarət Mərkəzində elə dəftərxana ləvazimatları mallarının alqı-satqısı mağazasında Cavabdeh onun yanında işə başlamışdır. Rüfət onun idarə etməsi üçün verdiyi avtomobillə mağazaya lazım olan müxtəlif çeşiddə dəftərxana ləvazimatları malları alıb, avtomobillə mağazaya gətirirdi, bir müddət sonra isə, yəni dəqiq 15 mart 2018-ci il tarixdən 20 dekabr 2019-cu il tarixədək olan müddət ərzində mağazada malların sayının çatışmadığını, həmçinin pul hesabatının da çatışmadığını görüb artıq başa düşmüşdür ki, Rüfətin mağazaya külli miqdarda borcu yaranıb, bundan sonra o, mağazanın qazancını, həmçinin qalan mallarının sayını, satılan malların sayını müəyyən etmək üçün hesabat aparmışdır. Həmin hesabat zamanı ona məlum olmuşdur ki, Rüfət mağazanın 113 min 13 qəpik dəyərində əmlakını ələ keçirmişdir. Lakin sonradan Rüfətin idarə etdiyi və ona məxsus avtomobilə baxış keçirərkən avtomobildə 25 min 973 manat 55 qəpik dəyərində əmlakını aşkar etmişdir. Həmçinin, həmin puldan 54 manatını da Rüfət ona geri qaytarmış və 16 min 449 manat 60 qəpik dəyərində malların nisyə verdiyini demiş, həmin nisyə dəftərini ona təqdim etmişdir. Beləliklə, yekunda Rüfətin ona 70524 manat verəcək borcu qalmışdır. Sonuncu dəfə 2021-ci ilin may ayında Rüfət ona borcundan 500 manat qaytararaq qalan pulu tez vaxta qaytaracağına söz vermişdir. Cavabdeh almış olduğu pulu 2019-cu ildən 6 ay ərzində qaytaracağına söz versə də, hazırki tarixə kimi qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 70000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəklili X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İddiaçı iddia tələbinin sübut etmək üçün iş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 16 fevral 2021-ci il tarixli qərarın surətini təqdim etmişdir. Həmiin qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, toplanmış materialdan və eləcə də İddiaçı ərizə və izahatından da göründüyü kimi, sonuncu tanışları Cavabdeh və Əsgər adlı şəxslərə 70000 manat dəyərində kanselyariya mallarını birgə qazanc əldə etmək üçün vermiş, yəni İddiaçı məxsus əmlak dələduzluq yolu ilə ələ keçirilməmişdir. Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı heç bir borcu yoxdur, barəsində dedikləri şər və böhtandır, yalandır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işdə olan sübutu qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar