Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-514/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 768,50 manat əsas, 874,03 manat faiz, ümumilikdə 1642,53 manat məbləğində kredit borcunun və 36,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə tərəflər arasında bağlanmış 17.06.2020-ci il tarixli, 109819- 775061/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 6 ay müddətinə, illik 20% dərəcəsi ilə 768,50 manat məbləğində kredit verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında baglanmış 17 iyun 2020 il tarixli, 109819-775061/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 6 ay müddətinə, illik 20% dərəcəsi ilə 768.50 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 29 oktyabr 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 768.5 manat məbləğində əsas borcu və 874.03 manat faiz borcu olmaqla, ümumilikdə 1642.53 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin o, ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halları ilə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış 17.06.2020-ci il tarixdə 109819-775061/2 saylı kredit müqaviləsinə əsasən 1800 manat məbləğində pul vəsaiti 6 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə kreditə verilmiş, müqavilə ilə razılaşdırılmış pul cavabdehə müqavilədə qeyd edilən şərtlərlə kreditə verilmişdir. Tərəflər arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmçinin, iş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 29.10.2021-ci il tarixinə cavabdehin əsas borc üzrə 768,50 manat, faiz borcu üzrə 874,03 manat olmaqla, cəmi 1642,53 manat kredit borcu vardır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit və bank hesabı orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit və bank hesabı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin, iddia tələbi 874,03 manat məbləğində faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2485 saylı, 19.04.2022-ci il tarixli rəyinə əsasən 17.06.2020-ci il tarixli 109819-775061/2 saylı kredit müqaviləsinə əsasən, cavabdehin faiz borcu 76,85 manat müəyyən edilmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Azərbaycan Republikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, 36,83 manat məbləğində dövlət rüsumu və ekspert xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 52%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.06.2020-ci il tarixli, 109819-775061/2 saylı kredit müqaviləsi üzrə 768,50 manat məbləğində əsas, 76,85 manat faiz borcu olmaqla, cəmi 845,35 manat borc və 19,15 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutlaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlə rüsumunun 17,68 manat hissəsi iddiaçıya aid edilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində ekspertiza xərcinin 26 manat hissəsi Cavabdeh, 24 manat hissəsi İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-514/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-514/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver