Məhkəmə qərarları › İş №2(011)-515/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-515/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-515/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı “xxxx” BOKT MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Bank olmayan kredit təşkilatı MMC Cavabdeh qarşı xx xxxx 2019-cu il tarixli 219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən X1 1619.28 (bir min altı yüz on doqquz manat iyirmi səkkiz qəpik) AZN əsas borc, 704.57 (yeddi yüz dörd manat əlli yeddi qəpik) AZN faiz borcu və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində 358.25 (üç yüz əlli səkkiz manat iyirmi beş qəpik) AZN cərimə borcu, ümumilikdə 2682.10 (iki min altı yüz səksən iki manat on qəpik) AZN ümumi borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 (on iki) ay müddətinə ödəmək şərti ilə 1880 (bir min səkkiz yüz səksən manat) AZN məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 219-0***-******* nömrəli “Kredit müqaviləsi”-nə əsasən bank olmayan kredit təşkilatı borcluya Müqaviləyə 1 nömrəli əlavədə qeyd edilmiş və girov predmeti təşkil edən avtomobil üçün qaz avadanlığının əldə edilməsi üçün 12 ay müddətinə, illik 44% ödəmək şərtilə 1880 manat məbləğində kredit vermişdir. İş materiallarında olan “xxxx” BOKT MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh qeyd edilən müqavilə üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 1619,28 manat, faiz borcu 1062,82 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının Cavabdeh ünvanladığı xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu “xxxx” BOKT MMC-yə ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam həcmdə yerinə yetirməmiş, öhdəliyinin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı əsas borcun və əsas borca hesablanmış faizləri tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış müqavilə üzrə hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulunun 358,25 manat deyil, 100 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış xx xxxx 2019-cu il tarixli 219-0***-******* nömrəli “Kredit müqaviləsi” üzrə əsas borca görə 1619,28 (bir min altı yüz on doqquz manat iyirmi səkkiz qəpik) manat, faiz borcuna görə 704,57 (yeddi yüz dörd manat əlli yeddi qəpik) manat, cərimə borcuna görə 100 (yüz) manat olmaqla, cəmi 2480,28 (iki min dörd yüz səksən manat, iyirmi səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq “xxxx Bank olmayan kredit təşkilatı” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar