Məhkəmə qərarları › İş №2(011)-5158/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5158/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5158/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1.136,07 manat məbləğində əsas borc, 148.45 manat məbləğində faiz borcu, 67.75 manat cərimə borcu və 15 iyun 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 3.35 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 1.355,62 manat borcun və 33.56 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli 11-MZ-1-0-2420-20 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdeh 30 faizlə 120 ay müddətinə 30.000 manat, həmçinin kreditin verildiyi məqamda mövcud olan kreditorun xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində müvafiq valyuta ekvivalentində kredit limiti ayrılmışdır. 15 dekabr 2020-ci il tarixli 11-MZ-1-0-2420-20 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. 2022-ci il iyul ayının 7-dək Cavabdeh1 banka 15 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1.136,07 manat əsas borc, 148.45 manat faiz borcu, 135.50 manat cərimə borcu və 15 iyun 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 3.35 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 1.423,37 manat borcu vardır. Cavabdeh1 15 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 135.5 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, 67.75 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli 11-MZ-1-0-2420-20 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdeh 30 faizlə 120 ay müddətinə 30.000 manat, həmçinin kreditin verildiyi məqamda mövcud olan kreditorun xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində müvafiq valyuta ekvivalentində kredit limiti ayrılmışdır. 15 dekabr 2020-ci il tarixli 11-MZ-1-0-2420-20 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditin qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 11-MZ-1-0-2420-20 (1) saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 illik 27 faizlə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 banka 1.136,07 manat məbləğində əsas, 148.45 manat məbləğində faiz, 67.75 manat cərimə və 15 iyun 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 3.35 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 1.355,62 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 İddiaçı ASC ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər Cavabdeh2 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi əsasında cavabdehlərdən öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca və faiz borcuna aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 15 dekabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 67.75 manat cərimə məbləği azaldılaraq 6 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 3.35 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.136,07 manat məbləğində əsas borc, 148.45 manat məbləğində faiz borcu, 6 manat cərimə borcu, 15 iyun 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək illik 5 faizlə hesablanmş 3.35 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 1.293,87 manat pul vəsaiti alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 33.56 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 33.56 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.136,07 (bir min yüz otuz altı manat yeddi qəpik) manat məbləğində əsas borc, 148.45 (bir yüz qırx səkkiz manat qırx beş qəpik) manat məbləğində faiz borcu, 6 (altı) manat cərimə borcu, 15 iyun 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixədək illik 5 faizlə hesablanmş 3.35 (üç manat otuz beş qəpik) manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 1.293,87 (bir min iki yüz doxsan üç manat səksən yeddi qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 33.56 (otuz üç manat əlli altı qəpik) manat İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar