Məhkəmə qərarları › İş №2(011)-516/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-516/2021

17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-516/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azərenerjitikini” (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətinə qarşı “kompensasiya” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərenerjitikini” (Cavabdeh1) ASC-dən onun xeyrinə 41175 manat məbləğində kompensasiyanın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ekspert rəyində evin hazırki bazar dəyərinin 45000 manat müəyyən olunduğundan, özünə və ailəsinə dəymiş ziyana görə 45000 manat kompensasiyanın cavabdeh "xxxx" ASC (AZENCO)-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 1992-ci il tarixdə Ağdaş rayonunun Şıxlı kəndində qanuni yolla, yəni kolxoz üzvlərinin qərarı ilə həyatyanı torpaq sahəsi almış və həmin ərazidə 1995-ci il tarixdə tikintisini başa çatdıraraq fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır, torpaq islahatı zamanı Ağdaş rayon Aqrar islahat komissiyasının 30 iyun 1998-ci il tarixli, 12 saylı qərarı ilə onun və digər bir nəfər ailə üzvünün mülkiyyətinə Ağdaş rayonunun Şıxlı kəndi ərazisində 1.22 hektar heyyətini torpaq sahəsi verilmişdir, bu barədə 2003-cü ilin aprel ayında 2119 №il qeydə alınmış torpaq mülkiyyətinə verilməsinə dair JN-036A saylı şəhadətnamə (kod ********) verilmişdir, Mingəçevir-Bakı-Abşeron yüksək gərginlikli elektrik xəttinin dirəkləri yenidən qurulan zaman yeni çəkilən dirəklər onun yaşayış evinin 8-10 metrliyindən keçir, həmin xətt onun evinin çox yaxınlığından keçdiyinə görə xəttin yerinin dəyişdirilməsini tikinti həyata keçirən cavabdeh təşkilatın məsul şəxslərinə bildirmiş, onlar isə layihədə xəttin həmin ərazidən keçməsi göstərildiyindən xəttin yerinin dəyişdirilməsinin mümkün olmayacağını söyləmişlər, həmin xəttin yerinin yaşayış evi və ailəsi üçün təhlükə mənbəyi olduğundan xəttin yerinin dəyişdirilməsi xahişi və tələbi ilə bir neçə müvafiq icra orqanlarına müraciət etmişdir, yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X2 Yanğın Nəzarəti İdarəsindən onun müraciətinə münasibət bildirmiş, bu idarənin əməkdaşları onun həyəti və yaşayış evini müayinə ediblər, onun fərdi yaşayış evinin cənub-qərb tərəfindən 8-10 metr məsafədən, yer səthindən 40 metr hündürlükdə 220 kv-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xətləri keçdiyini müəyyən etmişlər, normativ tələblərə görə obyektin yüksək gərginlikli hava elektrik xətləri ilə ara məsafəsi 220 kv-luq və xətlər üçün 25 metr, 330 kv-luq və onlar yüksək gərginliklə xətlər üçün 30 metr olmalıdır, onların rəyinə əsasən onun yaşayış evi ilə həmin xəttin ara məsafəsi 25 metr olmalıdır, göründüyü kimi cavabdeh orqan elektrik xəttinin ara məsafəsi normativ tələbləri pozaraq onun və ailə üzvlərinin təhlükə altında qoyaraq daha az məsafədə inşa etmişdir, yüksək gərginlikli elektrik xəttinin onlar üçün daima təhlükəli olduğundan həyətdə və evdə rahat yaşaya bilmirlər, güclü külək əsəndə, yağış yağanda qohumlarının evində qalmalı olurlar, o, "xxxx" ASC (AZENCO)-ya qanunsuz quraşdırılmış elektrik xəttinin sökülməsi barəsində dəfələrlə xəbərdarlıq etmişdir, həmin təşkilat isə adı çəkilən qanunsuz elektrik xətti ilə bağlı olan qanuni tələbin icrasından imtina etmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2015-cxi il tarixli, 12376 №-li rəyindən də onun Ağdaş rayonunun Şıxlı kəndində yerləşən və mülkiyyətində olan 1.22 hektar həyatyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin cənub-qərb tərəfindən yer səthinin 40 metr hündürlükdən keçən 220 kv-300 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edildiyi görünür, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2004-cü il tarixli 103 №-li qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək və 1000 voltdan yuxarı olan elektrik şəbəklərinin mühafizəsi qaydaları»nın 5-ci bəndinə əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətdə hər iki tərəfdən şaquli müstəvilərə məhdudlaşan torpaq sahəsi və hava fazası şəkilində 220 kilovoltluq elektrik naqilləri üçün 25 metr məsafədə elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilir, həmin qaydanın 12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizəsi zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların, qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır, bundan başqa, yüksək gərginlikli elektrik hava xətlərinin keçməsini, xətlərin istiqamətini inşa olunmuş yaşayış evinin plan yerləşməsini, elektrik xətlərinin həmin yaşayış evindən 15.0 metr aralıdan keçməsini və həmin xətlərin mühafizəsi zolağının müvafiq qaydaların tələblərindən 25.0 metr məsafədə müəyyən olunduğunu nəzərə alaraq tətbiq olunan ünvanda yerləşən fərdi yaşayış evinin yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında inşa olunduğu müəyyən edilir, Ağdaş rayonunun Şıxlı kəndində evinin təhlükəsizlik zonasında yüksək gərginlikli elektrik xətti çəkdirdiyinə görə, yuxarıda göstərilən Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozaraq, bu yüksək gərginlikli elektrik xəttinin sökülməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Ağdaş rayon Məhkəməsinin 2(014)-1008/2015 saylı, 10.11.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir, 220 kv-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin İddiaçı mülkiyyətində olan 1,22 hektar torpaq sahəsinin 15,0 metrliyindən keçən naqil hissəsi sökülməsi qət edilmişdir, Şəki Apellyasiya Məhkəməsinin 27.03.2017ci il tarixli 2(107)-33/2017 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Ağdaş rayon Məhkəməsinin 2(014)-294/2015 saylı, 10.11.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 13.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozaraq, quraşdırılmış yüksək gərginlikli elektrik xəttinin sökülməsi ilə bağlı icra vəziyyətində çətinlik yaranmışdır, belə ki, həmin elektrik xətlərin sökülməsi üçün bir neçə rayona gedən elektrikin dayandırılması nəzərdə tutulduğundan, bununla əlaqədar Xətai rayon İcra və Probasiya Şöbəsi məhkəməyə icra üsulunun dəyişdirilməsi ilə əlaqədar təqdimatla müraciət etmiş, məhkəmənin 30.08.2019-cu il tarixli qərardadına əsasən qətnamənin icra üsulu dəyişdirilərək cavabdehdən onun xeyrinə 41.175 manat məbləğində kompensasiya alınıb verilməsi qərara alınmışdır, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 12.07.2019-cu il tarixli 13102 saylı rəyindən də, Ağdaş rayon Şıxlı kəndində yerləşən 1,2206 ha həyətyani torpaq sahəsində tikilmiş 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin tikilməsi üçün aparılmış təmir-tikinti işlərinin ümumi dəyəri hazırki bazar qiymətinə uyğun olaraq təqribən 41.175 manat məbləğində müəyyən olunduğu görünür, cavabdeh öz hərəkətləri ilə ona 41.175 manat məbləğində maddi ziyan vurmuşdur, belə ki, o, öz xüsusi mülkiyyətindən, ailəsi ilə birlikdə təhlükəsiz yaşayışından istifadə edə bilmir, o, İİ qrup əlildir, yaranmış mübahisədən sonra cavabdeh tərəf onu işdən azad etmişdir, ekspert evi obyektiv qiymətləndirib və o həmin məbləğdə kompensasiyanı cavabdehin hesabına evi sökülənədək almaq istəyir, kompensasiyanın ödənilməsi cavabdeh üçün yaranmış mübahisədən çıxmaq üçün yeganə çıxış yoludur, əks halda cavabdeh yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasından götürülməsinə məcburdur. O, həmçinin izahatında bildirdi ki, iddia tələbinin təmin ediləcəyi təqdirdə Ağdaş Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli qətnaməsinin icrasından imtina olunmasına razıdır. Sonda İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.R.Rəhimov iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hazırki mülki iş üzrə ümumiyyətlə cavabdeh düzgün müəyyən olunmamış, əsl cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 ASC olduğu halda iddia Cavabdeh1 ASC-yə qarşı qaldırılmışdır, halbuki Cavabdeh1 ASC yalnız podratçı təşkilat olaraq sifarişçi təşkilat Cavabdeh2 ASC ilə bağlanmış 06.11.2009-cu il tarixli müqavilə və digər sazişlər, o cümlədən sifarişçi tərəfindən müəyyən olunmuş layihə əsasında elektrik xəttinin tikintisini yerinə yetirmişdir, tikintisi başa çatdırılmış və hazıki mülki iş üzrə mübahisə predmeti olan 220 kV-luq Mingəçevir-Bakı-Abşeron hava elektrik xəttinin də mülkiyyətçisi və istismarçısı sifarişçi təşkilat Cavabdeh2 ASC-dir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 228 nömrəli, 07.06.1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əsas tikintidə podrat müqavilələri haqqında” Qaydaların 3.6.1-ci bəndinə əsasən tikinti meydançasının hazırlanması, elektrik və rabitə xətlərinin çəkilməsinə, nəqliyyat yollarının salınmasına müvafiq təşkilatlardan icazə almaq, tikinti aparılacaq sahə üçün müvafiq təşkilatlardan icazə almaq sifarişçinin öhdəlikləri olaraq göstərilmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, 10.06.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” qaydalarına əsasən də elektrik xətləri ilə bağlı müxtəlif tələblərin həmin xətlərin mülkiyyətçi və ya istismarçılarının öhdəliklərinə daxil olduğu nəzərdə tutulmuşdur, qeyd olunanlardan da göründüyü kimi, hazırki iddia Cavabdeh1 ASC-yə deyil, əsl cavabdeh olan Cavabdeh2 ASC-yə qarşı qaldırılmalı və ya Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən cavabdeh əsl cavabdeh ilə əvəz olunmalıdır. Sonda F.R.Rəhimov iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1008/2015 saylı, 10.11.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabddeh “Azərenerjitikini” (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi təmin edilmiş, 220-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin İddiaçı mülkiyyətində olan 1.22 hektar həyətyanı torpaq sahəsinin 15.0 metrliyindən keçən naqil hissəsinin sökülməsi qət edilmişdir. Həmin Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, "xxxx" ASC (AZENCO) tərəfindən quraşdırılmış Ağdaş rayonunun, Şıxlı kəndi ərazisində yerləşən və İddiaçı mülkiyyətində olan 1.22 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin cənub-qərb tərəfindən yer səthinin 40 metr hündürlükdən keçən 220 kv-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmin Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, Ağdaş rayonunun, Şıxlı kəndində yerləşən 1.22 hektar həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-33/2017 saylı, 27.03.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC (AZENCO) tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli, 2(014)-294/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 2(102)-5684/17 saylı, 25.08.2017-ci il tarixli qərarın surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin 27.03.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-129/2019 saylı 30.08.2019-cu il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsi və İddiaçı Ağdaş Rayon Məhkəməsinin 2(014)-294/2015 saylı, 10.11.2015-ci il tarixli qətnaməsində müəyyən edilmiş icra qaydası və üsulunun dəyişdirilərək kompensasiya ilə əvəz edilməsi barədə ərizə təmin edilmiş, 220-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin İddiaçı mülkiyyətində olan 1.22 hektar həyətyanı torpaq sahəsinin 15.0 metrliyindən keçən naqil hissəsinin sökülməsi hərəkətləri borclu "xxxx" ASC (AZENCO) tərəfindən tələbkar İddiaçı xeyrinə 41175 manat məbləğində kompensasiya ödənilməsi ilə əvəz edilmiş, yuxarıda qeyd edilən 41175 manat pul borclu "xxxx" ASC (AZENCO)-dan tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 21.10.2019-cu il tarixli, 8(107)-89/2019 saylı qərardadından görünür ki, Cavabdeh1 ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 8(014)-129/2019 saylı 30.08.2019-cu il tarixli qərardadı tam ləğv edilmiş, bu qərardadla bağlı 8(014)-129/2019 saylı 19.09.2019cu il tarixli qərardadı qismən -“şikayət təmin edilməməsi” hissəsində ləğv edilmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-294/2015 saylı, 10.11.2015-ci il tarixli qətnaməsində müəyyən edilmiş icra qaydası və üsulunun dəyişdirilərək kompensasiya ilə əvəz edilməsi barədə ərizə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 07.04.2020-ci il tarixli, N04/11-3060 saylı məktubun surətindən görünür ki, borclu tərəfindən kompensasiya ödənilməsi barədə əlavə iddia qaydasında məhkəməyə müraciət etmək hüququ vətəndaşa izah edilmişdir. İş materiallarında olan 05.06.2020-ci il tarixli **********2 saylı arayışdan görünür ki, İddiaçı ikinci qrup əlildir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsindən 410307 saylı pensiya işinə əsasən hər ay 233.20 manat pensiya alır. İş materiallarında olan "xxxx" MMC-nin 14.10.2020-ci il tarixli rəyindən görünür ki, Ağdaş rayonunun, Şıxlı kəndində yerləşən 1.2206 hektar həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun olaraq satış məbləği təqribən 45000 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin 28.12.2019-cu il tarixli “icra sənədinin icrasının mümkün olmaması” barədə qərarının surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli, 2(014)- 294/2015 saylı icra sənədi İcra haqqında Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icrası mümkün olmadığından geri qaytarılmışdır. Məhkəmə, məhkəmə - qiymətləndirmə ekspertizası rəyinə münasibətdə qeyd edir ki, həmin rəy mötəbər sübut kimi qəbul edilməli, əmlakın dəyərinin müəyyən olunmasında ekspertin gəldiyi nəticələr nəzərə alınmaldır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ağdaş rayonunun, Şıxlı kəndində yerləşən 1.22 hektar həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi iddiaçıya məxsusdur, mənzilin hazırkı bazar qiyməti 45000 manatdır, iddiaçı ikinci qrup əlildir, 220 kv- 330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xətti podrat müqaviləsi əsasında cavabdeh tərəfindən inşa edilmişdir, podrat müqaviləsi üzrə layihə yerinə yetirilərkən iddiaçıya məxsus 1.22 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi cavabdeh tərəfindən quraşdırılmış cənub-qərb tərəfindən yer səthinin 40 metr hündürlükdən keçən 220 kv- 330 kv-luq Mingəçevir-Bakı- Abşeron elektrik xəttinin mühafizə zonasına düşmüşdür, İddiaçı "xxxx" ASC (AZENCO)-ya qarşı “Ağdaş rayonunun, Şıxlı kəndində yerləşən 1.22 hektar həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin cənub-qərb tərəfindən yer səthinin 40 metr hündürlükdən keçən 220 kv- 330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttlərinin cavabdeh "xxxx" ASC (AZENCO) tərəfindən öz hesabına sökülməsinə” dair iddia tələbi üzrə mübahisəyə məhkəmədə baxılmış və Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh tərəfindən öz hesabına iddiaçıya məxsus əmlakın 15.0 metrliyində inşa edilmiş elektrik xəttinin naqil hissəsinin sökülməsi qət edilmişdir, həmin qətnamənin icrasının mümkün olmaması səbəbindən 28.12.2019-cu il tarixdə icra sənədi məhkəməyə qaytarılmış, həmçinin həmin qətnamənin icra üsulunun və qaydasının kompensasiya verilməsi ilə əvəz edilməsindən məhkəmə qaydasında imtina olunmuşdur, iddiaçı onun idda tələbi təmin ediləcəyi təqdirdə elektrik xəttinin cavabdehin hesabına sökülməsi barədə qətnaməsinin icrasından imtina olunmasına razıdır, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, iş materiallarından cavabdehin məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehin “hazırki iddia tələbi üzrə onun deyil, Cavabdeh2 ASC-nin əsl cavabdeh olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, mülki qanunvericiliyə əsasən, cavabdeh podratçı olaraq sifarişi elə şəkildə icra etməli idi ki, podratın nəticəsi qüsurlardan və üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun, iş materiallarından və işin mübahisəsiz hallarından isə görünür ki, sifariş icra edilərkən mübahisəli əmlak sifarişin nəticəsi olan yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşmüşdür ki, bu da sifarişin nəticəsinin yararlılığı üçün təhlükə törədən hal olmaqla, podratçını sifarişçiyə bu barədə vaxtında xəbərdar etmək öhdəliyi ilə şərtləndirirdi. Lakin iş materiallarından belə xəbərdarlıq barədə hər hansı bir sübutun olması görünmür. İkincisi, iş materialarından görünür ki, eyni tərəflər üzrə qanuni qüvvəyə minmiş Ağdaş Rayon Məhkəməsinin 10.11.2015-ci il tarixli 2(014)-294/2015 saylı qətnaməsi ilə “Ağdaş rayonunun, Şıxlı kəndində yerləşən 1.22 hektar həyətyanı torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin cənub-qərb tərəfindən yer səthinin 40 metr hündürlükdən keçən 220 kv- 330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttlərinin cavabdeh "xxxx" ASC (AZENCO) tərəfindən öz hesabına sökülməsinə” dair iddia tələbi təmin olunmuş, 220-330 kv-luq Mingəçevir-Bakı-Abşeron elektrik xəttinin İddiaçı mülkiyyətində olan 1.22 hektar həyətyanı torpaq sahəsinin 15.0 metrliyindən keçən naqil hissəsinin sökülməsi qət edilmişdir, həmin məhkəmə qətnaməsinin icra olunmasının mümkünsüzlüyü “Bakı və Abşeron sözgüdən hava elektrik xəttlərinin Cavabdeh2 ASC-nin struktur vahidi olan Mingəçevir REŞ MMC-nin istismarı və balansında olması, Bakı şəhəri və ətraf ərazilərin fasiləsiz elektrik enerjisi ilə təmin etdiyi üçün onun söküntüsünün mümkün olmaması, icra sənədinin icrası mövcud vəziyyətdə mümkün olmayan” halla bağlıdır ki, bu da cavabdehin mövcud imkanları ilə əlaqələndirilməsini istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin dəlilləri şəxsi mülahizələrə əsaslandığından əsaslı hesab edilə bilməz. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, elektrik xəttinin mühafizə zonası qaydalarına əməl edilmədən inşa edilmiş yüksək gərginlikli elektrik xəttinin iddiaçıya məxsus əmlakdan 15 metr məsafədə yerləşən naqil hissəsinin sökülməsi barədə qətnamənin icra edilməsi mümkün olmadığından, həmin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən təmin olunmadığından, iddiaçı ona məxsus əmlaka dəymiş ziyanın əvəzi qismində cavabdehdən kompensasiyanın alınaraq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə, “kompensasiya məbləğinin müəyyən edilməsinə” münasibətdə hesab edir ki, iddiaçıya dəymiş ziyanın (kompensasiya) məbləği ona məxsus daşınmaz əmlakın hazırki bazar qiymətinə uyğun olaraq 45000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 768.1.3-cü maddəsinə əsasən, podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinə əsasən, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 220-330 kv-luq elektrik naqilləri üçün 25 m məsafədə elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" (AZENCO) ASC-dən vurulmuş maddi zərərə (kompensasiya) görə 45000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdeh "xxxx" ASC (AZENCO)-dan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Azərenerjitikini” (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi zərərə görə 45000 (qırx beş min) manat məbləğində pul (kompensasiya) alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul “Azərenerjitikini” (Cavabdeh1) Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar