Məhkəmə qərarları › İş №2(011)-5176/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5176/2022

10.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5176/2022 10.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, General Şixlinski küçəsi, ev 39A, 3 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 2000-ci ildən iddiaçının xüsusi mülkiyyətindədir. Hal-hazırda cavabdeh iddiaçının xüsusi mülkiyyəti olan mənzildə qeydiyyatdadır. Lakin, o, faktiki olaraq həmin mənzildə yaşamır. Cavabdehin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması, mülkiyyətçi kimi onun hüquqlarını pozur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatları və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 41 saylı DNK-nın 3M/A-1238 reyestr nömrəli xx.xx.1999-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi, ev 39 A, mənzil 3 X1 adına xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş materiallarında görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki iş üzrə şahid qismində ifadə vermiş X6, verdiyi ifadəsində göstərmişdir ki, o iddiaçının qonşusudur, cavabdeh isə əvvəllər onun qonşusu olmuşdur. O, uzun illərdir ki, ünvan 3 ünvanında yaşayır. Cavabdeh əvvəllər ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır, daha sonra mənzili iddiaçıya sataraq həmin mənzildən köçüb getmişdilər Mülki iş üzrə şahid qismində dindirilmiş, X3 verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur. Cavabdeh əvvəllər ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır, daha sonra mənzili iddiaçıya sataraq həmin mənzildən köçüb getmişdilər. Hal-hazırda iddiaçıya məxsus mənzildə iddiaçı və onun həyat yoldaşı yaşayır. Cavabdehi uzun illərdir ki, görməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən alqı-satqı müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq mənzilə dair mənzilin keçmiş mülkiyyətçisinin adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində mənzilin keçmiş mülkiyyətçisinin mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, mübahisəli mənzildən cavabdehin qeydiyyatdan çıxmaması iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, cavabdeh X2 mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Beləliklə, iddia Cavabdeh iddiaçıya məxsus mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsində yerləşən 39A nömrəli evin 3 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar