Məhkəmə qərarları › İş №2(011)-5186/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5186/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5186/2024 20.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri 15 saylı notariat ofisində bağlanmış 19 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 68000 manat məbləğində pulu Cavabdeh borc vermişdir. Həmin borc müqaviləsinin 2-ci bəndində göstərilmişdir ki, “Borc alan” krediti xx.xx.2022-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “Borc verən” “Borcalana” 68000 manat 00 qəpik məbləğində pul borc verir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən, “Borc alan” krediti xx.xx.2022-ci il tarixədək “Borc verən” qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 8-ci bəndində göstərilmişdir ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Borcun qaytarılmasına dair kredit müqaviləsində göstərilən müddətin xx.xx.2022-ci il tarixində başa çatmasına baxmayaraq, Cavabdeh müqavilənin icrası ilə bağlı heç bir tədbir görməmişdir. Borcun qaytarılması ilə əlaqədar olaraq, dəfələrlə onunla apardığı danışıqlar müsbət nəticə verməmişdir. Belə ki, cavabdeh hər dəfə yalan vədlər verərək, iddiaçını aldatmağa cəhd etmişdir. Bununla əlaqədar olaraq, ilk öncə borcluya pretenziya məktubu göndərmişdir. Lakin, borclu yenə də, borcun qaytarılması istiqamətində hər hansı addım atmamışdır. Odur ki, borcun qaytarılması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 68000 manat məbləğində borc pulun, 294 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda iddia tələbini qismən qəbul edərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən 5300 ABŞ (9010 manat) dolları və 7700 ABŞ dolları (13090 manat) ödəniş edilmişdir. Bununla bağlı şahid də vardır. Lakin şahid məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddia tələbinin 45900 manat hissəsini qəbul etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 noyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borc verən borc alana 68000 manat məbləğində pulu borc vermiş, borc alan krediti 19 avqust 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 17 aprel 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 19 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin 28 aprel 2024-cü il tarixədək yerinə yetirilməsini təklif etmiş, əks təqdirdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq işin məhkəmə qaydasında həll edilməsi məqsədilə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (maddə 443.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.(maddə 445.2.1) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Beləliklə, mülki işin materialları, tərəflərin izahatı və kredit müqaviləsi ilə təsdiq edilir ki, Cavabdeh 19 noyabr 2021-ci il tarixdə İddiaçı 68000 manat məbləğində borc pul alaraq, 19 avqust 2022-ci il tarixədək qaytaracağını öhdəlik olaraq üzərinə götürsə də, hazırki günədək həmin məbləği tam şəkildə geri qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında tərəfindən iddiaçıya 5300 ABŞ (9010 manat) dolları və 7700 ABŞ dolları (13090 manat) ödəniş olunduğunu bildirsə də, həmin hal məhkəmə araşdırması zamanı mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməməsi sübut edildiyi üçün Cavabdeh 68000 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 68000 manat məbləğində pul vəsaiti və 294 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar