Məhkəmə qərarları › İş №2(011)-5205/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5205/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5205/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları:

1. 17 iyun 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında 51 saylı Notariat ofisində 3M-732 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı cavabdehə 51.000 (əlli bir min) manat məbləğində pul borc vermişdir və cavabdeh həmin məbləği 17 iyun 2021-ci il tarixədək kredit müqaviləsi üzrə borcu qaytarmağı öhdəsinə götürmüşdür.

2. Cavabdehə müqavilə öhdəliklərini icra etməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh öhdəliyi icra etməkdən qəsdən yayınmışdır.

3. Qeyd edilənlərə əsasən, cavabdehdən rəsmi qaydada bağlanmış müqaviləyə əsasən, cavabdehdən 51.000 manat pul vəsaitinin tutulması barədə məhkəməyə müraciət edilmişdir.

İddiaçının tələbi:

4. Cavabdeh 51.000 (əlli bir min) manat məbləğində pulun və ödənilmiş 243 (iki yüz qırx üç) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

5. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 51.000 (əlli bir min) manat məbləğində pulun, ödənilmiş 243 (iki yüz qırx üç) manat məbləğində dövlət rüsumunun və 17 iyun 2021-ci il tarixdən bu günə qədər hər il üçün orta bazar qiymətlrəinə mütənasib olaraq 51000 (əlli bir min) manat məbləğin 8%-i yəni, 8160 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

6. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddia ərizəsi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulan qaydalara uyğun verilməmişdir. Belə ki, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən, borcverən borc alana ödəniş müddətinin keçməsi haqqında notarius vasitəsilə yazılı bildiriş göndərməlidir. Lakin borcverən sözügedən bəndə əməl etməyərək sadə qaydada Pretenziya məktubu yazılmış və həmin pretenziya məktubunun çatdırılmasına dair mötəbər sübut iddia ərizəsinə əlavə edilməmişdir. Pretenziya məktubunun çatdırılmasına dair qəbzdə Alıcıya dair qeydlər və alıcının imzası yoxdur. Belə olan halda borcalana pretenziya məktubunun göndərilməsi tələbləri pozulmuş və çatdırlmasına dair iddia ərizəsinə mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş pretenziya qaydasına əməl etmədiyi üçün iddia ərizəsi geri qaytarımalı və müqavilə üzrə nəzərdə tutulan tələb yerinə yetirildikdən sonra iddiaçı məhkəməyə müraciət etməlidir. Etiraza əsasən məhkəmədən iddia ərizəsinin geri qaytarılması xahiş edilmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, cavabdeh əvvəllər onda pul istəmiş, o verməmişdir, daha sonra yenidən pul 30000 ABŞ dolları pul istəmiş, hansısa iş üçün lazım olduğunu demiş, pulun qarşılığında ona nə qədər əlavə pul ödəməli olduğunu soruşduqda o konkret bir məbləğ söyləməmişdir. Cavabdehlə aralarında müqavilə imzalamışlar, cavabdeh ona ayrı-ayrı vaxtlarda 1350 manat və 900 manat ödəniş etmişdir. Ondan sonra pulu vermədikdə cavabdeh ona İqbal adlı şəxsin ona pulu vermədiyini, Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə ona kömək edib izah verməsini xahiş etmiş, o da pulu İqbala deyil, cavabdehə ödədiyini, Ağır Cinayətlər Məhkəməsində yalnız olanları deyəcəyini bildirmişdir. O qeyd etmişdir ki, notariata getmək cavabdehin təklifi olmuşdur. Cavabdehin əslində iddiaçıya 115000 ABŞ dollar borcu var. Çünki ona hər ay 1500 ABŞ dollar pul ödəməli idi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili öz izahatında qeyd etmişdir ki, tərəflər öz azad iradə ifadələrini bildirərək notarial qaydada müqavilə bağlamışlar, pul vəsaitinin hansı məqsədlə əldə edilməsi və tərəflər arasında olan münasibətlər müqavilənin etibarsızlığına əsas deyildir. Odur ki, iddia tələbi əsaslıdır və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında qeyd etmişdir ki, iddiaçıdan pulu almış, müqaviləni cavabdehlə bağlamışdır. Lakin o pulu Fuaddan alıb İqbala vermişdir. İddiaçıya əvvəl müəyyən ödənişlər etmiş, lakin İqbal tutulduqdan sonra həmin cinayət işində mülki iddiaçı qismində tanınmışdır və iddia təmin edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) öz izahatında qeyd etmişdir ki, tərəflər arasında notarial qaydada müqavilə bağlansa da bağlanmış həmin müqavilə uydurma əqddir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2021-ci il tarixli qərarına əsasən, əqdlərlə bağlı tələblərə baxılarkən əqdin bağlandığı ana qədər mövcud olan münasibətlər və tərəflər arasında razılaşdırılmış danışıqlar nəzərə alınmalıdır. İddiaçıya ünvanlanmış “sözügedən pul vəsaiti nə məqsədlə verilmişdir?” sualına cavab olaraq iddiaçı tərəf bildirmişdir ki, “BMW” biznesinə şərik olmaq məqsədilə verilmişdir və hər ay iddiaçıya pul ödənilməklə, cəmi 115000 manat verilməli idi. Şəxsin etirafından da müəyyən edilir ki, həmin əqd uydurma əqddir. Odur ki, iddiaçının iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid X3 bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. Nizamini 2007-ci ildən tanıyır, Nizami onun üçün Almaniyadan avtomobil gətirmişdir. Fuad ona zəng etmiş və bildirmişdir ki, oğlunun toy mərasiminə gəlməsin. Daha sonra Nizami ilə danışan zaman Nizami ona Fuadla aralarında pul söhbətinin olduğunu demişdir. Lakin tərəflər arasında müqavilə bağlanarkən, eləcə də pullar verilərkən onların yanında olmamış və həmin anları görməmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar

12. 17 iyun 2020-ci il tarixli İddiaçı və Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 51.000 (əlli bir min) manat borc vermiş və Cavabdeh borcu xx.xx.2021-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür.

13. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 30 may 2023-cü il tarixli pretenziya məktubuna əsasən, cavabdehə 51.000 (əlli bir min) manat pul vəsaitini 5 gün ərzində qaytarmağı təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. “Muğanbank” Azadlıq Filialı tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli Xəzinə məxaric orderinə əsasən, İddiaçı 51.000 (əlli bir min) manat ödəniş etmişdir.

15. İddiaçı və cavabdeh tərəfindən Bakı şəhərinin notariusu X2 ünvanlanmış 17 iyun 2020-ci il tarixli ərizələrə əsasən, İddiaçı 51.000 manat pul vəsaitini Cavabdeh verməsi, Cavabdeh isə 51.000 manat pul vəsaitini İddiaçı alması barədə razılığa gəldiklərini bildirmişlər.

16. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-113/2023 nömrəli xx.xx.2023-cü il tarixli Hökmünə əsasən müəyyən edilmişdir ki, Cavabdeh zəərçəkmiş şəxs (mülki iddiaçı) qismində tanınmışdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Cavabdeh mülki iddiası təmin edilmiş və ümumilikdə 133943 (yüz otuz üç min doqquz yüz qırx üç) manat pul vəsaitinin təqsirləndirilən şəxs X1 tutularaq Cavabdeh ödənilməsi hökm edilmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardı 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 742.2. Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci tarixli Qərarı: Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.

24. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalı, tələbin qanuni əsası müəyyən edilməlidir.

25. İddiaçı cavabdehlə arasında xx.xx.2020-ci il tarixində kredit müqaviləsinə istinad edərək Cavabdeh 51.000 (əlli bir min) manat məbləğində pulun, ödənilmiş 243 (iki yüz qırx üç) manat məbləğində dövlət rüsumunun və 17 iyun 2021-ci il tarixdən bu günə qədər hər il üçün orta bazar qiymətlərinə mütənasib olaraq 51.000 (əlli bir min) manat məbləğin 8%-i məbləğində pulun tutularaq ona ödənilməsi tələbini irəli sürmüşdür.

26. Məhkəmə ilk növbədə tərəflər arasında etibarlı əqdin mövcud olub olmamasını araşdırmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

27. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

28. Cavabdeh tərəfin nümayəndəsi (vəkili) tərəflər arasında uydurma əqdin bağlandığını qeyd edərək, onun əhəmiyyətsiz olduğunu vurğulamış, lakin bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, uydurma əqd tərəflərin real hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağladıqları əqdlər hesab edilə bilər. Belə əqdlər bağlanan zaman tərəflərin əsl iradəsi qeyri-qanuni məqsəd üçün müqavilə bağlamaqdır. Bu zaman tərəflər uydurma əqddə nəzərdə tutulan hüquq və vəzifələrini yerinə yetirmir, bu istiqamətdə hər hansı real addım atmırlar.

29. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır, iddiaçı tərəf müqavilədə qeyd edilən 51.000 manat pulu cavabdehə vermiş, cavabdeh isə bu məbləğdən 2250 manatı iddiaçıya geri qaytarmışdır. Qeyd edilən hallar tərəflər arasında real iradə ifadəsinin mövcud oldğunu, borc müqaviləsi bağlandığını və borc müqaviləsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi istiqamətində iradə nümayiş etdirildiyini sübut edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə 17 iyun 2020-ci il tarixində bağlandığından Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan müvafiq normaları tətbiq edilməlidir. (§18)

30. Cavabdehin mövqeyindən belə aydın olur ki, o iddiaçıdan borc pul götürmüş və həmin borcu tam şəkildə geri qaytarmamışdır.

31. Cavabdehin nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında şahid qismində dindirilmiş şəxsin ifadəsi ilə bağlı qeyd olunmalıdır ki, həmin şahid tərəflər arasında müavilə bağlanan zamanı danışıqlar prosesində iştirak etməmiş, müqavilə bağlanan zaman orada olmamış, bildikləri yalnız kimlərdənsə eşitdiyi məlumatlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən şahid ifadəsi mötəbər hesab edilə bilməz.

32. Cavabdeh tərəfin nümayəndəsinin (vəkilinin) məhkəməyə ünvanladığı etirazda müqavilənin 7-ci bəndində nəzərdə tutulan “Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göstərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır” şərtə əməl edilmədiyini, iddiaçı pretenziya məktubunu göndərsə də məktubun çatdırılmasına dair mötəbər sübut əlavə edilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, istinad edilən müqavilə şərti icra qeydi ilə bağlı olub, məhkəməyə müraciət etməmişdən əvvəl əməl edilməli olan pretenziya qaydasını ehtiva etmir. Məhkəmə qeyd edir ki, tərəflər arasında məhkəməyə müraciət etməmişdən öncə pretenziya ilə müraciət edilməsi ilə bağlı müqavilədə şərt nəzərdə tutulmamışdır. Mülki qanunvericilikdə pretenziya qaydasına əməl edilməsi müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə bağlıdır. (MM 423.2.)

33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun qaytarılması hissəsində 51000 (əlli bir min) manat həcmində deyil, 48750 (qırx səkkiz yeddi yüz əlli manat) manat həcmində (51000-1350-900=48750) təmin edilməlidir.

34. İddia tələbinin 17 iyun 2021-ci il tarixdən bu günə qədər hər il üçün orta bazar qiymətlərinə mütənasib olaraq 51000 (əlli bir min) manat məbləğin 8%-i məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, iddia tələbi əsas borca münasibətdə qismən təmin edildiyindən, faiz məbləği də iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

35. Beləliklə, cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilən 48750 manat pul vəsaitinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, illik beş faiz hissəsi (48750x5=243750; 243750:5=2437,50) 2437,50 manat təşkil edir. 3 il müddətinə illik beş faiz gecikdirilmiş məbləği yəni, 2437,5+2437,5= 4875 manat) və 1 ay müddət üçün 2437,50:12= 203,12 manat olmaqla, cəmi 5078,12 manat faiz borcu da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

36. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 48750 manat əsas borc və 5078,12 manat faiz borcu olmaqla, cəmi 53828,12 (əlli üç min səkkiz yüz iyirmi səkkiz manat on iki qəpik) tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 243 (iki yüz qırx üç) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

39. Məhkəmə prosesi zamanı iddia tələbinin həcmi artırılmışdır. Dövlət rüsumu iddia tələbinə uyğun müəyyənləşdirildiyindən, məhkəmə hesab edir ki, iddia tələbinin həcmi artırılarkən ödənilməmiş dövlət rüsumunun qalıq hissəsi (267,48-243=34,48 manat) (otuz dörd manat qırx səkkiz qəpik) iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

40. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 48750 (qırx səkkiz min yeddi yüz əlli) manat əsas borc, 5078,12 manat faiz borcu olmaqla, cəmi 53828,12 (əlli üç min səkkiz yüz iyirmi səkkiz manat on iki qəpik) manat tutularaq İddiaçı ödənilsin. 3.İddiaçı tərəfindən ödənilmiş 243 (iki yüz qırx üç) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. 34,48 manat (otuz dörd manat qırx səkkiz qəpik) qalıq dövlət rüsumu İddiaçı tutularaq Dövlət büdcəsinə ödənilsin.

5. İddia qalan hissədə təmin edilməsin.

6. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar