Məhkəmə qərarları › İş №2(011)-5220/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5220/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5220/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borc vəsaitinin silinməsi, kredit reyestrində məlumatların düzəldilməsi, əsassız borca yönəlmiş kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (üçüncü şəxs qismində ləğvetmə prosesində olan "xxxx" ASC və "xxxx" MMC cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyul 2015-ci il tarixdə SAL212000000G110001 saylı kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Salyan filialı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəlikləri icra olunmuş hesab edilməklə ləğvetmə prosesində olan "xxxx" ASC tərəfindən əsassız hesablanmış 5.564,90 manat kredit borcunun adından silinməsi və "xxxx" MMC-yə məlumat verilməsinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun rəsmi qeydə alındığı yer Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40-dır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri, Xətai rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borc vəsaitinin silinməsi, kredit reyestrində məlumatların düzəldilməsi, əsassız borca yönəlmiş kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar