Məhkəmə qərarları › İş №2(011)-5283/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5283/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5283/2021 06.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun tələb olunması” barədə iddiasına iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.000 ABŞ dolları pulun alınıb mərhum qardaşı X4 qanuni vərəsəsi kimi iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum qardaşı X1, yəni 2019-cu ilin yanvar ayında Səfərin yaxın dostları X5, Nümayəndə və X3 iştirakı ilə Cavabdeh yaşadığı ünvanda üç ay müddətinə qaytarmaq şərti ilə 25.000 ABŞ dolları borc vermişdir. Cavabdeh həmin 25.000 ABŞ dolları pulu Bakı şəhəri, Səbail rayonu, Tarqovı küçəsi ərazisində yerləşən “X11” restoranını icarəyə götürüb işlətmək üçün almışdır. Cavabdeh əvvəlcə iddiaçının mərhum qardaşı Səfərə restoranı şərikli işlətməyi təklif etmişdir. Lakin Səfər cavabdehə etiraz etmiş və şərik olmaq istəmədiyini bildirmişdir. İddiaçının mərhum qardaşı X8 cavabdeh ilə 1965-ci ildən 1975-ci ilə qədər Mərdəkan qəsəbəsində qonşuluqda yaşadıqlarından, sonradan da Xətai rayonu ərazisində yaşadıqlarından cavabdehin təklifi ilə razılaşmış və ona inandığı üçün 25.000 ABŞ dollarını 3 ay müddətində qaytarmaq şərti ilə ona borc kimi vermişdir. İddiaçının qardaşı X8 30 sentyabr 2019-cu ildə qəfildən vəfat etdiyi üçün cavabdeh ona olan inam və etibarından sui-istifadə edərək, borc aldığı 25.000 dolları nə iddiaçının mərhum qardaşına, nə də qanuni vərəsəsi olan iddiaçıya qaytarmamışdır. İddiaçının mərhum qardaşı Səfər Məmmədov cavabdehin ondan aldığı 25.000 ABŞ dollarını geri qaytarmadığını yaxın dostları Elçinə və Telmana söyləmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında şahid qismində çıxış edən şəxsləri daha öncə görmədiyini və ona heç bir pul vəsaitinin verilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində çıxış edən Nümayəndə öz izahatında bildirdi ki, o, Aidanı ilk dəfə Səfər ölərkən görmüşdür. Ona zəng gəlmiş və o, Səfərin evinə getmişdir. O, evə qayıdarkən Aidanı görmüşdür. Səfər xristian qəbiristanlığında dəfn olunmuşdur. Səfər öldükdən sonra onun evindən pul çıxmışdır. O, Aidaya zəng etmiş və pulu gətirməsini bildirmişdir. Polis çağırmış və polis gəldikdən sonra pul təhvil verilmişdir. Aida Səfərdən restoran açmaq üçün 50.000 dollar pul istəmişdir. Səfər onun və digər iki dostunun yanında Aidanın evinin aşağısında, blokun önündə Aidaya 25.00 ABŞ dolları pulu vermişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X9 öz izahatında bildirdi ki, o, Səfərlə 1976-cı ildən tanışdır. Səfər işdən 2019-cu ildə çıxmışdır. O, Telman və Səfər birlikdə iş qurmaq istəmişlər. Səfər ondan 15.000 dollar almışdır. O, Aidaya 25.000 dollar pul vermişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X7 öz izahatında bildirdi ki, Səfər onun və digər iki dostunun yanında Aidaya 25.000 dollar pul vermişdir. Pulu blokda ona təqdim etmişlər. Həmin vaxt Aida qara paltarda olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı 30 sentyabr 2019-cu ildə vəfat etmiş X4 vərəsəsidir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin əsası kimi mərhum qardaşı Səfər Məmmədovun Cavabdeh 25.000 ABŞ dolları məbləğində borc verməsinə, borcun verilmə məqsədinin cavabdehin restoran açmaq istəməsinə, cavabdehin borcunu bu günədək qaytarmamasına istinad etmiş, cavabdehdən mərhum qardaşından aldığı 25.000 ABŞ dolları pul vəsaitinin alınaraq mərhumun vərəsəsi kimi ona qaytarılmasını tələb etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehin onun vəfat etmiş qardaşı qarşısında 25.000 ABŞ dolları məbləğində pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Belə ki, Mülki Məcəlləyə 2016-cı ildə edilmiş dəyişikliyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı tərəf cavabdehlə qardaşı arasında hər hansı yazılı razılaşmasının olması barədə sübut məhkəməyə təqdim etməmişdir. Daha sonra iddiaçı tərəf məhkəməyə 3 şahid dəvət etmiş, pulun verilməsində şahidlərin iştirak etməsinə istinad etmişdir. Məhkəmə şahid ifadələri dinlənilmiş, lakin qeyd edilən ifadələrin mötəbər sübut qismində qəbul etməmişdir. Belə ki, məhkəmə şahidlərin verdiyi ifadələri kifayət qədər inandırıcı hesab etməmiş, şahid ifadələri arasında ziddiyyətlər aşkar etmiş və iddia tələbinin təmin edilməsi üçün yetərli hesab etməmişdir. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbləri rədd olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı -Cavabdeh 25.000 ABŞ dolları pulun alınıb mərhum qardaşı X4 qanuni vərəsəsi kimi iddiaçıya qaytarılması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar