Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5296/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 barəsində borcun tutulması tələbi ilə bağlı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7678/2017 saylı, 12 iyul 2017-ci il tarixli məhkəmə əmri qəbul edilmişdir. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7678/2017 saylı, 12 iyul 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Onun ərizəsi təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7678/2017 saylı, 16 iyun 2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7678/2017 saylı, 12 iyul 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6475 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən kreditor borcluya satış qiyməti 2136 ABŞ dolları olan (ümumi məbləğ 2136 ABŞ dolları) Samsung G925 Black markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ilkin olaraq 188 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6475 saylı nisyə alqı-satqı müqaviləsinə xx.xx.2015-ci il tarixində zamin durmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6475 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6475 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 1948 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 292 ABŞ dolları cərimə, cəmi 2240 ABŞ dolları və 20 manat dövlət rüsumu pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1306 ABŞ dolları borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə, müvafiq qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, SUM 6475 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, kreditor borcluya satış qiyməti 2136 ABŞ dolları olan “Samsung G925 Black” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. İş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh2 arasında bağlanmış 16 iyul 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin 16 iyul 2015-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh1 və Cavabdeh2 16 iyul 2015-ci il tarixli nisyə alqı-satqı və zaminlik müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə qalıq borc 1306 ABŞ dolları təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin cavabdehlərə ünvanladığı pretenziyaya əsasən məlum olur ki, cavabdehlər 3 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.(maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, eyni zamanda zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 borca zamin durduğuna görə əsas borclu ilə birlikdə öhdəliyi icra etməli olduğundan cavabdehlərdən müştərək qaydada 1306 ABŞ dolları borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1306 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5296/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5296/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver