Məhkəmə qərarları › İş №2(011)-530/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-530/2025

31.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-530/2025 31.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərə görə 10.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat, ümumilkdə 10.120 manat pul vəsaitinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, 2024-cü ilin iyun ayının 23-də günorta saatlarında təxminən saat 14:30 radələrində ona məxsus olan “JEEP” markalı **-GE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ilə hərəkət edərkən, yüksək sürətlə hərəkətdə olan və Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanunun tələblərini pozaraq və nəticədə idarəetməni itirərək cavabdehlərin mülkiyyətində olan və mülkiyyətçinin yanında olan və avtomobili faktiki idarə edən X1 özünün idarəetdiyi “Nissan Maxima” markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə vuraraq ona ümumilikdə 15180 manat maddi ziyan vurmuşdur. Həmin ziyanın bir qismini (beş min manat) həmin avtomobilinin sığortaçısı qarşılamışdır, lakin qalan ziyanla bağlı o dəfələrlə cavabdehlə görüşməyinə , dəfələrlə onunla telefonda söhbətlərinə baxmayaraq ödənilməsi mümkün olmamışdır. Buna baxmayaraq o israrla cavabdehdən ona vurulan ziyanın kompensasiyanın ödənilməsini tələb etsə də, lakin cavabdeh imtina etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehlərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlar: İXP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokol və TP ******* saylı, xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixində Məhəmməd Hadi küçəsində “Nissan Maxima minik” markalı 10BX909 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamət zolağına çıxmadan manevr etmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2024-cü il tarixli Bakı şəhəri BPİ-nin DYPi-nin YNHÜŞ inspektoru polis kapitanı Əliyev Vahid tərəfindən tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxeminə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən törədilmiş inzibati xəta nəticəsində “Nissan Maxima minik” markalı 10BX909 dövlət qeydiyyat nişanlı avtomobil ilə “JEEP” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, hər iki avtomobil zədələnmişdir. Müstəqil sığorta eksperti X2 tərəfindən verilə xx.xx.2024-cü il tarixli rəyə əsasən İddiaçı məxsus “X5” markalı, **-GE-*** dövlət qeydiyyat nışanlı avtomobilə dəyən ziyanın dəyəri 15.180 manat kimi qiymətləndirilir. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə əsasən, buraxılış ili 2013-cü il olan “X5” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 12.200 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixində, saat 14:30 radələrində Cavabdeh1 məxsus “Nissan Maxima” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilən zaman, sonuncu “Yol hərəkəti qaydaları”nı pozaraq, inzibati xəta törətmişdir. Nəticədə avtomobil İddiaçı məxsus “X5” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol –nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “X5” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ziyan dəymişdir. İddiaçı avtomobilinə dəymiş ziyanın qarşılanması üçün sığorta şirkətinə müraciət etmiş, sonuncu ümumi dəymiş ziyanın dəyərinin 5000 manat hissəsini ödəniş etmişdir. Hal-hazırda İddiaçı Müstəqil sığorta eksperti X2 tərəfindən verilə xx.xx.2024-cü il tarixli rəyə istinad edərək avtomobilə ümumilikdə 15180 manat məbləğində zərərin yetirildiyini iddia edərək, zərər məbləğinin qalmış hissəsi olan 10.000 manatın cavabdehlərdən iddiaçının xeyrində tutulmasını tələb edir. Məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis rəyinə əsasən “X5” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin məbləği 12.200 manat olduğu müəyyən edilmişdir. İddiaçı tərəf "xxxx" MMC tərəfindən təqdim edilmiş rəyi mübahisələndirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyan 12.200 manat məbləğində müəyyən edilməli, iddiaçıya ödənilmiş 5000 manat sığorta ödənişi nəzərə alınaraq, sığorta şirkəti tərəfindən dəymiş ziyanın qarşılanmaya hissəsi, yəni 7200 manat məbləğində pul vəsaiti yolnəqliyyat hadisəsində təqsirli olan Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə digər cavabdeh olan Cavabdeh1 ilə bağlı qeyd etmək istəyir ki, sonuncunun hər hansısa qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində İddiaçı hüquqları pozularaq ona maddi zərər dəyməsi öz təstiqini tapmadığından iddia tələbi Cavabdeh1 olan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edildiyinə görə, məhkəmə xərclərinə daxil olan dövlət rüsumu və qiymətləndirmə tədqiqatına görə xidmət haqqı cavabdehə aid edilməlidir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya, qiymətləndirmə xidmət haqqına görə isə 500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMCyə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş maddi zərərin əvəzi olaraq 7200 (yeddi min iki yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qiymətləndirmə xidmət haqqına görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar