Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5300/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflərin birgə nikahından bir övladları – xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin nikahları pozulmuş, iddiaçıya xx.xx.2017-ci il tarixdə 385 nömrə ilə qeydiyyata alınmaqla nikahlarının pozulması barədə xx.xx.2018-ci il tarixdə 295513 nömrəli şəhadətnamə verilmişdir.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3312/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq tərəflərin birgə nikalarından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir (Xətai Rayon Məhkəməsinin 2(011)- 3499/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hal).
3. Sonuncu dəfə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3499/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq tərəflərin birgə nikalarından doğulmuş uşağın yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir.
4. İddiaçı Bakı Şəhəri Üzrə Təhsil İdarəsində müəllim (ümumi təhsil məktəbi/əmək təlimi) vəzifəsində işləyir və aylıq əmək haqqı 1132,60 manat təşkil edir.
5. Cavabdehin Əli Qasımovdan başqa iki – xx.xx.2020-ci il təvəllüdlü X2 və "X7" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü (yük avtomobili/ağır) vəzifəsində işləyir və aylıq əmək haqqı 955,43 manat təşkil edir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
6. İddiaçı cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 235 manat müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə rəsmi nikahlarından bir övladları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, xasiyyətləri uyğun gələmədiyi üçün ayrılmışlar. Uşaq hazırda onun himayəsindədir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün 175 manat aliment tutulur. Həmin vəsait uşağın saxlanması, gündəlik tələbatının qarşılanması üçün yetərli deyil. Heç bir yerdə işləmir. Qanuna əsasən 2024-cü il üzrə yaşayış minimumu ölkə üzrə 235 manatdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçı ilə nikah pozulduqdan sonra o, faktiki nikahla ailə qurmuş və həmin faktiki nikahdan onun 03 iyul 2018-ci ildə X1 və 18 may 2020-ci ildə X2 adlı uşaqları dünyaya gəlmişlər. Ailədə yeganə qazanc gətirən şəxs odur. Faktiki nikahdan həyat yoldaşı heç yerdə işləmir və ailədə uşaqlara baxacaq başqa şəxs olmadığından və uşaqlar azyaşlı olduqlarından işləyə bilmir. O, hər hansı bir fiziki şəxs üçün sürücü işləməklə orta aylıq qazancı 500-600 manat təşkil edir. Bundan da 175 manat məbləğində aliment ödəyir. İddiaçı 15 sentyabr 2022-ci ildən Bakı şəhərinin 120 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyir və hazırda onun orta aylıq gəliri 1000 manata yaxındır. Bu onun orta aylıq gəlirindən iki dəfəyə yaxın çoxdur. Onun himayəsində üç nəfər, iddiaçının himayəsində isə tək bir uşaq var. Bu da iddiaçının həm özünün, həm də uşağın maddi tələbatının ən yüksək səviyyədə ödənilməsinə imkan verir. O isə iddiaçıya hər ay 175 manat aliment ödəməklə gəlirindən qalan 375-475 manatla özü qarışıq dörd nəfərin maddi tələbatını ödəyə bilmir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh artıq bir neçə aydır alimenti ödəmir, təxminən 6000 manat məbləğidə aliment borcu yılğılıb.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
9. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
10. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
16. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
19. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, müəyyən edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
20. Məhkəmə iddiaçının göstərdiyi dəlillə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.
21. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər. Eyni zamanda, uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsindən artıq olması da nəzərdə tutulmuşdur.
22. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması barədə məhkəmə qətnaməsi ilə aliment tutulduqdan sonra, yəni 2021-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
23. Məhkəmə qeyd edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərinə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər.
24. Bundan başqa, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra” müddəasının mənasına görə alimentin miqdarının sonradan dəyişdirilməsi üçün buna qədər alimentin müəyyən edilməsi barədə məhkəmə qərarı olması tələb olunur. Hazırkı mübahisə üzrə isə buna qədər alimentin miqdarının müəyyən edilməsi barədə məhkəmə qərarı deyil, alimentin ödənilməsi ilə bağlı mediasiyada bağlanmış barışıq sazişi mövcuddur.
25. Məhkəmə hesab edir ki, alimentin tutulması uşaqların mənafeyinə xidmət etməklə bərabər, eyni zamanda onların ümumilikdə fiziki, əqli, mənəvi, sosial baxımdan sağlam və normal şəraitdə yaşamaları məqsədilə təyin edilir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmnin qənaətinə görə, Ailə Məcəlləsinin 112.1-ci maddəsində “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra” müddəasının olması qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının sonradan dəyişdirilməsi barədə iddianın irəli sürülməsi və məhkəmə qərarı ilə müsbət həll edilməsini istisna etməməlidir.
26. Şərh edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün alimentin tutulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra uşaqların saxlanması üçün müəyyən edilmiş minimum xərclərin artırılması nəzərə alınmaqla, hazırda həmin aliment onların maddi tələbatlarının ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Odur ki, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını məhkəmə nəzərə alaraq, belə qənaətə gəlir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırıla bilər.
27. Lakin, “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlar, eləcə də, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar əsasında müəyyən olunur ki, cavabdehin iki azyaşlı övladı var. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş cavabdehin gəlir məlumatları əsasında müəyyən olunur ki, cavabdeh halhazırda “X8” MMC-də sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 955,43 manat təşkil edir. Həmçinin, Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş iddiaçının gəlir məlumatlarından məlum olur ki, o, Bakı Şəhəri Üzrə Təhsil İdarəsində müəllim (ümumi təhsil məktəbi/əmək təlimi) vəzifəsində işləyir və aylıq əmək haqqı 1132,60 manat təşkil edir.
28. Məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin maddi və ailə vəziyyəti mütləq nəzərə alınmalıdır. Yuxarıda da göstərildiyi kimi cavabehin əmək haqqı 955,43 manat təşkil edir. İddiaçı da, cavabdehin əlavə qazancının və gəlilrərinin olmasını iddia etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin ailə vəziyyətinə gəldikdə isə, iş materiallarından da göründüyü kimi, iddiaçı ilə nikahı pozulduqdan sonra ikinci dəfə faktiki nikaha daxil olmuş və onun ikinci nikahından da iki azyaşlı övladı vardır. Məhkəmə qeyd edir ki, uşaq hüquqları barədə qanunvericiliyə əsasən hər bir uşağın müəyyən edilmiş minumum yaşayış məbləğindən az olmayan həddə maddi təminat hüququ vardır və uşaqların saxlanması üçün aliment tutularkən, onların bu hüquqularının mümükün qədər təmin olunması nəzərə alınmalıdır. Bu halda, iddiada göstərilən həcmdə cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutulması ilk növbədə onun digər nikahdan doğulmuş iki övladının hüquqlarını həddən artıq ağırlaşdıra bilər. Odur ki, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilərək cavabdehdən 220 manat alimentin tutulması daha məqsədəuyğundur.
29. Alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.
30. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 1880 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 38,80 manat olduğu müəyyən edilir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3499/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 38,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı