Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-533/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahından iki övladları, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur.
2. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 2576/2019 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahından doğulmuş – xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
3. Cavabdeh ikinci dəfə nikaha daxil olub və bu nikahdan xx.xx.2022-ci il tarixdə bir qız övladı doğulmuşdur.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
5. İddia ərizəsinin dəlilləri
6. İddiaçı 06.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hər ay hər uşaq üçün 300 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə 2008-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, 2019-cü il tarixdə isə aralarındakı nikah pozulmuşdur. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-2576/2019 saylı, 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2009-ci il təvəllüdlü X3 və xx.xx.2014-cii il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçına verilməsi qət edilmişdir. Halhazırda X1 13 yaşı, X2 isə 8 yaşı var. Gəncə şəhəri Nizami rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəmə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, hazırkı iş üzrə onun ailə və maddi vəziyyətində müsbət istiqamətdə, yəni gəlir baxımından dəyişiklik olmamış, eləcədə əmək haqqı azalmaqla hazırda 350 manat təşkil edir. Bundan əlavə yenidən ailə qurmaqla yeni övladı olmuşdur və onun himayəsindədir. Hazırkı iş üzrə onun maddi və ailə vəziyyətinin müsbət dəyişməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməməklə yanaşı, himayəsində digər azyaşlı uşağın olması, eləcədə, əmək haqqının azalması və digər zəruri həyat ehtiyaclarının artması baxımından hazırda alimentin artırılmasına əsas yoxdur. O, maddi vəziyyətin yaxşı olacağı təqdirdə özü tərəfindən azyaşlı uşaqların saxlanılmasına əlavə köməklik edəcəkdir və bunu keçmiş müddət ərzində də etmişdir. Yəni, azyaşlı övladları Fəridə və Səlimə adlı uşaqları ilə kifayət qədər maraqlanmaqla onların bütün problemlərinin və çətinliklərinin həllində ata kimi üzərinə düşəni edir. Bu baxmından, alimentin artırılması barədə iddia uşağın maraqları baxımından yox, daha çox iddiaçının özünün fərdi maraqları baxımından irəli sürülmüş və iddianın hüququ və faktiki əsaslarına dair hər hansı bir sübut təqdim edilməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
11. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda— bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
18. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
21. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada müəyyən edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ərizəsində əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
22. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir (§ 15).
23. Göstərilən müddəadan da görünür ki, qanunda məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zəruriliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Qanunvericilikdə ailə və maddi vəziyyətin dəyişməsinin nədən ibarət olması açıqlanmasa da, məhkəmənin qənaətinə görə maddi vəziyyətinin dəyişməsi tərəflərin gəlirlərinin (qazanclarının) artmasını, yaxud azalmasını nəzərdə tutur. Ailə vəziyyətində dəyişiklik edilməsi isə tərəflərin yeni nikaha daxil olması, himayəsində əmək qabiliyyəti olmayan şəxslərin olması, yaxud ailə üzvlərinin gündəlik zəruri xərclərinin artması və s. kimi başa düşülə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının daimi artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.
24. Bundan başqa, uşaq hüquqları haqqında milli qanunvericilik uşaqların yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququnun olmasını müəyyən edir (§ 16).
25. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün alimentin artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2019-cu il tarixdən bəri uşaqların saxlanması üçün minimum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onların zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz.
26. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.
27. Odur ki, məhkəmə əvvəlki qətnamə ilə hər ay cəmi hər bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş əvvəlki alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.
28. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
29. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, bu zaman cavabdehin də ailə vəziyyəti nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan Doğum haqqında tibbi şəhadətnamədən (TQS №103) görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixdə yeni nikahından bir qız övladı doğulmuşdur.
30. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay 600 manat məbləğində alimentin tutulması onun ailə vəziyyətini çətinləşdirə bilər. İddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.
31. Məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli arayışa əsasən “Dəniz Diş” Klinikasında doktor vəzifəsində işləməklə aylıq əmək haqqının 350 manat olmasına istinad edərək iddianın təmin edilməməsi dəlili ilə razılaşmır. Belə ki, məhkəmə cavabdehin diş klinikasında doktor vəzifəsində yalnız aylıq əmək haqqından əlavə qazancının olmamasını ağlabatan hesab etmir.
32. Alimentin tutulma müddəti isə mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
33. Məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 1440 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 34,40 manat olduğu müəyyən edilir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-2576/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 34,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı