Məhkəmə qərarları › İş №2(011)-5340/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5340/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5340/2021 13.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 9868,9 manat əsas borc, 1016,18 manat faiz borcu və 1717,98 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 12603,06 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “TBC Kredit” Bank olmayan kredit təşkilatından illik 19 faizlə, 24 ay müddətinə 12000 manat kredit götürmüşdür. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 ilə öhdəliyin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. 14.08.2020-ci il tələbetmə hüququnun güzəşt olunmasına dair müqaviləyə və ona əlavə edilmiş 3 saylı əlavəyə əsasən Cavabdeh1 ilə “TBC Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il mayın 29-dək Cavabdeh1 banka 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 9868,9 manat əsas borc, 1016,18 manat faiz borcu və 1717,98 manat cərimə olmaqla, ümumilikdə 12603,06 manat borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir, banka borclu olduğuna baxmayaraq, hal-hazırda işləmədiyi üçün borcu birdəfəlik ödəmək iqtidarında deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış 10.02.2020-ci il tarixli BAKU1-15184-18042 nömrəli Kredit Müqaviləsinə əsasən bu Müqavilənin tərkib hissəsi olan müvafiq Razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq, “Borcalan”a məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, illik ən çoxu 50 faiz dərəcəsilə hesablanılmaqla faizlər ödənilmək və təminatlılıq və ya belə təminatsız və maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 12000 manat məbləğində kredit verilməsi mümkünlüyün nəzərdə tutur. Müqaviləyə əsasən kredit müqaviləsinin məbləği 12000 manat, müddəti 240 ay, maksimal illik faiz dərəcəsi 50 faiz, kreditin təminatı Cavabdeh2 zaminliyidir. İş materiallarında olan 10.02.2020-ci il tarixli, BAKU1-15184-18042/1 nömrəli Razılaşmaya əsasən kreditor illik 19 faizlə 24 ay müddətinə 6000 manat məbləğində kredit borcalana təqdim etmişdir. İş materiallarında olan 10.02.2020-i il tarixli BAKU1-15184-18042/2 nömrəli Razılaşmaya əsasən kreditor borcalana 19 faizlə 24 ay müddətinə 6000 manat məbləğində kredit təqdim edir. Mülki iş materiallarında olan 10.02.2020-ci il tarixli BAKU1-15184-18042+BAKU1- 40721 nömrəli Zaminlik müqaviləsinə əsasən müqavilə borclu Cavabdeh1 kreditor "xxxx" MMC qarşısında 10.02.2020-ci il tarixli BAKU1-15184-18042 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin təminatı icra edilməsi üçün zamin X2 və borclu Cavabdeh1 birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarmağı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı ASC-yə ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 19.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 BAKİ1-15184-18042 nömrəli 10.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9868,9 manat, faiz borcuna görə 1016,18 manat, cərimə borcuna görə 1717,98 manat, ümumilikdə 12603,06 manat məbləğində borcu var. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanılmış Tələbin güzəşti barədə müqaviləyə və 14.08.2020-ci il tarixli “Tələbin Güzəşti barədə Müqavilə”yə dair 2 nömrəli 17.09.2020-ci il tarixli Əlavə Sazişə əsasən TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh1 arasında bağlanılmış 10.02.2020-ci il tarixli BAKU1- 15184-18042 nömrəli Kredit Müqaviləsi üzrə borcalanlarla, o cümlədən sonuncuların səhmdarları, vərəsələri və hər-hansı əlaqədar şəxslərə qarşı bütün tələbləri, habelə öhdəliyin icrasını təmin edən hüquqları, tələblə bağlı olan digər hüquqları və ödənilməmiş faizlərə hüququ güzəşt anında mövcud olmuş həcmdə və şərtlərlə 30 sentyabr 2020-ci il tarixədək İddiaçı ASC-yə güzəşt etməyi öhdəsinə götürür. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumuna görə 30,00 manat məbləğində pul ödənilmişdir. Məhkəmə ilk növbədə Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcun İddiaçı ASC tərəfindən tələb edilməsi xüsusatını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanan iş materiallarına əlavə olunmuş müqaviləyə əsasən "xxxx" MMC borc tələbetmə hüquqlarını İddiaçı ASC -yə ötürməklə güzəşt etmişdir. Bu səbəblə də, hazırki iddia tələbi üzrə İddiaçı ASC Cavabdeh1 və zamin Cavabdeh2 borcları tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, cavabdehdən əsas borca görə 9868,9 manat, faiz borcuna görə 1016,18 manat məbləğində pul tutulmalıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılaraq 300 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 9868,9 (doqquz min səkkiz yüz altmış səkkiz manat doxsan qəpik) manat, faiz borcuna görə 1016,18 (bir min on altı manat on səkkiz qəpik) manat, cərimə borcuna görə 300 (üç yüz) manat, ümumilikdə 11185,08 (on bir min yüz səksən beş manat səkkiz qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar