Məhkəmə qərarları › İş №2(011)-535/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-535/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-535/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3400 manat pul vəsaitinin və 65 manat ödənilmiş dövlət rüsmunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə səmimi münasibətləri olmuşdur, buna əsasən cavabdeh ondan 3400 manat borc pul istəmişdir, həmin məbləği bir ay müddətinə ona borc kimi vermişdir, 05 fevral 2021-ci il tarixdə cavabdehin özü iltizama imza edərək pulu götürmüş, həmin pulu bir ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür, lakin dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin pulu qaytarmamış, vədinə əməl etməmişdir, pulu ödəməkdən müxtəlif bəhanələrlər boyun qaçırmışdır, cavabdehlə danışıqlardan nəticə əldə etməmişdir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 14.01.2022-ci il tarixli məhkəmə iclasnda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında imzalanmış qəbzin əlyazmasından görünür ki, Cavabdeh 05.02.2021-ci il tarixdə İddiaçı bir ay müddətinə 3400 manat məbləğində borc pul almışdır. İş materiallarında olan 03.11.2021-ci il tarixli 27756 saylı qəbzdən görünür ki, iddiaçı 65 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 26.10.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı yazılı razılaşma əsasında Cavabdeh İddiaçı 3400 manat borc almış, həmin borcun bir ay müddətinə qaytarılmasına dair öhdəlik götürmüş, lakin öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir, hazırda cavabdehin iddiaçıya 3400 manat məbləğində borcu qalmışdır. Bununla belə, cavabdehin iddiaçıya olan borca dair öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə, tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 3400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödəniməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 65 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 65 (altmış beş) manat alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamədən onun rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar