Məhkəmə qərarları › İş №2(011)-5380/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5380/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5380/2023 18.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000 manat pulun, qətnamə qəbul edilən tarixə bank faizinin uçot dərəcəsini hesablamaqla, iddiaçının əlavə çəkdiyi xərclərlə bərabər olmaqla 500 manat, ümumilikdə 1.500 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə borclu Cavabdeh arasında 17 yanvar 2023-cü il tarixli 35 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi əsasında sonuncu 1.000 manat pulu 02 fevral 2023-cü il tarixində qaytarmağı öhdəsinə götürmüşdür. Bu, kredit müqaviləsində öz əksini tapır. Dəfələrlə borclu Cavabdeh borclu olduğu 1.000 manatı qaytarmasını desə də heç bir nəticəsi olmamışdır. Buna görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən cavabdeh (kreditor) kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh 35 saylı notariat ofisində 17 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə borc olan 1.000 manat əsas borc və bank faizi ilə hesablanmış əlavə pul, iddiaçının çəkdiyi əlavə xərclər borclu tərəfindən ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı aralarında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 1.000 manat məbləğində pul vermişdir. Lakin Cavabdeh aldığı pulu iddiaçıya qaytarmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Mülki Məcəllənin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, buna dair 17 yanvar 2023-cü il tarixli yazılı qaydada kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1.000 manat məbləğində pul vəsaitini almış, lakin pul vəsaitini ona geri qaytarmamışdır. Məhkəmə iddia tələbinin qətnamə qəbul edilən tarixə bank faizinin uçot dərəcəsini hesablamaqla, iddiaçının əlavə çəkdiyi xərclərlə bərabər olmaqla 500 manat pulun alınması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı istinad olunan vəsaiti bank uçot dərəcəsinə uyğun olaraq və əlavə çəkdiyi xərclərlə bağlı tələb etdiyini qeyd etsə də, 500 manatın hansı hissəsinin bank uçot dərəcəsinə uyğun tələb olunan vəsait olmasına, əlavə xərcin nədən ibarət olmasına və əlavə çəkdiyi xərcləri sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan yazılı müqavilə əsasında iddiaçıya borc aldığı pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.000 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu mütənasiblik prinsipi əsasında həll edilməlidir. Belə ki, iddia tələbinin təmin edilməli olan hissəsinə münasibətdə cavabdehdən 24.12 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, qalan 11.88 manat rüsum isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.000 (bir min) manat məbləğində pul vəsaiti və 24.12 (iyirmi dörd manat on iki qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 11.88 (on bir manat səksən səkkiz qəpik) manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar