Məhkəmə qərarları › İş №2(011)-5414/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5414/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5414/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Kredit İttifaqı MMC X1 Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Kredit İttifaqı MMC X1 Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Kredit İttifaqı MMC X1 Təşkilatından kredit götürmüş Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 3, mənzil 40 sakini Cavabdeh1 və zaminləri Qax şəhəri, M.Maqomayev küçəsi, ev 32 sakini Cavabdeh2 kredit müqaviləsinə və zaminlik müqaviləsinə əsasən əsas borc 1.232,28 manat, faiz borcu üzrə 0 manat, cərimə üzrə 175 manat, cəmi 1.407,28 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq məcburi qaydada kredit təşkilatına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, ərizə İddiaçı Kredit İttifaqı MMC X1 Təşkilatının sədri Razi Əhmədli tərəfindən verilmiş, lakin ərizə onun tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi imzalanmadan məhkəməyə verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, iddiaçı iddia ərizəsini qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib etməmiş, ərizəyə əlavə edilməli olan sənədlərin siyahısında dövlət rüsumunun ödənilməsi barədə qəbz göstərilsə də, həmin sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 152.1.5-ci madddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Kredit İttifaqı MMC X1 Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar