Məhkəmə qərarları › İş №2(011)-5422/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5422/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5422/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdeh tərəfindən iddiaçının etibarından sui-istifadə edilərək mənimsənilmiş 6300 manatı birdəfəlik olaraq alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəl tanış olduğu Cavabdeh barəsində Bakı şəhəri Xətai rayon polis şöbəsinə şikayət verərək iddiaçının etibarından sui-istifadə edərək 5300 manat nağd və iddiaçının adına götürülmüş kompyuter (noutbook) ödənişlərindən 1000 manatı mənimsədiyini bildirmişdir. Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin iddiaçının şikayəti üzrə toplanmış material üzrə cinayət hadisəsi olmaması barədə iddiaçıya məktub ünvanlanmışdır. Bu barədə müvafiq qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, aparılmış araşdırma natamam aparılmış və Cavabdeh törətdiyi cinayət əməli gizlədilmişdir. Cavabdehin dediyinə görə o, avtomobil kirayəsi ilə məşğul olur və iddiaçıya avtomaşın gətirmək adı ilə iddiaçıdan 4000 manat pul almışdır. Lakin cavabdeh heç bir avtomaşın gətirməmiş və pulu qaytaracağını vəd etmişdir. İddiaçı tibb bacısı işləyir. Cavabdeh iddiaçıya bildirmişdir ki, başqa işə düzəltmək adı ilə iddiaçıya kreditlə kompyuter (noutbook) götürmüş və guya ki, həmin kompyuterə (noutbook) proqram yüklədərək həmin proqramı öyrənərək yeni işə düzəltməyi bildirmişdir. Lakin sonradan kredit ödənişlərinin iddiaçının adına olması və kreditlərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq cavabdeh kompyuteri (noutbook) mənimsəmiş və həmin kredit ödənişlərindən 1000 manat qalaraq iddiaçının üzərində öhdəlik olmuşdur. Sonradan cavabdeh hissə-hissə 3000 manat ev almaq adı ilə iddiaçının pulunu mənimsəmişdir. Həmin puldan iddiaçıya 1700 manat qaytarmışdır ki, hazırda Cavabdeh iddiaçının etibarından istifadə edərək mənimsədiyi pul 5300 manatdır. İddiaçının bütün bunlar barəsində Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-də izahat verərəkən məlumat verməyinə baxmayaraq polis şöbəsinin bu iş üzrə araşdırma aparan məsul şəxsi qərəzliliyə yol vermiş və Cavabdeh tərəfindən törədilən cinayəti gizlətməyə nail olmuşdur. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdehdən 2200 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatda cavabdehin hazırda 2200 manat borcu olduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai RPİ 35-ci PB-nin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı iş mülki xarakterli olduğu üçün aidiyyatı üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sorğusuna Xətai RPİ 35-ci PB-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, təhqiqat zamanı vətəndaş Cavabdeh izahat verərək, bildirmişdir ki, 5 ay əvvəl İddiaçı ilə sosial şəbəkədə tanış olmuşdur. İddiaçı avtomobil adıyla 7500 manat pul almış və pulu X1 vermişdir. X2 pulu mənimsəmiş və heçbir iş görməmişdir. Hal-hazırda bu barədə 37-ci polis bölməsində araşdırma aparılır. Pulun 1900 manatını qaytarmışdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borcu qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh polisə verdiyi izahatda pulun iddiaçıdan götürməsini etiraf etdiyindən, iddia təmin edilməli və cəmi 2200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar