Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5447/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Məhmməd qızının Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyən etdi: İşin halları:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq edilməklə, kredit (borc) müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddaçı cavabdehə 15000 manat borc pul vermişdir.
2. Cavabdeh həmin pul vəsaitini xx.xx.2025-ci il tariədək qaytarmağı öhdəsinə götürmüşdür.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 15000 manat pulun və ödədiyi 136 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini xahiş etmidir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdehlə əmək müqaviləsi bağlayaraq işə qəbul etmişdir. Belə ki, o, gözəllik salonu işlədir və cavabdeh də onun salonumda işləyəcəkdi. Cavabdehlə belə tanış olduqdan sonra ona kredit müqaviləsi əsasında 15000 manat notarial qaydada borc pul vermişdir. Cavabdeh pulu xx.xx.2025-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlə iş münasibətləri alınmadığı üçün salonunda işləmək istəmədi və çıxıb getdi. Ondan pulu istədikdə bildirdi ki, get hara müraciət edirsən et, ona heç nə verən deyil. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Hətta, bununla bağlı Xətai rayon Polis İdarəsinə də müraciət etmiş, ona bu iş mülki xarakterli olduğundan məhkəməyə müracəit etməyi bildirmişlər. Ona görə də mən hüquqlarını məhkəmədə bərpa olunmasını istəyir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
9. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh pulu qaytarmaqdan imtina etmir, lakin tərəflər arasındakı müqavilə üzrə o, borcu 2025-ci ilin aprel ayının 7-də qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədə göstərilən vaxt öhdəliyini ocra edəcəkdir. Odur ki, iddia təmin edilməməlidir.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası
11. 26-cı maddənin İ hissəsi: Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
12. 60-cı maddənin İ hissəsi: Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
18. Maddə 739.1. İştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə tərəflərin vəkili və nümayəndələrinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
26. İddiaçı aralarında bağlanmış borc müqaviləsinə əsasən cavabdehdən pul tələb edir. Tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Belə ki, borc müqaviləsinə verilmiş anlayışdan göründüyü kimi, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. İddiaçı 15000 manat pulu notarial qaydada bağlanmış borc (kredit) müqaviləsi əsasında cavabdehə vermiş, cavabdeh isə həmin pul vəsaitini almış və xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
27. Lakin iddiaçı verdiyi borcu hələ cavabdehin öhdəliyinin icrası müddəti başa çatmamış tələb edir.
28. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müdəlardan görünür ki, müqavilə iki və ya bir neçə şəxs özlərinin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün yazılı (qanunla müəyyən edilən hallarda, notarial), yaxud şifahi formada, öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. İradə (müqavilə) azadlığı əqli (süuru) iradəyə söykənməklə şəxslərin öz davranışlarının sərhədlərini müəyyən etməyə imkan verir və bu özünü daha çox müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə göstərir. (§ 14, 15 və 16).
29. Konkret mübahisəyə gəldikdə, tərəflər arasında bağlanmış borc müqaviləsinin məzmununu tərəflərin iradə azadlığından kənar müəyyən edilməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Müqavilənin 2-ci bəndində göstərilir ki, borc alan (cavabdeh) krediti xx.xx.2025-ci il tarixinədək borc verənə (iddiaçıya) notariusun bankda açılmış depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür.
30. Müqavilənin göstərilən müddəasından da görünür ki, tərəflər müqavilə ilə cavabdehin (borc alanın) öhdəliyinin icrası məqamını dəqiq müəyyən etmişlər. Müqavilə ilə borclunun öhdəliyinin icrası müddətinin dəqiq müəyyən edilməsi isə kreditoru öhdəliyin icrasını istədiyi vaxt tələb etmək imkanını məhdudlaşdırmış olur .(§ 17).
31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu qayda kreditorun hüquqlarının məhdudlaşdırılmasına deyil, məhz müqavilə azadlığı prinsipinə xidmət edir. Əks halda, öhdəliyin icrası vaxtının müəyyən edilməsinə baxmayaraq, kreditorun icranı istənilən vaxt tələb etməsi, əvvəldə də qeyd edildiyi kimi, müqavilənin məzmununun müəyyən edilməsi ilə bağlı iradə (müqavilə) azadlığını heçə endirmiş olardı ki, bu da eyni zamanda mülki hüquq subyektlərinin bərabərliyi və mülki hüquq subyektlərinin iradə sərbəstliyini nəzərdə tutan mülki qanunvericiliyin prinsiplərinə zidd olardı (Mülki Məcəllənin 6.1 və 6.2-ci maddələri).
32. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdehin müqavilə üzrə iddiaçıya olan borcunun qaytarılması üçün öhdəliyinin icrası müddəti çatmadığından, iddiaçı vaxtından əvvəl həmin borcu tələb edə bilməz. Odur ki, iddia hazırda təmin edilə bilməz.
33. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı