Məhkəmə qərarları › İş №2(011)-545/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-545/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-545/2021 16.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı” ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı ASC–nin xeyrinə əsas borc üzrə 6257.94 AZN, faiz borcu üzrə 768.34 AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 329.41 AZN olmaqla ümumilikdə 7355.69 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun,habelə 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi 26.04.2021-ci il tarixli məhkəmə iclasında tələbin dəyişdirilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək,cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 6257.94 AZN, müqavilə müddəti ərzində illik 23 faiz hesablanmaqla faiz borcu üzrə 774.35 AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 516.28 AZN olmaqla ümumilikdə 7542.56 AZN kredit borcunun və 30.40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi R.N.Ramazanova iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 29 avqust 2014-cü il tarixində kredit verilməsi haqqında müqaviləyə əsasən, cavabdehin əsas borc üzrə 6257.94 AZN, müqavilə müddəti ərzində illik 23 faiz hesablanmaqla faiz borcu üzrə 774.35 AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 516.28 AZN olmaqla ümumilikdə 7542.56 AZN kredit borcu qalmışdır. Həmçinin, kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə həm Cavabdeh2, həm də Cavabdeh3 arasında 29.08.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır və zaminlik müqavilələrinin şərtinə əsasən zaminlər borcalanla birlikdə məsuliyyət daşıyırlar. Nümayəndə, həmçinin izahatında 19.03.2021-ci il tarixli ekspert rəyi ilə razılaşmadığını və kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cərimə borcunun hesablanmasının və müvafiq tarixlərdə edilən ödənişlərin mövcud cərimə borcunun silinməsinin məhkəməyə sübut qismində təqdim edilən maliyyə arayışında və hesabdan çıxarışda öz əksini tapdığını, lakin ekspertiza rəyində həmin ödənişlər müqaviləyə uyğun olaraq cərimə ödənişinə silinmə kimi deyil, əsas və faiz borcuna silinmə kimi nəzərdə alındığını və nəticə olaraq da rəydə hesablanmış borcla iddiaçı tərəfindən təqdim edilən borc məbləği arasında kəskin fərqin yaranmasına gətirib çıxardığını bildirdi. Sonda qeyd edilənlərə əsasən, nümayəndə iddia tələbini müdafiə etdi və İddiaçı ASC ilə Cavabdeh1 arasında 29 avqust 2014-cü il tarixində 29.08.2014-XAT56 saylı müqavilə üzrə əsas borc üzrə 6257.94 AZN, müqavilə müddəti ərzində illik 23 faiz hesablanmaqla faiz borcu üzrə 774.35 AZN, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 516.28 AZN olmaqla ümumilikdə 7542.56 AZN kredit borcunun və 30.40 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlərdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 16.05.2021-ci il tarixli məhkəmə iclasında məhkəməyə yazılı ərizə ilə müraciət edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, ona görə qismən qəbul edir ki, iddia ərizəsində göstərilmiş məbləğ şişirdilmişdir, onun borcu ekspertiza rəyinin nəticə hissəsində göstərilmiş 4183.4 manat məbləğinə uyğundur və borcunu həmin məbləğ həddində etiraf edir. Cavabdeh2 05.05.2021-ci il tarixində məhkəməyə yazılı ərizə ilə müraciət etmiş və 16.05.2021-ci il tarixli məhkəmə iclasında da ərizəsinə uyğun izahat verərək bildirdi ki, onunla iddiaçı arasında 29.08.2014-cü ildə zaminlik müqaviləsi bağlanmışdır,iddiaçı məhkəməyə kredit müqaviləsi bitdiyi tarixdən 1 il 26 gün sonra müraciət etmişdir və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Bu göstərilənləri nəzərə alaraq zaminliyə xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh R.S Seyidov 16.05.2021-ci il tarixli məhkəmə iclasında məhkəməyə yazılı ərizə ilə müraciət edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir, ona görə qismən qəbul edir ki, iddia ərizəsində göstərilmiş məbləğ şişirdilmişdir, onların borcu ekspertiza rəyinin nəticə hissəsində göstərilmiş 4183.4 manat məbləğinə uyğundur və borcu həmin məbləğ həddində etiraf edir. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 16.05.2021-ci il tarixli məhkəmə iclasında bildirdi ki, banklarda muxabirləşmə hesablar üzərindən aparıldığından ekspertiza zamanı iddiaçı tərəfindən verilmiş birtərəfli maliyyə arayışı deyil, hesabdan çıxarış əsas götürülərək rəy verilmişdir, 29.01.2015-ci il tarixdə hesaba 282 manat mədaxil olunduğu görünməsə də, hesabdan borc yanvar ayı üzrə silinmişdir. Banklarda faiz günlər üzərində hesablandığından 11.02.2015-ci il tarixində ödənilmiş 282 manat məbləğində pul yanvar ayının borcu hesab edilərək, əvvəlki tarixə, yəni 29.01.2015-ci il tarixinə silinə bilməz, buna görə ekspert rəyinin şübhə doğurması üçün heç bir əsas yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 29.08.2014-ci il tarixli 9-29.08.2014-XAT56 saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 60 ay müddətinə, illik 23% olmaqla 10000 AZN məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 29.08.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 9500 AZN məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında 29.08.2014-ci il tarixli 9-29.08.2014-XAT56 saylı zaminlik müqaviləsi bağlanmış, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımaq və borcun özünün malik olduğu pul vəsaitləri,daşınar və daşınmaz əmlak,banklardakı vəsaitləri,qiymətli kağızları və s. hesabına ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 29.08.2014-ci il tarixli 9-29.08.2014-XAT56 saylı zaminlik müqaviləsi bağlanmış,zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və borcun özünün malik olduğu pul vəsaitləri,daşınar və daşınmaz əmlakı,banklardakı vəsaitləri,qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh3 15.05.2020-ci ildə bildiriş göndərilməklə borc məbləğinin 20 gün müddətində ödənilmədiyi halda borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1na və Cavabdeh2 01.06.2020-ci ildə bildiriş göndərilməklə borc məbləğinin 20 gün müddətində ödənilmədiyi halda borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. İş materiallarında olan 18.09.2020-ci il tarixli 1135 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh1 215CRL********** saylı 29.08.2014-ci il tarixli kredit müqaviləsi üzrə 18.09.2020-ci il tarixə 6257.94 AZN ödənilməmiş əsas borc, müqavilə müddətində illik 23% olmaqla ödənilməmiş 768.34 AZN faiz üzrə borc, müqavilə müddətindən sonra illik 5% olmaqla ödənilməmiş 329.41 AZN faiz üzrə borc,cəmi 7355.69 AZN borcməbləği hesablanmışdır. İş materiallarında olan 18.09.2020-ciil tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 9/5740 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 krediti üzrəbanka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 29.08.2014-cuil tarixli, 9-29.08.2014-XAT56 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh1 29.08.2019-cu il tarixə illik 23%-lə hesablanmaqla banka olan əsas və faiz borcu 5.623.14 manat məbləğində və 29.08.2019cu il tarixdən 18.09.2020-ci il tarixə illik 5% -lə hesablanmaqla banka olan əsas və faiz borcu 4.183.40 manat məbləğindəmüəyyən edilir, o cümlədən 29.08.2019-cu il tarixə, əsas borc üzrə 5400,96 manat, faiz borcu üzrə 222,18 manat, 18.09.2020-ci il tarixə əsas borc üzrə 4174,12 manat, illki 5 faiz borcu üzrə 9,28 manat. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmışdır, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 və Cavabdeh3 zamin durmuşdur, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə bildiriş məktubu göndərilmişdir, bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək, cavabdehlərin borcunu, həmin rəy üzrə ekspertin əsas borc və faiz borcu üzrə gəldiyi nəticəyə müvafiq olaraq 4174,12 manat, 5 faiz üzrə isə 9,28 manat məbləği həddində müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən,əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 4174.12 manat əsas borc, 9,28 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 4183.40 manat məbləğində kredit borcu alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, onlardan dövlət rüsumu qismində ödənilmiş 30 manat, bank xidməti kimi ödənilmiş 0,40 manat alınaraq iddiaçıya, ekspertizanın dəyərini təşkil edən 200 manat isə alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 4174.12 manat əsas borc, 9,28 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 4183 (dörd min yüz səksən üç) manat 40 (qırx) qəpik borc pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və bank xidmətinə görə 40 qəpik pul məbləği alınaraq "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pul məbləği Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar