Məhkəmə qərarları › İş №2(011)-545/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-545/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-545/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nın cavabdehlər Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 12.04.2021-ci il tarixli, BAKU1-43672-19321 saylı kredit müqaviləsi və onun tərkib hissəsi ola 12.04.2021-ci il tarixli, BAKU1-43672-19321 saylı razılaşmanın ləğv edilməsi, 872,18 manat əsas, 76,43 manat faiz borcu və 35,60 manat cərimə olmaqla, cəmi 984,21 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 12.04.2021ci il tarixdə BAKU1-43672-19231 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı Kamil Salmanova maksimal illik faiz dərəcəsi 50% olmaqla, 240 ay müddətinə 1100 manat məbləğndə pulun kreditə verilməsi barədə öhdəlik götürmüşüdür. Eyni zamanda, iddiaçı ilə Cavabdeh1 arasında 12.04.2021-ci il tarixdə BAKU1-43672-19231 saylı Razılaşma imzalanmışdır. Razılaşmaya əsasən iddiaçı illik 28% olmaqla, 1000 manat pulu 12 ay müddətinə Cavabdeh1 kreditə vermişdir. Ödəniş qrafikinə əsasən kreditin aylıq ödənişi 97 manat müəyyən edilmişdir. Həmçinin, iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında 12.04.2021-ci il tarixdə BAKU1-43672-19231+BAKU1-43676 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər 12.04.2021-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər. Cavabdeh1 tərəfindən müqavilə üzrə borc qismən ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbində göstərmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Verilmiş kredit üzrə 05 noyabr 2021-ci il tarixinədək Cavabdeh1 872,18 nıaııat əsas, 76,43 manat cari faiz borcu və 35,60 manat cari dəbbə borcu olmaqla, cəmi 984.21 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Qanunvericiliyin tələbinə görə kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə. Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. İddiaçının nümayəndəsi məhkəmə baxışında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və cavabdeh kredit vəsaitini hər ay ödənişlər etmək şərtilə 12 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iş materiallarına əlavə edilmiş arayışla müəyyən edilir ki, cavabdeh sonuncu dəfə banka 15.07.2021-ci il tarixdə ödəniş etmişdir. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cavabdeh öhdəliyini pozduğundan və müqavilə üzrə ödənişlər qismən edildiyindən, bununla da, həmin müqavilələrin qüvvədə qalmasına zərurət olmadığından, habelə müqavilənin ləğv edilməsi tələbini iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. Həmçinin, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında yuxarıda qeyd edilən şərtlərlə kredit müqaviləsi bağlanmış və iddiaçı razılaşdırılmış pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh öhdəliyini tam yerinə yetirməmişdir. Tərəflər arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən kredit razılaşması üzrə əsas borc üzrə 127,82 manat, faiz üzrə 67,20 manat və hesablanmış cəriməyə görə 28,98 manat olmaqla, cəmi 224 manat ödənilmiş, 05.11.2021-ci il tarixinə onun əsas borca görə 872,18 manat, faiz üzrə 76,43 manat borcu qalmış, habelə 35,60 manat dəbbə pulu hesablanmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun olması, bununla da öhdəliyini tam yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarına müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabı) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit və bank hesabı müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kredit və bank hesabından yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas və fauz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi cərimə məbləğinin tələb edilməsi hissəsində də qismən əsaslıdır. İşin hallarından da göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi cərimə əsassız olaraq şişirdilmiş, habelə, cərimənin 35,60 manat həcmində hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən ödənilmiş pul vəsaitindən 28,98 manat hesablanmış cərimə hesabına silinmişdir. Məhkəmə həm cərimənin yüksək məbləğdə hesabılanmasını, həm də ödənilmiş borcun bir hissəsinin cərimə hesabına silinməsini, eləcə də, cərimənin qanunla öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və müqavilə ilə müəyyən edildiyini, Cavabdeh1 isə öhdəliyini vaxtında icra etməməsini nəzərə alaraq onun 15 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə Cavabdeh1 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, pul öhdəliyi isə icra etmədiyindən, Cavabdeh3 və Cavabdeh2 digər Cavabdeh1 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 12.04.2021-ci il tarixli, BAKU1- 43672-19231 saylı kredit müqaviləsi ləğv edilsin. 872,18 manat əsas, 76,43 manat faiz borcu, 15 manat cərimə olmaqla, cəmi 963,61 manat məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh1, Cavabdeh3dan və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar