Məhkəmə qərarları › İş №2(011)-5465/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5465/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5465/2022 08.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların vəkili və nümayəndəsi Vəkil2, Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında qohumluq münasibətləri vardır. Cavabdeh iddiaçıların, İddiaçı2 qızının, İddiaçı1 isə bacısının əridir. İddiaçılar cavabdehə 27700 manat borc verdiklərini iddia edirlər.

2. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçılar cavabdehdən 27 700 manat məbləğində olan borc pul məbləğinin birdəfəlik və ya hissə-hisə, şəxsi (daşınan və daşınmaz) əmlakının satılaraq və digər qalan hissəsinin əmək haqqından tutularaq alınıb iddiaçıya verilməsi, məhkəmənin qərarından asılı olmayaraq iddiaçı tərəfdən məhkəmə prosesinə sərf olunan məsrəflərin cavabdehin üzərinə yönləndirilməsi, iddiaçı tərəfə cavabdeh tərəfindən dəymiş maddi və mənəvi ziyana görə 2000 manat məbləğində cərimənin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

4. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, onlar cavabdehlə İnqilab İsmayılov küçəsi bina 50, mənzil 35 ünvanında olan mənzildə söhbət zamanı cavabdeh xx.xx.2021-ci il tarixində ona tezliklə borclarını ödəmək üçün pul lazım olduğunu bildirdi. Əks halda onun və onun ailəsinin yaxın zamanda təhlükəli hallarla qarşılacağı ilə bağlı sözlər dedi. Onlar bu danışıqdan sonra narahat olaraq, cavabdeh ailə üzvləri olduğu üçün və cavabdehin səmimiliyinə inanaraq qeydiyyatda olduqları və yaşadıqları mənzili dəyərindən də aşağı qiymətə sataraq, cavabdehə xx.xx.2022-ci il tarixində 29 200 manat məbləğində faizsiz borca pul vermişlər. Cavabdeh xx.xx.2028-ci ilə olan tarixə qədər həmin bu borc məbləğini faizsiz olaraq ona hər ayın ilk 5 günü ərzində 500 manat məbləğində gecikdirmədən işlədiyi müəssisədən aylıq əmək haqqını alan kimi geri qaytaracağına bir kişi kimi söz verdi. Lakin cavabdeh borc məbləği verildikdən həmən sonrakı 3 ay ərzində ödəməli olduğu 500 manat məbləğində olan pulu, müxtəlif səbəblərlə və günlərlə gecikdirərək qaytarmaqla, artıq son ödəniş borcunu xx.xx.2022-ci il tarixindən ümumiyyətlə qaytarmamışdır. Cavabdeh borclu olduğunu danmır, üzərində özünün və ailəsinə məxsus mülkiyyət və idarəetmə hüququ olan, borc məbləğini müəyyən miqdarda qaytarmaq üçün əmlak (2 ədəd SUV tipli Mitsubishi markalı minik avtomobili toplam məbləği 15000 manat dəyərində və ünvanı yuxarıda qeyd olunmuş qeydiyyatda oluğu və yaşadığı 4 otaqlı mənzil 85000 manat dəyərində) olduğu halda belə, borcunu qaytarmaq istəmədiyini bildirir. Cavabdehin qumar oyunları aludəçisi olduğunu borc məbləğini verdikdən sonra və borc məbləğinin bu səbəbdən yarandığını bildikdən sonra, bu barədə cavabdehlə danışmaq istədikdə, o, müxtəlif bəhanələr və sonda təhqiredici sözlər işlədərək borclu olduğu məbləği ümumiyyətlə qaytarmayacağını, hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etdiyi təqdirdə, cavabdeh özünün kriminal aləmlə əlaqəli olduğunu və istənilən zamanda özü və ya kimlərsə tərəfindən iddiaçılara, onların şəxsi sağlamlığına xətər yetirəcəyini bildirib, kütlə içində onların şərəf və ləyaqətinə xələl yetirəcək hərəkətlər edəcəyini, sağlamlığına qarşı fiziki güc tətbiq edəcəyi barədə hədəqorxu gəlir. Bu hərəkətlərin qarşılığında qanun qarşısında cavab verməkdən qorxduğunu dəfələrlə bildirib, öz yaxın ətrafının hesabına cəzasız qalacağını da təkrar edib. Cavabdeh iddiaçıları və ailəsini əxlaqsız və Azərbaycan kişisinə layiq olmayan əxlaqsız sözlərdən istifadə edərək təhqir etməkdən də çəkinmir. Cavabdehin bu hərəkətlərindən ehtiyat edərək və cavabdehin qeyri-adekvat davranışından narahat olaraq. Ailəsini mümkün qədər qorumaq və daim yanında olmaq üçün öz yüksək əmək haqqısı olan dəniz şəraitində növbəli daimi iş yerini aşağı əmək haqqı olan qurudakı iş yeri ilə dəyişmişdir. Bununla da ailə büdcəsinə çox ciddi ağır maddi ziyan dəyib. Bundan başqa 5 nəfərlik ailəsiylə birlikdə yaşadığı 3 otaqlı evi cavabdehin borcunu ödəmək üçün satdıqdan sonra ipoteka yolu ilə alınmış 2 otaqlı evə köçmüşlər. Halbuki cavabdeh 4 otaqlı mənzildə yaşayır. İpoteka ödənişini cavabdehdən aldıqları borc məbləği ilə tamamlayaraq ödənişini həyala keçirtməli idilər. İndiki halda isə bu məbləğ onun ailəsinin büdcəsi üçün çox böyük maddi yükdür. Hal-hazırda belə cavabdehin ata biləcəyi təhlükə doğuracaq addımlardan çəkinir, çünki cavabdeh yaşadığı ünvanı bilir və ata biləcəyi hər hansı bir qeyri-adekvat addım, onun və ailəsinin psixoloji, fiziki və maddi vəziyyətinə ziyan verəcək. Göstərilən səbəblərdən ailəsi ağır maddi ziyanlı və mənəvi zərbə alaraq psixoloji sarsıntılı vəziyyətə düşmüşdür.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

6. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçılar məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər.

8. İddiaçıların vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçılar tərəfindən təqdim olunmuş səs yazısı sübut kimi qəbul edilə bilməz, çünki, cavabdehi xəbərdar etmədən səsini yazıblar. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

13. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

14. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

15. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

16. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

17. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

26. İddiaçılar cavabdehdən borc qismində verdikləri 27 700 manat pul tələb edirlər. Lakin tərəflər arasında yazılı borc müqaviləsinin bağlanmaması işin mübahisəsiz halıdır. İddiaçılar yazılı borc müqaviləsinin bağlanmamasını cavabdehin müqavilənin notarial qaydada bağlanması üçün rüsum ödəməkdən yayınması ilə izah etdilər. Odur ki, tərəflər arasında borc müqaviləsinin qanunla müəyyən edilmiş qaydada bağlanmasının və göstərilən miqdarda cavabdehə borc verilməsinin müəyyənləşdirilməsi mübahisənin obyektiv həlli üçün əhəmiyyətlidir.

27. Yuxarıda göstərilən müdəlardan görünür ki, müqavilə - iki və ya bir neçə şəxsin özlərinin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün yazılı (sadə yazılı və notarial qaydada), yaxud şifahi formada, öz iradə azadlıqları ilə əldə etdikləri razılaşmadır (§ 10).

28. Qanunvericilik müqavilənin bağlanma forması ilə bağlı 2 qayda müəyyən etmişdir: 1) müqavilənin şifahi formada bağlanması. Şifahi müqavilənin bağlanması üçün qanun məcburi forma tələb etmir, belə müqavilənin bağlanmasını şəxsin iradəsindən irəli gələn rəftarından (məsələn, üzərinə götürdüyü hər hansı bir öhdəliyini etiraf etməsi) asılı edir (Mülki Məcəllə, 329.3-cü maddə. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur); 2) müqavilənin yazılı formada bağlanması. Yazılı forma üçün qanun yenə də 2 qayda müəyyə edir: birincisi, müqavilənin sadə yazılı, ikincisi, notarial qaydada təsdiqi yolu ilə bağlanması. Hər iki qayda üzrə müqavilənin bağlanmasının müəyyənləşdirilməsi anı da bir-birindən fərqlənir. Belə ki, sadə yazılı müqavilə tərəflərin öz iradələri ilə məzmununu müvafiq yazılı sənəddə əks etdirməklə onu imzaladıqları andan, notarial qaydada təsdiq edilməli müqavilə isə göstərilən tələblərdən əlavə, həm də müqavilənin müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (§ 13 və 14).

29. Qanunvericilik müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilənin əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlanmasını təsbit edir, lakin əgər qanunla bağlanması üçün məcburi forma və qayda tələbi müəyyən edilmişdirsə, bu zaman müqavilənin həmin formada bağlanması mütləqdir.

30. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin, borcun məbləğindən asılı olaraq, həm şifahi, həm də yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Fiziki şəxslərə münasibətdə borcun predmeti 3000 manatdan çox olduqda isə yazılı borc müqaviləsinin bağlanması məcburidir. Göründüyü kimi, göstərilən məbləğdə borc müqaviləsinin bağlanması üçün qanunvericilikdə məcburi forma müəyyənləşdirilmişdir. Bu halda müqavilə tərəflərinin həmin formaya əməl etməməsi onlar arasında borc müqaviləsinin bağlanılmasını istisna edir. Məhkəmənin qənaətinə görə qanunla müəyyən edilmiş yazılı formada borc müqaviləsinin bağlanmasının məcburi olması borc verəni gələcəkdə borcun verilməsini sübut etmək yükündən azad etmək məqsədini daşıyır. İş materialları ilə də müəyyən edilir ki, tərəflər arasında Mülki Məcəllənin 740.2-cı maddəsinin tələb etdiyi məcburi formada yazılı borc müqaviləsi bağlanmamışdır.

31. Məhkəmə iddiaçıların yazılı müqavilənin bağlamamalarını cavabdehin notariat xərcindən yayınması ilə bağlı olduğunu bildirsələr də, məhkəmə qeyd edir ki, qanun iki fiziki şəxs arasında borc müqaviləsinin notarial qaydada təsdiq edilməsini tələb etmir. Bununla bağlı müqavilənin sadə yazılı formada, yəni mətninin tərəflərin istədiyi məzmunda, yalnız verilən borc predmetinin miqdarını və qaytarılma şərtlərini aydın şəkildə göstərməklə yazılı bir sənədin, yaxud Mülki Məcəllənin 406.3-cü maddəsinin tələb etdiyi istənilən formada tərtib edilməklə bağlanması kifayətdir. İddiaçılar isə bu qaydada yazılı müqavilənin bağlanmasını istisna edən sübutları da məhkəməyə təqdim etməmişlər.

32. Bundan başqa, məhkəmə iddiaçılar tərəfindən təqdim edilmiş optik informasiya daşıyıcıya (CD) köçürülmüş səs yazısı ilə bağlı qeyd edir ki, həmin səs yazısı 27700 manat məbləğində borcun cavabdehə verilməsini təsdiq edəcək sübut kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh ümumi olaraq “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə İddiaçı1 göndərdiyi səsli mesajında ona olan hansısa borcunu qaytarmasını bildirsə də, konkret olaraq onun iddia ərizəsində göstərilən borcun olması müəyyən olunmur. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin həmin səsli mesajının onun məlumatı olmadan yazılmasına münasibətdə isə qeyd edir ki, səsli mesaj cavabdeh tərəfindən “WhatsApp” sosial şəbəkəsi vasitəsilə İddiaçı1 ünvanlanmışdır. Bu sosial şəbəkə vasitəsilə təmas (əlaqə) yaradan şəxs istər mətn, istərsə də səsli mesajların digər şəxsə onun oxumaq, yaxud dinləmək üçün göndərir ki, bu da mesajı göndərəm şəxsin səsinin gizli yazılması anlamına gələ bilməz.

33. Məhkəmə iddia tələbinin maddi və mənəvi ziyan kimi 2000 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi həmin hissədə əsaslı olmadığından rədd edilməlidir.

34. Yuxarıda adı çəkilən müddəalarda zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növünü müəyyən etmişdir. Hər bir halda, açıq göstərilməsə də, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Bu halda, iddiaçılar onlara 2000 manat məbləğində maddi və mənəvi zərər dəydiyini sübut etmək vəzifəsini daşıyır.

35. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir etdiyi halda (MPM-nin 5.1-ci maddəsi). işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. Lakin iddiaçılar onlara zərər dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər.

36. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

37. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

38. İddiaçı cavabdehin hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldığını iddia ərizəsində qeyd etməmişdir.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar