Məhkəmə qərarları › İş №2(011)-549/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-549/2023

06.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-549/2023 06.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş övladı 25 oktyabr 2015-ci il təvəllüdlü X5 18 yaşına çatanadək hər ay onun xeyrinə 193 manat, xəstəliyə görə 50 manat, cəmi 243 manat aliment kəsilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-549/2023 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia tələbi üzrə icraata Cavabdeh birgə nikahdan anadan olmuş övladı 25 oktyabr 2015-ci il təvəllüdlü X4 xəstəliyə görə 50 manat aliment tutulması hissədə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi R.İ.Məcidov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan 25 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı bir uşaqları var, məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir, hal-hazırda iddiaçının maddi vəziyyəti aşağıdır, həmin aliment uşağın saxlanması üçün kifayət etmir, uşağın 8 yaşı var, özü də xəstədir, autizm xəstəsidir, yaşıdlarından geri qalır, onun ev şəraitində müalicəsi aparılır, hazırda sabit aliment məbləği olan 160 manatın qanuna uyğun olaraq 193 manata qaldırılmasını, qətnamə ilə xəstəliyə görə anaya verilən 50 manat alimentin isə əvvəlki qətnamədə olduğu kimi saxlanmasını istəyir, bu məqsədlə bu tələb ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı nümayəndəsi R.İ.Məcidov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə boşanmışdırlar, birgə nikahdan bir uşaqları var, uşağı ilə görüşə bilmir, onunla görüşməyə icazə vermirlər, “Narınc” uşaq mərkəzindən maraqlanmış, bildirmişlər ki, uşaq xəstə deyildir, sadəcə qeydiyyatdadır, özünün maddi vəziyyəti aşağıdır, krediti var, ödəyə bilmir, səhhəti ilə əlaqədar çox işləyə bilmir, özü "xxxx" QSC-də işləyir, rəsmi maaşı var, gələcəkdə ailə həyatı qurmaq istəyir, bu səbəbdən maddi vəziyyəti daha da çətinləşir, alimenti ödəyə bilməz. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması barədə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(011)-3905/2019 saylı Qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 25 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 fevral 2019-cu il tarixdən başlayaraq Cavabdeh iddiaçı X2 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması, 21 fevral 2019-cu il tarixdən başlayaraq Cavabdeh əlavə xərclərə cəlb edilərək, ondan 25 oktyabr 2015-ci il təvəllüdlü X3 müalicə olunduğu müddətdə sabit pul məbləğində hər ay 50 manat tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/6-147 №-li İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər, Məcidova (Kərimova) Nuranə Ramiz qızı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22115 №-li, xx.xx.2022-ci il tarixli 22761 №-li, xx.xx.2022-ci il tarixli 23248 №-li, xx.xx.2022-ci il tarixli 24004 №-li, xx.xx.2022-ci il tarixli 24653 №-li, xx.xx.2022-ci il tarixli 25216 №-li ödəniş tapşırıqarının surətlərindən görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2019-cu il tarixli 2(011)-3905/19 məhkəmə qətnaməsi əsası ilə İddiaçı hesabına müvafiq tarixlərdə 210 manat köçürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də növbətçi vəzifəsində işləyir, aylıq əmək haqqı 576 manatdır. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də tərtibatçı vəzifəsində işləyir, aylıq əmək haqqı 300 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, onların birgə nikahdan 25 oktyabr 2015-ci il təvəllüdlü X5 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, Xətai Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(011)-3905/2019 saylı Qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 fevral 2019-cu il tarixdən başlayaraq, Cavabdeh iddiaçı N.R.Kərimovanın (Məcidovanın) xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması, 21 fevral 2019-cu il tarixdən başlayaraq, Cavabdeh əlavə xərclərə cəlb edilərək, ondan uşaq müalicə olunduğu müddətdə sabit pul məbləğində hər ay 50 manat tutularaq N.R.Kərimovanın (Məcidovanın) xeyrinə ödənilməsi qət edilmişdir, hazırki iddia tələbi “uşaq 18 yaşına çatanadək hər ay onun xeyrinə 193 manat, xəstəliyə görə 50 manat aliment tutulması” barədədir, Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 549/2023 saylı qərardadı ilə, iddiaçının cavabdehə qarşı iddia tələbi üzrə icraata “Cavabdeh 25 oktyabr 2015-ci il təvəllüdlü X4 xəstəliyə görə 50 manat aliment tutulması” hissədə xitam verilmişdir, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay 160 manat miqdarında aliment məbləği onun saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdeh "xxxx" QSC-də növbətçi vəzifəsində işləyir, aylıq əmək haqqı 576 manatdır, tərəflərin adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(011)- 3905/2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi, ailə və əmlak vəziyyətini, onların peşəsini, aylıq gəlirlərini, uşağın yaş həddini, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə iddia tələbinin həcmini nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, cavabdehin “kreditinin olması, gələcəkdə yenidən ailə həyatı qurmaq istəməsi” barədə dəlilərinə münasibətdə hesab edir ki, bu hallar, cavabdehi uşağın qanunvericiliklə nəzərdə tutulmuş qaydada saxlanması vəzifəsindən azad etmir. Belə ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideyn kimi cavabdehin də vəzifəsidir və uşağın valideynlərdən birinin - ananın himayəsinə verilməsi, uşağa qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsas ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin aliment ödəyən şəxsin əlavə xərclərə (kredit borcunun olması və s.) məruz qalması barədə dəlilləri əsassızdır və iddia tələbinin rədd edilməsi üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir...Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir...Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir...Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması barədə iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(011)- 3905/2019 saylı Qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün nəzərdə tutulan alimentin miqdarı (160 manat) dəyişdirilərək, 25 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, aliment alınması üzrə iddialarda iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarından və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, alimentin artırılmış həddi (33 x 12 = 396) nəzərə alınmaqla, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: 25 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması barədə iddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(011)-3905/2019 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün nəzərdə tutulan 160 manat alimentin miqdarı dəyişdirilərək, 25 oktyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar