Məhkəmə qərarları › İş №2(011)-5495/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5495/2024

09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5495/2024 09.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-7008/2022 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimenin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun cavabdehlə nikahından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat miqdarında aliment tutulması qət edilmişdir. Övladlarına o baxır və onların rifahının təmin edilməsi üçün zəruri olan maddi imkanları kifayət etmir. O, özü də gözəllik salonunda işləyir və ayda təxminən 500 manat qazancı olur, bununla belə, zəruri ehtiyyacların, ərzaq və digər qida məhsullarının qiymətinin qalxmasına görə övladlarının ehtiyyacını tam qarşılaya bilmir, həmçinin, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Buna görə də, övladımın yetkinlik yaşına çatanadək nəzərdə tutulmuş alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, əvvəllər alimentə atası da kömək edirdi, lakin atası yaşlı adamdır, aldığı pensiya ancaq dərmanlarını qarşılayır, ona görə də, aliment ödənilməsinə kömək edə bilmir, özü isə cəmi 350 manat əmək haqqı alır, əvvəl taksi fəaliyyəti ilə məşğul olmuşdur, hazırda o sahədə də qadağalar olduğuna görə, taksi kimi işləmək də mümkün deyil, özü də ikinci dəfə ailə həyatı qurmuşdur, bununla belə, uşaqlarının böyüdüyünü, qiymətlərin qalxmasını nəzərə alaraq özü alimenti hər uşaq üçün 200 manat olmaqla ödəmək fikrində olmuşdur, cəmi 400 manat məbləğə imkanı çatır, həmin məbləği ödəyə bilər, bundan çox məbləğə gücü çatmır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3905/2020 saylı Qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 29 aprel 2010-cu il tarixdə 324 nömrə ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2010- cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli MŞB/2-0328/2024saylı Arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh mediasiaya prosesində iştirak etməmişdir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində mühafizəçi işləyir, əmək haqqı 350 manatdır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh adına bir ədəd “MERCEDES E 240 MİNİK” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** saylı VÖEN verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var və hal-hazırda da iddiaçının yanındadır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-3905/2020 saylı Qətnaməsinə əsasən, hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat miqdarında aliment tutulması qət edilmişdir, iddiaçı hazırda hər ay hər uşaq üçün 235 manat miqadarında alimentin tutulmasını tələb edir, cavabdeh isə hər ay hər uşaq üçün 200 manat ödəməyə razıdır, iddiaçı özü də işləyir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən hər ay hər uşaq üçün 170 manat miqdarında ödənilən aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, birgə nikahdan olan uşaqların saxlanılması üçün əvvəl aliment təyin olunduqdan sonra uşaqlar üçün yaşayış minimumu iki dəfədən çox artmış, illik inflyasiyalar gündəlik tələbat olunan digər məhsulların dəyəri də bir neçə dəfə artmışdır. Qeyd edilən hallar iddiaçının maddi vəziyyətini ağırlaşdırmış, cavabdeh tərəfindən ödənilən aliment ilə uşaqların əvvəlki kimi tələbatlarını ödəməyə kifayət etmir. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 3905/2020 saylı qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və əmlak vəziyyətini, iddiaçının və cavabdehin işləməsini, cavabdehin əmək haqqının 350 manat olmasını, hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat məbləğində aliment ödəməyə razı olmasını, uşaqların yaş həddini, təhsilini, əvvəlki yaşayış səviyyəsi və onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq digər hallar, uşağın saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, yaşayış şəraitini və ailə vəziyyətini, habelə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, aliment təyin edilən tarixdən hazırki tarixədək dolanacaq xərclərinin əhəmiyyətli dərəcədə artımını və digər əhəmiyyətli halları nəzərə alaraq, uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 215 manat olmaqla, ümumilikdə 430 manat sabit pul məbləğində aliment tutulmasını məqsədmüvafiq hesab edir. Məhkəmə, alimentin artırılması müddətinə münasibətdə isə hesab edir ki, alimentin artırılmış məbləğdə tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 215 manat olmaqla, ümumilikdə 430 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, hazırki iddia qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 5160 (430x12) manat olduğundan cavabdehdən dövlət mədaxilinə 71,6 manat dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2 2(011)-3905/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 215 manat olmaqla, ümumilikdə 430 (dörd yüz otuz) manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 71 (yetmiş bir) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar