Məhkəmə qərarları › İş №2(011)-5504/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5504/2025

02.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5504/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X6 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun və uşaqlarının ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 ilə rəsmi nikaha girmişlər, birgə nikahdan üç övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan X7 ilə olan nikahları Xətai Rayon Məhkəməsinin 2(011)-4570/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həyat yoldaşının və onun anasının razılığına əsasən övladları ilə birlikdə ünvan 1 evdə yaşayırlar, son vaxtlarda cavabdeh və anası onları evdən çıxarmaqla hədələyərək, evi satıb onları küçəyə atacaqlarını bildirmişlər. Onların başqa yaşayış yeri yoxdur, cavabdeh başqa bir xanımla ailə münasibətləri qurmuş, hərdən gecə saatlarında evə gələrək övladlarını ona qarşı yönəltməklə onların təlim-tərbiyəsinə zərər vura biləcək hərəkətlərdən çəkinmir. Sonradan cavabdeh X7 əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddiaçının və uşaqlarının mübahisəli mənzildə cavabdehin razılığı əsasında yaşadıqlarını bildirərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, evə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarış olmasa da, Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 280 saylı Sərəncamı əsasında Bakı şəhəri,Xətai rayonu, 5-ci Rezervuar küçəsində yerləşən 0,02 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 ayrılmışdır, evin tikintisinin 2 il müddətinə başa çatdırılması tapşırılmışdır.Evin tikintisi başa çatdırıldıqdan sonra evə 2 A ünvanı verilmişdir. Evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Cavabdeh iddiaçının və uşaqların evdən çıxarılması ilə bağlı məhkəməyə iddia tələbi ilə müraciət etməmişdir. Lakin cavabdeh onların istifadə hüququnun tanınmasına etiraz edir. İddiaçı isə cavabdehin razılığı ilə həmin evdə yaşaması barədə notarial qaydada təsdiq olunmuş sənəd təqdim etməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4570/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X7 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar, onların nikahı qeyd edilən məhkəmə qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması, hər ay hər uşaq üçün 235 manat alimentin X5 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli, 280 saylı Sərəncamından çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsində yerləşən 0,02 ha torpaq sahəsi fərdi evin tikintisi üçün X4 ayrılmışdır. Xətai Rayonu İcra Hakimiyyətinin başçısının Əhmədli qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2006-cı il tarixli məktubundan görünür ki, X4 evin tikintisi üçün ayrılmış torpaq sahəsində evin tikintisinin başa çatdırılmış və evə ünvan 2 ünvanı verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Ailə Məcəlləsi:

89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi cavabdehin adına qeydiyyatdan keçməsə də, iş materiallarından görünür ki, yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Xətai Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün cavabdeh Salmanova (Axundova) Xatimə İdris qızına ayrılmışdır. Odur ki, hazırki mülki iş analoji qaydada mülkiyyət hüququna dair normalar əsasında həll edilməlidir. Beləliklə, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli ev cavabdehə məxsusdur, iddiaçı cavabdehin oğlu ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra cavabdehə məxsus evə köçmüşdür. Odur ki, mübahisəyə yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, digər qohumlar, yəni, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər. İş materialları ilə təsdiq olunur ki, iddiaçı qeyd edilən iki qrupun heç birinə aid olmayaraq cavabdehin ailə üzvü olmamış, cavabdehin oğlu ilə nikaha daxil olduqdan sonra evə köçərək yaşamağa başladığından onun cavabdehə məxsus evdən istifadə hüququ yaranmamışdır. İddiaçının övladlarına münasibətdə isə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 89cu maddəsinə əsasən, uşaqlar öz valideynlərindən maddi yardım ala bilmədikdə nənə və babanın aliment öhdəlikləri yaranır. Hazırda iddiaçının övladları ilə bağlı belə hal mövcud deyil. Odur ki, onlar yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər sırasına daxil olmadığından, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri kimi istifadə hüququna da malik olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, nikah pozularkən uşaqlar analarının himayəsində saxlanılmışdır. Eləcə də, iş materiallarında iddiaçının və ya onun uşaqlarının mübahisəli mənzildən istifadə hüququnun olmasını təsdiq edən mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma aşkar olunmamışdır. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, iddiaçının yetkinlik yaşına çatmayan övladları ilə birlikdə mübahisəli yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar