Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5514/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflərin nikahı Saatlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə Sabirabad regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən AZ-İ seriyalı 383319 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5728/2021 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
2. İddia ərizəsinin və ona etirazın dəlilləri:
3. İddia ərizəsinin dəlilləri
4. İddiaçı övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq hər ay hər birinə görə 193 manat, ümumilikdə 386 manat olmaqla sabit pul məbləğində alimentin, habelə ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Saatlı rayon Məhkəməsi 2(055)- 82/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulmasını, birgə nikahdan olan övladlarının onun yanında qalmasını, övladlarının yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər birinə görə 120 manat, cəmi 240 manat alimentin cavabdehdən tutularaq ona verilməsini qət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(011)- 5728/2021 saylı qətnaməsi ilə alimentin miqdarını artıraraq uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər birinə görə 175 manat, cəmi 350 manat alimentin cavabdehdən tutularaq ona verilməsini qət etmişdir. Qeyd edilən məhkəmə qətnaməsi, həmin dövr üçün yaşayış minimumunun az olduğu, cavabdehin sabit qazancının olmadığı və azyaşlı övladlarının zəruri maddi ehtiyacları nisbətən nəzərə alınmaqla qəbul edilmişdir. Hal-hazırda həmin alimentin miqdarı övladlarının daim artan zəruri maddi ehtiyaclarına görə yetərli olmadığına görə maddi təlabatının əsas hissəsini valideynləri ödəyirlər. Bundan əlavə, övladlarıyla telefon əlaqəsi saxlayan cavabdehin hal-hazırda Rusiya Federasiyasında yaşayaraq işləməsi və normal qazanca malik olması barədə məlumatlıdır. xx.xx.2021-ci ildə nikahın pozulması haqqında şəhadətnaməni götürərkən ona ‘'Kərimova" soyadı verilmişdir və bununla bağlı yeni şəxsiyyət vəsiqəsində müvafiq dəyişiklik edilmişdir.
a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
11. Maddə: 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda— bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
19. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.
22. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
23. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir (§ 16). Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması isə birmənalıdır.
24. Digər tərəfdən, uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsindən artıq olması müəyyən edilmişdir (§ 17).
25. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2021-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
26. Məhkəmə qeyd edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərinə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər.
27. Şərh edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşaqların saxlanması üçün müəyyən edilmiş minimum xərclərin artırılması nəzərə alınmaqla, hazırda həmin aliment onların maddi tələbatlarının ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.
28. Odur ki, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını məhkəmə nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir.
29. Məhkəmə hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
30. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsinin 1 illik məcmusunun 432 manat olduğu nəzərə alınarsa, cavabdehdən tutulan dövlət rüsmunun 30 manat olduğu müəyyən edilir.
31. Məhkəmə mediasiya xərcinin cavabdehdən tutulması məsələsinə münasibətdə hesab edir ki, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarından və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması üçün əsaslar məhkəmə tərəfindən müəyyən olunmadığından, ilkin mediasiya sessiyası keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5728/2021 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment və 50 manat məbləğində ödənilmiş mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı