Məhkəmə qərarları › İş №2(011)-5522/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5522/2023

22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5522/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavabdehdən 2227,40 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iclasların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-392/2022 nömrəli 31 avqust 2022-ci il tarixli hökmü ilə 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. 01 noyabr 2022-ci il tarixdə böyük icra məmuru Rövşən Ağayev tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydası izah edilərək tətbiq edilmişdir. Həmin gün müvafiq iltizamla 01 ədəd mobil qurğu, 1 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq, 01 ədəd mobil qurğunun qoruyucu qabı Cavabdeh təhvil verilmişdir. Sonuncu dəyəri 2227,40 manat olan qurğunu təhvil verməmiş və bununla da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ziyan vurmuşdur. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları - Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-392/2022 nömrəli 31 avqust 2022-ci il tarixli hökmü ilə 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. Onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini qoyulmuşdur. - Cavabdeh 01 ədəd mobil qurğu (Attenti markalı, 35628091 nömrəli), 1 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE19783 nömrəli), 01 ədəd mobil qurğunun qoruyucu qabı təhkim olunmuş, cihaza xidmət etmək qaydaları, cihazın zədələndiyi və ya digər üsulla yararsız hala salındıqda dəyərinin ondan tutulacağı izah edilmişdir ( xx.xx.2022-ci il tairxli Protokol) - Cavabdeh barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 223-cü il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. Lakin cavabdeh tərəfindən ona təhkim edilmiş elektron qolbaq təhvil verilməmişdir. - 01 ədəd mobil qurğu (Attenti markalı, 35628091 nömrəli), 1 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE19783 nömrəli), 01 ədəd mobil qurğunun dəyəri 2277,40 manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 156-1. Qətimkan tədbirləri üzrə elektron nəzarət vasitələrinin tətbiqi 156-1.4. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur. Məhkəmənin mövqeyi: Göründüyü kimi cavabdeh, məhkum olunduğu azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının təmin edilməsi üçün təhkim edilmiş nəzarət avadanlıqlarının salamatlığına əməl etməyə borclu olduğu halda onun tərəfindən 1 ədəd elektron nəzarət vasitəsi komplekti idarəyə təhvil verilməmişdir (qanunazidd, təqsirli hərəkət) nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi zərər dəyməsinə səbəb olan (səbəbli əlaqə) mülki hüquq pozuntusu törətmişdir. Dəymiş zərərin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən tərtib edilmiş qiymət cədvəlinə əsasən elektron qolbağın avadanlıqları ilə birlikdə ümumi dəyəri 2277,40 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bir ədəd elektron nəzarət vasitəsi komplektinin dəyəri olan 2227,40 (iki min iki yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar