Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5572/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5600 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməsi və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 77 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Elvira Mustafayeva adlı tanışı ona zəng edərək öz tanışı X2 qızıl alveri ilə məşğul olduğunu və pul istədiyini, həmçinin özünün zamin olacağını və tanışının pulu qaytaracağını bildirmişdir. İddiaçı inanıb ayrı-ayrı vaxtlarda ümumilikdə 3600 (1600, 1500, 300 və 200 manat olmaqla) manat məbləğində pulu Cavabdeh mobil tətbiq vasitəsilə (kartdan karta) göndərmişdir. Həmin vaxt onlar iddiaçıya 1 ay müddətində pulu qaytaracaqlarını və ayın sonunda da əlavə hörmət edəcəklərini bildirmişlər. Cavabdehin hərəkətlərinə görə iddiaçıya 2000 manat maddi ziyan dəymişdir ki, həmin pulu da cavabdehdən tələb edir. Artıq bir neçə aydır ki, cavabdeh könüllü qaydada pulu qaytarmır. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, cavabdehə 3600 manat məbləğində borc vermiş və aralarında əldə olunmuş razılığa əsasən cavabdeh həmin pulu 1 aya qaytarmalı idi. İddiaçı həmin pulun bir hissəsini "xxxx" ASC-dən kredit əldə edərək cavabdehə borc vermişdir. Götürdüyü kreditə görə banka faiz ödəyir. Bu səbəbdən o, borcdan əlavə olaraq dəymiş zərəri də tələb edir. Həmçinin razılığa əsasən cavabdeh borcla yanaşı iddiaçıya xeyir formasına əlavə ödənişlər də verməli idi. Lakin cavabdeh razılaşmaya əməl etməmiş, şifahi xəbərdarlıqlarına baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, iddiaçıdan 3600 manat məbləğində borc pul almışdır. Lakin, borcu 1 ay müddətinə qaytarmaq şərti ilə deyil, hər ay hissə-hissə olmaqla ödəmək şərti ilə almışdır. Razılaşmaya əsasən cavabdeh əsas borcla yanaşı, iddiaçıya həm də müəyyən faiz həddində əlavə ödəniş də veməyi öhdəsinə götürmüşdür. Bununla bağlı o, iddiaçıya borclu olduğu müddətdə 680 manat pul vermiş, əsas borcu olan 3600 manat məbləğində pulu isə qaytara bilməmişdir. Eyni zamanda, cavabdeh iddia tələbinin 2000 manat olan maddi zərər hissəsini qəbul etməmiş, borc alan zaman kredit götürüb ona verməsi barədə iddiaçı ilə aralarında razılaşma olmadığını bildirmişdir. Sübutların tədqiqi: İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş köçürmə barədə **********7 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə ****3415 nömrəli kart hesabından ****3278 nömrəli kart hesabına 1500 manat məbləğində pul köçürülmüşdür. **********2 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə ****3415 nömrəli kart hesabından ****8260 nömrəli kart hesabına 1600 manat məbləğində pul köçürülmüşdür. **********0 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə ****3415 nömrəli kart hesabından ****3643 nömrəli kart hesabına 300 manat məbləğində pul köçürülmüşdür. **********2 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə ****3415 nömrəli kart hesabından ****1149 nömrəli kart hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş köçürmə barədə RRN kodu AB5058JSİ890 olan qəbzin surətindən görünür ki, 4127******8260 nömrəli kart hesabından 4169*****2627 nömrəli kart hesabına 300 manat məbləğində pul köçürülmüşdür. Köçürmə barədə RRN kodu AB5068MRJ624 olan qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə 4127******8260 nömrəli kart hesabından 5239*****7723 nömrəli kart hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Köçürmə barədə RRN kodu AB5068MRJ8142 olan qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə 4127******8260 nömrəli kart hesabından 4169*****2627 nömrəli kart 145 manat məbləğində pul köçürülmüşdür. Köçürmə barədə RRN kodu AB5068MRK058 olan qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə 4127******8260 nömrəli kart hesabından 5239*****7723 nömrəli kart 35 manat məbləğində pul köçürülmüşdür. İşin müəyyən edilən halları: Tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixində 1500 manat, xx.xx.2025-ci il tarixdə 1600 manat, xx.xx.2025-ci il tarixdə 300 manat və xx.xx.2025-ci il tarixdə 200 manat olmaqla, ümumilikdə 3600 manat məbləğində borc pul vermişdir. Razılaşmaya əsasən cavabdeh iddiaçıya 3600 manat əsas borcdan əlavə müəyyən məbləğdə pul da ödəməli idi. İddiaçı tərəfindən həmin pul vəsaitləri cavabdehin ona təqdim etdiyi ayrı-ayrı bank kartlarına köçürülmüşdür. Cavabdeh tərəfindən də öz növbəsində iddiaçının ona təqdim etdiyi bank kartına xx.xx.2025-ci il tarixdə ayrı-ayrılıqda 300 manat, 200 manat, 145 manat və 35 manat olmaqla, cəmi 680 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cavabdeh tərəfindən qaytarılmış 680 manat məbləğində pul əsas borcdan əlavə tərəflərlər arasında razılaşdırılmış digər ödənişlərlə (haqla) bağlı olmuşdur. İddiaçı hazırda ödənilməmiş 3600 manat məbləğində əsas borcun və 2000 manat məbləğində maddi zərərin cavabdehdən tutulmasını xahiş edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Maddə 742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 3600 manat məbləğində borc pul vermiş, cavabdeh də öz növbəsində həmin borcu və razılaşdırılmış əlavə haqqı iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbinə hüquqi qiymət verilməzdən əvvəl ilk növbədə iddia tələbin əsaslandığı şifahi qaydada bağlanmış əqdin etibarlı olub-olmamasına məhkəmə tərəfindən qiymət verilməli və müqavilənin qanunauyğun forma və məzmunda bağlanıb-bağlanmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan ən zəruri əlamətdir. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Mülki qanunvericilikdə mülki dövriyyənin sabitliyinin qorunub saxlanılması məqsədilə bir sıra əqdlərin forma və ya təsdiq edilmə qaydası müəyyən edilmişdir. Bu normalardan biri də Mülki Məcəllənin 739.2-ci maddəsidir ki, həmin normanın şərtinə əsasən borcun məbləği 3000 manatdan yuxarı olduğu təqdirdə borcun verilməsi barədə müqavilə yazılı formada bağlanmalıdır. Məhkəmə həmin normanın hazırkı iş üzrə mübahisəyə tətbiqi zamanı bir sıra halları qeyd etməyi zəruri hesab edir. Borc müqaviləsinin müəyyən edilmiş formada bağlanmaması heç də hər zaman həmin müqavilənin etibarsız hesab edilməsi ilə nəticələnməməlidir. Belə ki, E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “.. hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur.” Konstitusiya Məhkəməsi Plenum Qərarından da göründüyü kimi, tərəflər arasında bağlanılmış borc müqaviləsi borcun məbləği 3000 manatdan yuxarı olduğu üçün və şifahi qaydada bağlanıldığına görə etibarsız sayıla bilməz. Belə ki, qeyd olunan məbləğlə bağlı yazılı müqavilə şərti sübutetmə yükü ilə bağlı olduğundan, hazırkı mübahisədə də borc müqaviləsinin bağlanması və 3600 manat məbləğində borcun şifahi razılaşmaya əsasən verildiyi işin mübahisəsiz halı olduğundan, məhkəmə hesab edir ki, sözügedən şifahi borc müqaviləsi etibarlı sayılmalıdır. Həmçinin digər yanaşmaya görə Ali Məhkəmənin də formalaşdırdığı hüquqi təcrübəyə əsasən hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə “müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, əqdin, hazırkı halda pul vəsaitinin bağışlanmasının baş verməsinin sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında təsdiq edilməli olduğunu ehtiva edir. İş üzrə müəyyən edilməli olan bu hallar birbaşa sübutlar ilə yanaşı həmçinin tərəflərin məhkəməyə təqdim etdiyi dolayı sübutlar əsasında araşdırılaraq hüquqi qiymət verilməlidir. Borc müqaviləsinin predmeti olan pul vəsaitləri iddiaçı tərəfindən cavabdehin bank hesabına göndərilmiş və bu barədə köçürmə qəbzləri məhkəməyə təqdim edilmişdir. Yuxarıdakı abzasda qeyd olunan mövqedən də aydın olur ki, bank hesabına köçürməni əks etdirən bank sənədləri olduqda müqavilənin yazılı forma tələbinə əməl edilmiş sayılır. Ona görə hazırkı iş üzrə eyni zamanda qeyd eləmək olar ki, borc müqaviləsi bağlanarkən müqavilənin forma tələbinə əməl edilmiş sayıla bilər. Bununla yanaşı məhkəmə qeyd edir ki, borc məbləği ayrı-ayrı vaxtlarda iddiaçı tərəfindən cavabdehə verilmişdir. Yəni, bu onu deməyə əsas verir ki, 3600 manat məbləğində borcun verilməsi ilə bağlı tərəflər arasında vahid müqavilə olmamış, hər fərqli tarixdə verilən borc məbləği ilə bağlı ayrı razılaşma olmuşdur. Bu prezumpsiyanın əksini sübut edən hal iş materialları ilə müəyyən edilmədiyindən, hər bir köçürülən məbləğlə bağlı razılaşmaya şifahi borc müqaviləsi kimi qiymət vermək mümkündür. Bu halı nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan vəziyyətdə hər bir məbləğlə bağlı ayrıca bağlanan şifahi borc müqaviləsi Mülki Məcəllə ilə müəyyən olunan tələblərə uyğun olmuşdur. Əqdin etibarlılıq şərti kimi onun formasına dair şərtlər tətbiq edilərkən məsələyə formal mülahizələrlə yanaşılmamalı, tərəflərin münasibətlərinin həqiqi xarakteri, bu münasibətlərə tətbiq edilən qaydaların məqsədi və şərtləri, o cümlədən mülki qanunvericiliyin əsas prinsipləri nəzərə alınmalıdır. Qətnamənin əsaslandırmasının hazırkı hissəsi ilə bağlı yekun olaraq qeyd edilməlidir ki, yuxarıda sadalanan bütün hallarda tərəflər arasında bağlanılmış şifahi borc müqaviləsi bütün şərtləri ilə etibarlıdır. Belə olan halda tərəflər arasındakı mübahisə Mülki Məcəllənin borcla bağlı hüquqi münasibətlərini tənzimləyən müddəaları əsasında həll edilməlidir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə razılaşmaya əsasən 3600 manat məbləğində borc verməsi işin halları ilə tam sübuta yetirilir. Tərəflər arasında bağlanmış borc müqaviləsinin ləğvi və borcun geri tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilə şifahi qaydada bağlanıldığından, onun ləğvi də şifahi qaydada həyata keçirilmişdir. Belə ki, borcun geri qaytarılması barədə tərəflər arasında şifahi müraciətin olması və danışıqların aparılması məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edilmişdir. Mart ayından etibarən cavabdeh tərəfindən ödənişin olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmişdir. Həmin zaman kəsiyində də məcəllənin müqavilənin ləğvi üçün müəyyənləşdiriyi müddətlərin tamam olması da istisna olunmur. Ona görə məhkəmə hesab edir ki, müqavilənin ləğv edilərək borcun geri tələb edilməsində iddiaçı haqlı olmuşdur. Bununla yanaşı cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 680 manat məbləğində pul vəsaiti ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında borcla bağlı müqavilə bağlanarkən, borclu tərəfindən kreditora əlavə haqqın ödəniləcəyi barədə razılaşma olmuşdur. Müqavilə tərəfləri onun şərtlərini müəyyən etməkdə sərbəstdirlər. Mülki qanunvericilik də belə müqavilə şərtinin razılaşdırılmasını mümkün hesab etmişdir. Hazırkı ödənilən 680 manat məbləğində pulun əsas borcun ödənişi ilə bağlı olmadığı, razılaşdırılmış əlavə haqla bağlı olduğu məhkəmə araşdırması zamanı iddiaçı və ya cavabdeh tərəfindən mübahisələndirilməmiş və işin mübahisəsiz halı olaraq qəbul edilmişdir. İddiaçı tərəf isə iddia ərizəsində 2000 manat məbləğində maddi zərər tələb etmiş, bu zərərin hüquqi əsası kimi həm banka ödədiyi faizlərlə, həm də cavabdehin söz verdiyi əlavə ödənişlərlə bağlı olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı borc verərkən kredit götürüb verdiyini bildirsə də, tərəflər arasında bu barədə, yəni borcun maliyyələşdirilməsi üçün iddiaçı tərəfindən kredit alınıb cavabdehə verilməsi barədə razılaşma olmamışdır. Digər bir tərəfdən, iddiaçı borcun verilməsi məqsədilə bankdan kredit götürdüyünü, borcun kredit vasitəsilə əldə edilmiş pul hesabına verildiyi barədə dəlilini təsdiq edəcək "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarını məhkəməyə təqdim etsə də, məhkəmə həmin sənədləri iş üzrə mötəbər sübut qismində qəbul etmir. Çünki, həmin hesabdan çıxarış vasitəsilə iddiaçının tələbinin bu hissəsini sübut edən hallar müəyyən edilmir. Beləliklə, iddiaçı tərəfindən borc verilərkən kredit götürülmüşsə belə, bu iddiaçının özünün seçimi olmuş və bu kreditə görə banka hər hansı faiz ödənişini cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Eyni zamanda borcla bağlı ödənilməli olan əlavə haqqın məbləğinin 680 manat məbləğindən çox olması ilə bağlı da iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı heç bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 2000 manat məbləğində maddi zərər ödənilməsi hissəsi əsassızdır və ona görə iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Lakin, Cavabdeh tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 56 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3600 manat məbləğində borc və ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq, cəmi 3656 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 21 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №2(011)-5572/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5572/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver